Layihə

Qurban Qurbanov: “Bütün daşların yerinə oturduğunu düşünürəm” (LAYİHƏ)

“Qarabağ” bu həftənin əvvəlində Antalya toplanışını başa vuraraq vətənə qayıtdı. Ölkə çempionu hazırda bazar günü “Neftçi” ilə keçirəcəyi oyuna öz bazasında hazırlaşır. 3 gün əvvəl Suraxanıya yollanıb, ağdamlıların hazırlıq prosesini yaxından izlədik. Fürsətdən istifadə edib, baş məşqçi Qurban Qurbanovla da söhbət etdik. Ona həm toplanış haqda suallar verdik, həm futbolçulardan danışdıq, həm də mövsümün 2-ci yarısındakı əsas rəqiblər haqda fikirlərini öyrəndik:

– Təlim-məşq toplanışından razı qaldınız?

– Pis keçmədi. Hazırlıq prosesi plan üzrə getdi. Bəzən hava şəraitinə görə proqramımızda dəyişiklik edirdik. Toplanışın əvvəllərində yağışlı hava oldu. Ancaq bu məşqlərimizə ciddi təsir göstərmədi. İlk gündən kollektiv bir yerdə oldu. Ancaq bəzi oyunçular fərdi hazırlıq keçirdi. Bununla belə komandayla bir yerdə idilər. Həkimlərin nəzarəti altında məşq edirdilər. Yoxlama oyunları da yaxşı keçdi. Həm nəticə, həm də oyun baxımından razı qaldım. Son gündə 2 oyun keçirdik. Demək olar ki, hamı oynamaq şansı əldə etdi. Bəzi futbolçular istisna oldu. Ümumən toplanışdan razı qaldım.

– Yoxlama oyunlarındakı rəqiblər güclü idi. Toplanışın əvvəllərində ilk rəqiblərin nisbətən zəif olması münasib olmazdı?

– İlk oyunumuzu yanvarın 15-də keçirdik. Buna qədər hazırlaşmağa xeyli vaxtımız oldu. Adətən ilk yoxlama oyunu üçün nisbətən zəif rəqib seçirik. Amma bu oyuna 10 gündən çox hazırlaşmaq imkanı əldə etdik. Futbolçuların hər biri 45 dəqiqə oynadı. Özüm istədim ki, ilk rəqib ciddi komanda olsun və futbolçular oyuna ciddi yanaşsın.

– Komandanın oyunundan ümumən razı qaldınız?

– Bəli. İkinci oyundan etibarən futbolçulara daha çox oynamaq fürsəti verdim. Bəzi dəyişikliklər etdik. Bütün daşların yerinə oturduğunu düşünürəm (gülür).

– Yeni transferlər komandaya uyğunlaşa bildi?

– Uyğunlaşıblar desəm, yalan olar. Ağabala neçə il fərqli komandalarda və fərqli sistemlərdə oynayıb. Çox istəkli və çalışqan futbolçu olsa da, hələ çatışmayan cəhətlər var. Hələ futbolçulara tam uyğunlaşması üçün hələ bir neçə oyun keçirməlidir. Ancaq adaptasiya üçün çox vaxt tələb olunmayacaq. Çalışqan olduğu üçün verilən tapşırıqları tez bir zamanda yerinə yetirməyə çalışır. Elşən 6 ay idi futboldan uzaq düşmüşdü. Zədəsi vardı. Həkimlərin nəzarəti altındadı. Onun oyun üslubu elədi ki, fiziki formasını bərpa etdikdən sonra çətinlik çəkməyəcək. Ona vaxt vermək lazımdı ki, oyun təcrübəsini geri qaytarsın. Biz ona bu şəraiti yaradacağıq. Onun hazırda ən çox oyun təcrübəsinə ehtiyacı var. Ümumən hər iki futbolçudan razı qaldım.

– Ağabala Ramazanovdan mərkəz hücumçusu kimi, yoxsa cinah oyunçusu kimi yararlanacaqsınız?

– Onu hücumçu kimi transfer etmişik. Ola bilər, sağ və ya sol cinahda, bəlkə də mərkəz hücumçu kimi istifadə edək. Yarımmüdafiədə yetərincə futbolçu var. Onlar bu mövqedə möhkəmlənib.

– Ağabala bir az ipə-sapa yatan futbolçu deyil. Onunla intizam məsələləriylə bağlı fərdi söhbət etmisiniz?

– Onun nə vaxtsa intizamsızlıq etdiyini görməmişəm. Ola bilər, bəzi oyunlarda aqressivlik edib. Bu da normal haldır. Hamı bilir ki, mən intizamsızlığı yaxına buraxmıram. Yəqin ki, bunu Ağabala da bilir. Hər halda, qardaşı Zaur ona söyləmiş olar. Həm məşqdə, həm də oyunda futbolçunun intizamlı olması mənim üçün çox vacibdir. Oyunçu özünü idarə etməyi bacarmalıdır. Neçə gündü bir yerdəyik. Ağabaladan hər hansı bir intizamsız hərəkət görməmişəm.

– Özünüz də qeyd etdiniz ki, Elşən Abdullayev uzun müddət zədə üzündən futbol oynamayıb. Bu futbolçudan mövsümün 2-ci yarısında faydalanmağı düşünürsüz, yoxsa bu transfer gələcəyə hesablanmış addımdır?

– İlk növbədə onun tam sağlamlığını və oyun təcrübəsini bərpa etməliyik. Niyə də bu mövsüm ondan istifadə etməyək?! Çox intizamlı və fərqli xüsusiyyətlərə malik futbolçudur. Elşənin potensialından daha geniş istifadə etməyi çox istərdim. Bu tip futbolçulara daim ehtiyac var. Ancaq bizim istəyimizlə deyil. Gərək özü ikiqat istəklə, əzmlə çalışmalı, intizamlı olmalıdır. İnşallah, birlikdə bunu bacaracağımızı düşünürəm.

– “Transfer pəncərəsi” bağlanana kimi hər hansı futbolçunun keçidi mümkündür?

– Transferimiz bitib deyə bilmərəm. Axtarışlarımız davam edir. Maraqlandığımız futbolçular var. Bu transferlər baş tuta da bilər, tutmaya da. Transfer etməyi planlaşdırırıq.

– Namiq Ələsgərov şəxsən sizin bəyəndiyiniz futbolçulardan idi. Ancaq son vaxtlar oyununda geriləmə müşahidə olundu və yekunda “Neftçi”yə keçdi. Onun geriləməsinə səbəb nə oldu?

– Deməzdim ki, gerilədi. Yığmada olarkən çox ciddi zədə aldı. Bu ona ən böyük zərbə oldu. Sonra yenidən zədələndi. Son vaxtlar oyunundan və peşəkarlığından razı idim. Amma belə futbolçuların daha da artırması üçün daim oynamağa ehtiyacı var. Mən ona maksimum şərait yaratdım. Amma bəzi səbəblər adama mane olur. Fikirləşdim ki, onun daim oynamasına, oyun təcrübəsi qazanmasına ehtiyac var. Onunla bu mövzuda söhbətimiz oldu. “Neftçi” də Namiqi almaq üçün bizə müraciət etdi. Ələsgərova uğurlar arzuladıq. İnanıram ki, özünü “Neftçi”də yaxşı tərəfdən göstərəcək.

– Reynaldo “Qarabağ”da xoşbəxt deyil. “Adanaspor”a transferi gündəmdədir. Bu haqda nə deyə bilərsiniz?

– Onun burda xoşbəxt olub-olmadığı haqda bir şey deyə bilmərəm. İlk növbədə biz özümüz də futbolçudan razı qalmalıyıq. Biz tərəfdən futbolçuya pis münasibət göstərilmir ki, özünü burda xoşbəxt hiss etməsin. Biz buna şərait yaratmırıq. Əksinə “Qarabağ”da rəhbərlik səviyyəsində futbolçuların heç bir probleminin olmamasına çalışırıq ki, yalnız futbol haqda düşünə bilsin. Onda bununla bağlı hər hansı narazılığın olduğuna inanmıram. Təkliflər var idi. Biz də bu təklifləri dəyərləndirdik. Ən real təklif “Adanaspor”dan gəldi. Bu gün səhər Reynaldo komanda ilə məşqdə idi. Axşam Türkiyə klubuyla danışıqlar aparmaq üçün İstanbula yola düşür. Tibbi baxışdan keçəcək və müqavilə ilə bağlı qarşı tərəflə danışacaq. Futbolçunun agenti klubla razılıq əldə etsə, müqavilə bağlanacaq. “Adanaspor”a keçmək ehtimalı çoxdur.

– Əsas rəqibiniz “Qəbələ” yoxlama oyunlarını “yutube” kanalı vasitəsi ilə yayımlamadı. Bu komanda sanki özünü ictimaiyyətdən gizlətdi. Ancaq sizin bütün yoxlama oyunlarınız “yutube”dan canlı nümayiş etdirildi. Bu komandanıza hədsiz inamdan irəli gəlir?

– Yoxlama oyunları ilə çempionat matçları tam fərqlidir. Bəzən elə olub ki, bizim də yoxlama oyunlarımız nümayiş etdirilməyib. Məncə bu çox da ciddi müzakirə olunası mövzu deyil.

– “Qəbələ”nin hər hansı yoxlama oyununu canlı izlədiniz?

– Köməkçi məşqçilərimizdən biri izlədi. Ancaq hələ bu komandayla oyunumuza çox var. 3-cü dövrənin 5-ci turunda “Qəbələ” ilə qarşılaşacağıq. Ona kimi həm “Qarabağ”da, həm də “Qəbələ”də çox dəyişiklik olacaq. Biz hazırda “Qəbələ”ni yox, ilk qarşılaşacağımız “Neftçi”ni düşünürük. “Ağ-qaralar” yeni heyət və yeni oyun üslubuyla qarşımıza çıxacaq. Bəlkə də bizim üçün çempionatın ən ağır oyunu olacaq. Bu qarşılaşmaya çox ciddi yanaşmalıyıq. Bu səbəbdən hələ “Qəbələ” haqda düşünmürük. Bu oyunlarda hələ çox dəyişikliklər olacaq.

– Bu mövsüm yalnız “İnter”i məğlub edə bilməmisiz. Ancaq bu komandanın aparıcı oyunçularından Ağabala Ramazanov sizin komandanıza keçdisə, Ruslan Abışov “Neftçi”yə transfer olundu. Bundan sonra “İnter”lə oyunlarınızın daha asan keçəcəyini düşünmək olar?

– Yox, mən belə fikirləşmirəm. “İnter”in elə oyun üslubu var ki, istənilən futbolçu gedənin yerini doldura bilər. Qarşıdakı oyunlarda bu komandanın hansı heyətlə və hansı oyun modeliylə oynayacağını görəcəyik. Bundan sonra bu haqda danışmaq olar.

– Çempion olmayıb kuboku qazansaz, bu nəticəni uğursuzluq sayacaqsız?

– Heç nəyə zəmanət yoxdu. Bir komandanın bu il çempion olubsa, gələn il də titulunu qoruyacağını əminliklə söyləmək olmur. Biz çempionluq uğrunda mübarizə aparırıq. Mövsümün sonunda arzumuza çatmasaq, vəziyyətə baxacağıq. Görək öz oyunumuza, yoxsa digər səbəblərə görə çempion ola bilmədik. Bu haqda ancaq mövsümün sonunda düşünə bilərik.

– Stadionunuzun ot örtüyündə saralma müşahidə olunur. Bu sizi narahat etmir?

– Qazonun vəziyyəti ilə tanışam. Onsuz da qış aylarında belə durum yaşanır. Ümumi vəziyyət pis deyil. Hava şəraiti problem yaratmasa, qazona qulluq edən əməkdaşlarımız əlindən gələni edəcək ki, ot örtüyünün durumu yaxşılaşsın. Qazonun bu vəziyyəti müvəqqətidir.

– Rəşad Sadıqovu məşqdə görmədik. Onun zədəsi var?

– Bu gün səhər məşqdə olub. Bir-iki fərdi məşqdən sonra komandaya qoşulacaq. Çalışacağıq ki, onu “Neftçi” ilə oyuna kimi tam hazır vəziyyətə gətirək.

newsport.az

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43