İdman

Qurban Qurbanov: “Hakimin səhvi olsun, amma başqa fikirləri olmasın”

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin son turunda “Fiorentina”nı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, oyundan əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Qrupda son oyunumuzdu. Hər bir oyun digərindən vacibdi. Bu oyun isə bütün oyunlardan vacibdi. Başa düşürük ki, əlimizdə böyük bir şans var. Bundan istifadə etmək istəyirik. İstərdik ki, yaxşı nəticə əldə edək. Amma rəqibimiz də “Fiorentina” kimi güclü komandadır. İtaliya klublarına qarşı oynamaq çətindir. Çalışacağıq ki, çox diqqətli olaq. Bu oyunda daha çox diqqətli olmalıyıq.Futbolçuların üzərinə çox böyük məsuliyyət düşür.

– Bu günə kimi böyük ölkələrin təmsilçilərinə qarşı heç də pis oynamamışıq. Sabah “Qarabağ”a nə mane ola bilər?

– Belə oyunlarda rəqib bizə mane olur. “Fiorentina” fərqli üslubda oynayır. Əvvəlcədən dediyim ki, çox diqqətli olmalıyıq. Meydanda taktiki gedişləri tez-tez dəyişirlər. İtaliya klubları topla oynamağı sevməsələr də, Paulo Souza daha çox topa nəzarət etməyi sevir.

– Rəşad Sadıqov sabah meydanda ola biləcək?

– Oynamaq ehtimalı var. İndi elə bir andır ki, qərarı özü verəcək. Onda diz zədəsidir. Mən istəyirəm ki, Rəşad meydanda olsun. Amma son qərarı özünə buraxacam. İnsan öz problemini daha yaxşı bilir.

– Komandada təzyiq var?

– Ümumiyyətlə, futbol digər idman növlərindən fərqlənir. İlboyu yarışlar davam edir. Nəticə vermək üçün daha çox çalışmalısan. Komandada psixoloji hisslər varsa, mən buna şad oluram. Çünki futbolçular məsuliyyətli olduqları üçün təzyiq altında ola bilərlər. Biz nə qədər istəsək də, azarkeşlər qələbəni hamımızdan çox istəyir. Mən məğlub olmaqdan heç vaxt qorxmamışam. İstəmişəm ki, azarkeşlərimizi məğlubiyyətlə üzməyək.

– İki il öncə də son turda italyan klubu “İnter”lə qarşılaşmışdız. Bu oyunda hakim haqsızlığı ilə bağlı narahat deyilsiz ki?

– Həmin oyun bir qədər fərqli idi. “İnter” növbəti mərhələyə vəsiqəni təmin etmişdi. İndi isə daha çətindi. O ki qaldı hakimliyə, həmişə hakimlik barədə danışmıram. Bizim hakim barədə düşünməyə vaxtımız yoxdu.

– Baş hakim İvan Bebek ötən mövsüm “Braqa” – “Fənərbağça” matçında qərəzli qərarları ilə yadda qalmışdı…

– Hakimlik mövzusundan hər zaman uzaq durmuşam. Səhv etməyən hakim görməmişik. Təki səhvi olsun, amma başqa fikirləri olmasın. Bizim bu haqda fikirləşməyə çox vaxtımız yoxdur.

– Sabah bütün diqqətiniz bu oyunda olacaq yoxsa bir qulağınız Salonikidəki oyunda?

– Sırf olaraq bu oyunda. Amma nəticəni mənə oyununun gedişində mənə məlumat verəcəklər. Təbii ki, o oyunun nəticəsi də bizə lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43