İdman

Qurban Qurbanov: “Bu baxımdan Namiq Yusifov tələblərimizə cavab vermirdi”

“Yeni futbol ili münasibəti ilə hər birinizi təbrik edirəm. Maraqlı qarşışlaşmaya şahidlik etdim. Futbolçularımdan  razı qaldım. Meydanda çox düşünülmüş hücumlar qururduq. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzu edirəm. Bu matçda sadəcə qol çatışmadı. Mövsümün ikinci hissəsi daha çətin olacaq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçı sonrası Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. 

– Ramil Şeydayev nə üçün Azərbaycanda özünü doğrulda bilmir?
– Futbol elə bir oyundu ki, mövsüm boyu bütün görüşlərdə meydana çıxsın, futbolçu da var, cəmi 3 qarşılaşmada forma şansı görsün. Ramil Şeydayev öz üzərində çalışan futbolçudu. Ola bilsin ki, Şeydayevin mövqeyində oynayan digər futbolçular daha uğurlu çıxış edir. Bu səbəbdən də əsas heyətə düşə bilmir. Ola bilsin, gənc oyunçudu, bu səbəbdən də tam adaptasiya ola bilmir.

– Oyundan sonra azarkeşlərlə aranızda dialoq yaşandı. Orada nə baş vermişdi?
– Azarkeşlərə hər zaman hörmətlə yanaşmışam. Ancaq 2 nəfər 15 yaşlı uşaq “Qurban, Qurban” qışqırmağa başladılar. Bu da xoşagələn hal deyil. Onlara daha diqqətli olmalarını söylədim

– Qurban müəllim, gedən futbolçuların əvəzinə transferlər etmədiniz…
– Heyətimiz çox da kəsad deyil. Sadəcə zədəlilərimiz var. Bəli, demişəm ki, futbolçu sayı nə qədər çox olsa, bir o qədər yaxşıdı. Bir oyunçu ilə danışığımız müsbət yekunlaşmaq üzrə idi, lakin alınmadı. Hazırda isə heyətimizdə yer alan futbolçuların hər biri “Qarabağ”a yararlıdı.

– Bu oyuna yığmanın baş məşqçisi kimi baxa bildiniz?
– Xeyr (gülür)

– Köməkçiniz Namiq Yusifovun “Qarabağ”dan ayrılması ilə bağlı nə deyə bilərsiniz?
– Mənim başqa köməkçilərim də olub ki, onlar zaman-zaman “Qarabağ”dan ayrılıblar. Bu normal haldı. Eləsi olub, tələblərimizə cavab verməyib. Eləsi olub, bir başqa səbəbə görə. Namiq Yusifov da bizim tələblərimizə cavab vermirdi. Bilirsiniz, bəzən elə iş ola bilər ki, orda 3 saat yox, 8-10 saat işləmək məcburiyyətindəsən. Namiq Yusifov da bu baxımdan tələblərimizə cavab vermirdi.

– Bəs aşağı yaş qruplarında çalışa bilər?
– Dəqiq bilmirəm, deyəsən Namiqin C kateqoriyası var. Ancaq bu gün Azərbaycanda məşqçi işləmək üçün elmi savadın da güclü olmalıdı. “Mən futbolçu olmuşam, məşqçi işləyə bilərəm” söhbəti olmamalıdı.

– “Qarabağ”ın əsas komandası ilə təlim-məşq toplanışına yollanan Yarsolav Deda əsas heyətə qoşulacaq?
–  Deda təlim-məşq toplanışının 3-cü günü zədələndi. Bir də son 3 gündə davam etdi. Ona görə, Dedaya çox nəzarət edə bilmədim. Ola bilsin çempionatın gedişində Dedaya ehtiyac duyaq. Tək Deda yox, onun kimi başqa gənc futbolçulara da.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43