Müsahibə

Qurban Qurbanov: “Gücümüz elə də çox deyil ki, ehtiyatda saxlayaq” (MÜSAHİBƏ)

“Qarabağ” sabah  Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, bu gün təşkil olunan oyunöncəsi mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlci matç barədə fikirlərini bildirdi:

“Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var. Bunları bilirsiz. Hər şey ideal deyil. Çalışacağıq ən yaxşı oyunumuzu göstərək”.

– Yeni transferləri sabah start heyətində görə biləcəyikmi? Bir də Almeydanın vəziyyəti nə yerdədi?

– Yox, yeni transferlər hələlik start heyətində olmayacaqlar. Almeydanın da oynayıb-oynamayacağı sual altındadı.

– Komandanın hazırlıq vəziyyəti sizi qane edirmi?

– Tam hazır olduqlarını deməzdim.Hazır deməzdim. Bu oyunda lazım olanı edəcəklər. Onlardan ən yaxşı oyunu istəyə bilmərəm. Toplanışdan bu yana çox dəyişikliklər olub. Bəzi oyunçular hazırlığa gec qoşuldular. Çalışdıq ki, hamısı eyni səviyyədə olsun. Məncə, pis alınmadı.

– Dani Kintana komanda ilə birgə məşq edirmi?

– Yox, o, hələlik ayrı açlışır.

– “Qəbələ”nin məğlub etdiyi “Samtredia” ilə indiki arasında hansı fərqlər var?

– Tam fərqlidi. Bu günkü ilə keçənilkini müqayisə etmək olmaz. Futbol çox sürətlə dəyişir. Həm oyunçular, həm məşqçilər. Tam fərqli rəqiblə üzləşəcəyik. Bu il oyun sistemlərini üç dəfə dəyişiblər. Hər oyuna ayrı modellə çıxa bilirlər. Bu baxımdan müqayisə etmək düz olmaz.

– Belə xəbərlər dolaşır ki,  yeni transfer etməyinizçün mərhələ keçməyiniz lazımdı…

– Transferlərin mərhələ keçməklə heç bir bağlılığı yoxdu. Sadəcə oyunçu almaq çox çətindi. Bəlkə də ən çox futbolçu izlədiyimiz, axtardığımız transfer pəncərəsidir. Təəssüflər olsun ki, istədiyimiz oyunçuları əldə edə bilmirik. İmkan daxilində yenə trasnferlər etməyə çalışacağıq. Bunun mərhələ keçməklə bağlılığı yoxdu.

– Dünənə olan məlumata görə, 9 min bilet satılmışdı. Azarkeşlərin oyuna marağı necədi?

– Azarkeşlərin arasında olmamışam. Bir şeyi dəqiq deyə bilərəm ki, hamı bizim oyunla maraqlanır. İnanıram ki, stadiona da gələcəklər. Borcumuz yaxşı, baxmılı oyun göstərməkdi. Onların sayından asılı olmayaraq bunu etməyə çalışacağıq. Onlar da bizdən qələbə gözləyirlər.

– Yoxlama oyunlarının hamısında uduzduz. Bu məğlubiyyətlər sizə necə təsir etdi? Nəticə önəmli olmasa da…

– Nəticə həmişə bizim üçün önəmlıidi. Uduzmuşuqsa, deməli nəyisə düz etməmişik. Nə qədər ki, azarkeşlər narahatdı, bundan çox mən narahatam. Məni bir qədər arxayınlaşdıran odur ki, toplanışda buraxdığımız səhvləri aradan qaldırmaq o qədər də çətin deyil.  Əslində bunları bütün il boyu edirik. Sadəcə yoxlama oyunlarında daha çox üzə çıxdı. Bunlardan da rəqiblər istifadə etdi. Ancaq həmin futbolçular il boyu bu səhvlərin qarşısını almağa maksimum çalışıblar. Yoxlama oyunlarındakı səhvlər avrokuboklarda olmayacaq.

– Gürcüstan klubları hücuma çox çıxan və müdafiədə səhvə yol verən olurlar. “Qarabağ” isə belə məqamlardan yaxşı yararlanır…

– Bu turnir elədi ki, bütün komandalar daha az səhv etməyə çalışır. Hamı bunları müzakirə edir. İnanmıram ki, çempionatda gördüyümüz “Samtredianı sabah meydanda görək.

– Azarkeşlər “Qəbələ”nin 5:1 hesablı qələbəsindən daha artığını “Qarabağ”dan gözləyirlər. Komandaya bu baxımdan sərbəstlik verəcəksizmi, yoxsa gücə qənaət edəcəksiz?

– Bizim hazırkı gücümüz elə də çox deyil ki, ehtiyatda saxlayaq. Bütün gücümüzü meydanda qoyacağıq. Həmin nəticəni tyəkrarlamaq, ya da geridə qoymaq istəmirik. Əsas işimiz komandanı meydanda düzgün idarə etmək və mərhələ adlamaqdı. Hər hansı başqa düşüncəmiz yoxdu. İlk növbətə oyun disiplinimizi qorumağa çalışacağıq. Azarkeşlərimiz üçün baxımlı, nəticəli oyun göstərməyə çalışacağıq. Hətta uduzduğumuz oyunlarda da onlar çox zaman stadiondan razı ayrılıblar.

– 3 klubumuz da Avropa Liqasının II təsnifat mərhələsində oynayacaq. Onlarla bağlı fikirləriniz matraqlıdır…

– Hərm “İnter”, həm də “Zirə” yaxşı təsir bağışladılar. Dəfələrlə demişəm ki, Avropa arenasındakı hər bir qələbəmiz ölkə futbolunun inkişafına təsir edir. Bunlar hamısı bizim üçün vacibdi. Hər iki klubun mərhələ adlaması alqışalayiqdi. Komandalarımızın üçünə də uğurlar arzulayıram. Biz də daha diqqətli, ciddi olmalıyıq. Bu qələbələrlə azarkeşləri daha da çox stadionlara cəlb edə, futbol funksionerlərini də stimullaşdıra bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43