Kateqoriyasız

Qurban Qurbanov: “Çalışırıq ki, oyunlarımız Bakıda olsun”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında söyləyib:

“Torpaqlarımız yavaş-yavaş qayıtmağa başlayır. Xüsusilə, Füzulinin alınması böyük uğur oldu. Allah ordumuzu qorusun. Gəncədəki hadisə hamımıza məlumdu, bu gün futbol oynasaq da, bu hadisələrlə bağlı daha çox düşünürük. Hamımız üzülürük, oyundan çox danışmaq istəmirəm. Qalib gəldik, baxmayaraq ki, ölkədə vəziyyət başqadı. Çalışırıq ki, biz də “Qarabağ”ın üzərinə düşəni edək. Bir neçə gün vaxtımız var, Avropa Liqası matçına hazırlaşacağıq. Ölkəmizi layiqincə təmsil etmək istəyirik. Oyun 3:0 hesabıyla bitsə də, asan olmadı. Matçdan əvvəl “Qəbələ” haqda futbolçularımla danışmışdım. Rəqib aqressiv oyun oynadı. Vacib 3 zal qazandıq”.

Təcrübəli mütəxəssis ön cəbhədə olmaq istədiyini, ancaq öz işlərinə düşəni yerinə yetirməli olduqlarını deyib: “Müharibə olmayan yox, müharibə olan yerdə aktiv olmaq istəyirik. Hərənin öz üzərinə düşən vəzifəsi var. Bizim işimiz də bacardığımızı etməkdir. Burda çalışıb özümüzü elə idarə etməliyik ki, bizim də dəstəyimiz olsun. Tək bununla yox, həm də virusa qarşı çalışmalıyıq ki, özümüzü sağlam saxlayaq. Əsas vəzifəmiz onların işinə qarışmamaqdır. İstəyirik ki, biz də arxa cəbhədə yox, ön cəbhədə olaq. Amma burda da öz üzərimizə düşəni etməliyik”.

Qurbanov Avropa Liqasınd akomandasına güvəndiyini və matçların Bakıda keçiriləcəyini söyləyib:

“Əlimizdə olan heyətlə Avroliqanın qruplarına vəsiqə qazandıq. Komandama güvənirəm və düşünürəm ki, daha yaxşı oyun göstərəcəyik. Bu günə olan məlumata görə, ev oyunlarımızı Bakıda keçirməliyik. Problem oyunun gec başlamasıdı. İlk olaraq çalışırıq ki, oyunlarımız Bakıda olsun. Hələ “yox” cavabı almamışıq, amma bu olan halda, düşünəcəyik”.

Baş məşqçi qarşıda komandanı gözləyən sıx qrafik barədə də fikirlərini bildirib:

“Çətin olacaq desəm, indidən özümü sığortalamış olacam. Belə hallarda komandanın işi çox olur. Üstünlüyümüz Avropa Liqasındakı oyunlarda 5 dəyişikliyin olması olacaq. Zədəlilərimiz olur və bunu tam düzəldə bilmirik. 6-7 aylıq fasilədən sonra futbolçular tam formalarını bərpa edə bilmir və zədələnir. Düzü, heyətimizdəki gənc oyunçulara çox güvənirəm. Düşüncələrimdə cavanların əsas komandanın daxilində olması var idi. Düşünürəm ki, yaxşı olacaq. Mən problem olduğu anda həll etməyi sevirəm. Əlimdə olan futbolçularla yaxşı oyun göstərməyin problem olmayacağını düşünürəm. Çətin olmayacaq. Təcrübəmiz buna imkan verəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43