İdman

Qurban Qurbanov: “Bu il “Neftçi”də alınmadı, gələn il alınacaq”

Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017-ci il mövsümünün sonuncu oyununda “Qarabağ” səfərdə “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Çempionatın son oyunu idi, amma düzgün oynamağa çalışdılar. “Neftçi”yə uğurlar arzulayıram. Bu il onlarda alınmadı. Yəqin ki, gələn il alınacaq.

– Komandanın hazırlıq planı bəllidirmi?

– İyun ayının 1-də Bakıda yığışacağıq. Tam heyət olmayacaq. Çünki bir çox oyunçumuz millidə olacağıq. Yəqin ki, Avstriyada toplanışa gedəcəyik.

– Formal oyun olsa da əsas heyətlə çıxmışdı komanda…

– Zədə barədə düşünməmişdim. Bizim daha çox oyun oynamağımıza ehtiyac var idi. Elə də narahat deyildik. Futbolçu zədələnə bilər. Sırf komandaya uyğunlaşmaları üçün birlikdə oynamaları lazımdır.

– Kubokun finalı haqqında nə fikirləşirsiniz? Sizcə, üstünlük kimdədir?

– Dəfələrlə demişəm ki, kubok tam fərqli turnirdi. Düşünmürəm ki, üstünlük sırf biz tərəfdədir. Hər iki komanda istəklidir. Futbolçularımı kubok oyununadək tam hazır formaya salmağa çalışacağıq.

– Neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırırsız?

– Bunu indi dəqiq demək olmaz. Çünki oraya hansı klubların gələcəyini bilmirik. 10-15gündən sonra bu barədə məlumat  olacaq.

– Abbas Hüseynovla Təmkin Xəlilzadənin “Qarabağ”a keçəcəyi deyilir…

– Sözün açığı, Abbasla maraqlanmışıq. Mövsümün sonunu gözləyirik. Təmikini isə deyə bilmərəm. Çünki bu barədə danışığımız olmayıb.

– Komandadan göndəriləcək futbolçular bəllidirmi?

– Hələ ki, bu barədə məlumat yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43