İdman

Qurban Qurbanov: “Cavid Hüseynovla ciddi söhbətimiz olacaq”

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Qırğızıstan yığmasına qarşı yoldaşlıq oyunuöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.com həmin müsahibəni təqdim edir.

Təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Millətlər Liqasından öncə son toplantımızdı. Futbolçularımızı hər oyuna daha yaxşı hazırlamağa çalışırıq. Əvvəl də bir yerdə olsaq da, bu bizim üçün azdı. Get-gedə futbolçuların öz işlərinə daha ciddi yanaşmağa başladıqlarını görürəm. Qarşıdakı oyunlarda onların özlərini yaxşı tərəfdən göstərəcəklərinə inanıram.

– Millətlər Liqasına vaxt az qalır. Demək olarmı ki, bu yekun heyətdi?
– Deməzdim. Həmişə çağırılan futbolçular çoxluq təşkil edir. Amma axtarışdayıq. Çalışırıq ki, daha hazırlıqlı futbolçular olsun. Bəzi mövaqelər var ki, oyun təcrübəsi aşağı olan futbolçulara üstünlük veririk. Gələn toıplantıda yenə yeni simalar ola bilər. Amma çox olmayacaq onların sayı.

– Rəqibin hücumçusu Türkiyənin III Liqasında oynayır…
– Heç bir komandaya qarşı mənfi fikirdə olmamışam. Zəif və güclü cəhətlərini analiz edirik. Hər halda milli komandadı. Kimin harda oynaması önəmli deyil. “Qarabağ”da da ilk oyunları zəif komandalara qarşı keçirməyə çalışırıq. Kİ, futbolçular daha yaxşı hazırlaşsınlar, istədiklərimizi göstərsinlər. Mən Qırğızıstana zəif rəqib gözü ilə baxmıram. Millidə futbolçular fərqli oynayırlar, istək daha çox olur. Bu rəqibi çox ciddiyə alıram.

– Yığmanın bir çox futbolçusu “Qəbələ” – “Keşlə” finalında olacaq. Onların oynayıb oynamayacağı ilə bağlı bağlı son qərarı vermisizmi?
– Onları oyuna buraxmayacağıq. Çünki yaınız 1 gün keçmiş olacaq.

– Yığmanın kapitanı Kamran Ağayev də həmin matçda olacaq. Yeni kapitanı seçmisiz?
– Kapitan məsələsinə baxılacaq. Oyun günü tam bəlli olacaq.

– Riçard Almeyda doğrudan da zədəsinin ciddiliyinə görə düşərgədən kənarlaşıb, yoxsa başqa klubla danışıq üçün?
– Zədəsi ciddidi. Çümpionatda da son iki oyunu buraxdı. Qarşıdakı oyunlarda da bizə kömək edə bilməyəcək.

– Futbolçuların yalnız oyun yox, insani keyfiyyətlərinin də vacib olduğunu demişdiz. Cavid Hüseynov yenə intizamsızlıq etdi…
– Belə şeylərə çox diqqət edirəm. Onun hərəkətindən narazıyam. Keçən toplantıda sıralarımızda yox idi. Əfsuslar olsun ki, bu, təkrarlanır. Belə hərəkətlər məni narahat edir. O, milli üçün vacib futbolçudu. Matçdan sonra ciddi, ətraflı söhbətimiz olacaq.

– Növbəti toplanışlarınızda legioner futbolçuların çoxalmasını gözləmək olar? Məsələn, Azər Əliyev və Deniz Yılmaz dəvət alacaqmı?
– Dəfələrlə demişəm ki, çempionatımızın səviyyəsi aşağıdı. Bu gün əlavə futbolçulara ehtiyac var. Deyə bilmərəm ki, onlar komandada olacaqlar, ya yox. Daim oyunları izləyirik, baxırıq. Futbolçular çoxdu. Adlarını açıqlamaq istəmirəm. Buna ehtiyac var. Qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Daha yaxşı çempionatlardan oyunçu cəlb etmək bizə fayda verər. Belə fikrimiz var.

– Kamran Ağayev kapitanlığa layiqdi?
– Ondan hər an nəsə gözləmək olar. Kamranla bir neçə söhbətimiz olub. Dəyişiklik var. Amma təəssüf ki, bəzən xasiyyətindən əl çəkmir. Millinin ən təcrübəli futbolçusudu. Uzun illərdi yığmadadı və kapitanlığı haqq edir. Amma bu onun dəyişilməyəcəyi anlamına gəlmir. Hələ ki odu.

– Məlumata görə, “Qarabağ”ın yerli futbolçularına da yaxşı təkliflər olub, amma getməyiblər…
– Açığı, konkret təklif alan futbolçumuz olmayıb. Bəlkə hansısa menecerlər onlarla maraqlanlblar. Amma konkret kluba təklif gətirən olmayıb.

– Yığmada ən problemli mövqe hansıdı?
– Problemi olmayan nə yığma var, nə də klub. Potensiallı futbolçularımız var. Çox istəmişəm ki, daha güclü çempionatlarda oynasınlar. Çempionatımız digərlərindən geri qalırsa, oyunçunun da praktikası, bacarıqları aşağı düşür. Amma bütün futbolçular bu gün millidə maksimum çalışırlar. Onlardan razıyam. O məsuliyyəti onlarda görürəm. Bu toplantıda daha çox hiss etdim bunu.

– Raid Əmirquliyev və Ağabala Ramazanov “Qarabağ”da istənilən səviyyədə çıxış etmədikləri üçün komandadan ayrıldılar. Onların milli karyeralarının da bitdiyini düşünmək olar?
– Bunu normal qarşılayıram. Futbolçu karyerası həmişə eyni səviyyədə ola bilməz. Onların hər birinin daha çox oynamağa ehtiyacı var. Onların milli karyerasının bitdiyini demək olmaz. Hələ də namizədlərdəndilər. Yeni klublarında özlərini yaxşı tərəfdən göstərsələr, dəvət ala bilərlər.

– Son zamanlar zədəli olan Araz Abdullayev, Bədavi Hüsrynov və Ufuk Budakın vəziyyəti necədi?
– Arazda hər şey yaxşıdı. O qədər də uzun müddət zədəli olmadı. Son matçlarda bir qədər az müydanda oldu. Fiziki durtumu yaxşıdı. Bədavidə hər şey yaxşılığa doğru gedir. Son günlər tam olaraq hazır idi. Millidə də komanda ilə birgə hazırlaşır. Oyun təcrübəsi azdı. Bu oyunların hansındasa ona şans verə bilərik. Millətlər Liqasına kimi tam hazır olacaq. Ufukun dutrumunun yaxşı olmadığını bilirdik. İki aydan çox oynamadı. O, “Qarabağ”da bir müddət hazırlaşdı. İstəyirdim ki, formasını bərpa etsin. Fiziki durumu ideal deyil, amma yaxşılığa doğru gedir. Formasını bərpa etsə, şans qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43