Ölkə futbolu

Qurban Qurbanov; “Hədəfimiz qol buraxmamaqdı”

“Çox vacib oyuna çıxırıq. Avrokuboklarda, Çempionlar Liqasında təcrübəsi, öz dəsti-xətti olan komandaya qarşı oynayacağıq. Yaxşı hazırlaşmışıq. Rəqib də bizim qədər qalib gəlmək istəyir. Səhvsiz oynamağa, əlimizdən gələni etməyə çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə Bakıda keçirəcəkləri ilk matçdan keçirilən mətbuat konfransında söyləyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Rəqibin hansı üstün cəhətlərini qeyd edərdiniz?

– Çox intizamlı komandadır. Çox rahat şəkildə müdafiə olunmağı və hücum etməyi bilirlər. Rəqibin heyətində meydanda 11 düşünən, nə etdiyini bilən futbolçu var. Avrokubokda motivasiya tam başqadır. Öz çempionatlarında rəqibləri daha yaxşı tanıyırlar, bir neçə epizodla qalib gələ bilərlər. Amma burada vəziyyət fərqlidir. Rəqib də buna uyğun oynayır.

– Beşinci matçda komanda optimal formada olacaq?

– Hələ optimal forma yığmamışıq. Bəzi futbolçular komandaya gec qoşulublar.

– Rəqibin baş məşqçisi bildiridi ki, “Qarabağ”ı keçməmək onlar üçün sürpriz olacaq. Bu fikirlə razısınız?

– Buna fikir bildirməsəm, daha yaxşı olar. Hər komanda rəqibə qarşı fərqli hazırlaşır. Onların necə hazırlaşdıqlarını bilmirik. Bu səbəbdən münasibət bildirmək düzgün olmaz.

– “Kukesi” ilə görüşlərdə dəyişiklər etdiniz. Bu dəfə də Rəşad Sadıqov əsas heyətdə olacaq?

– Oyundan əvvəl heyəti demirəm. Hər bir futbolçunun meydana çıxmaq şansı var.

– İlk oyun üçün hədəf nədir?

– Son vaxtlar ilk matçın evdə və ya səfərdə keçirməyə fərq qoymaqla bağlı fikirlər azalıb. Böyük komandalar belə, evdə uduzurlar, səfərdə qalib gəlirlər. Minimum hədəfimiz var – qol buraxmamaq. Hər oyuna qalib gəlmək fikri ilə hazırlaşırıq.

– BATE son səfər matçlarında qalib gəlir…

– Bizdə də belə hallar olub, səfərdə sərfəli nəticə əldə etmişik. Bir oyunla hər şey həll olunmur. Cavab qarşılaşması da var. Rəqib haqda ətraflı məlumat toplamağa və futbolçulara çatdırmağa çalışmışıq.

– “Qəbələ” əvəzedici komandasını I diviziona buraxmaqdan imtina etdi. “Qarabağ” da bu cür addım ata bilərmi?

– Buna fikir bildirmək düzgün çıxmaz. Öz klubumuza cavabdehik. “Qarabağ”ın əvəzedici komandası I divizionda çıxış edəcək. Onlar uzun illərdir Azərbaycan futboluna xidmət ediblər və inkişafda pay sahibidirlər.

– Əsas gücünüzü BATE ilə oyunlara saxladığınızı söyləmək olar?

– Belə bir fikrimiz yoxdur. Biz hər oyuna xüsusi yanaşırıq (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43