Ölkə futbolu

Qurban Qurbanov: “Həmin görüşdə uduzmasaydıq…”

“Futbolçularımı təbrik etmək istəyirəm. Qələbə üçün əllərindən gələni etdilər”. 

İdmanxeber.com-un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Höteborq”u qəbul edib. İlk görüşdə İsveçdə minimal hesabla (0:1) məğlub olan “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda bunun əvəzini artıqlaması ilə (3:0) çıxaraq, qrup mərhələsinə vəsiqə qazanıb.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Möhtəşəm azarkeşlərimizi, rəhbərliyi və sizi təbrik edirəm. Çətin turnir oldu. Çempionlar Liqasındakı məğlubiyyət bizə təsir etdi. Amma tez bir zamanda hamı başa düşdü ki, bu, futboldu, belə hallar olur. Futbolçuların yüksək motivasiyası bu gün bizə qələbə qazandırdı. Ardıcıl 3-cü ildi qrupa düşdüyümüz üçün sevinirəm. Həmçinin “Qəbələ”yə də uğurlar arzu edirəm. İndi də onların oyununu gözləyirik. Tez gedib, onların da oyununa baxmaq istəyirəm. Böyük ölkələrin komandaları nə qədər çox gəlsə, bizim üçün çox vacibdi”.

 

– Dünənki mətbuat konfransından sonra korner yadınıza düşdü, yoxsa əvvəldən planda var idi?

– Bir az başqa cür etdik. O zona boş qalırdı. Rəşad da bundan istifadə etməyi bacardı.

 

– “Qarabağ” qrup mərhələsini də adlaya bilərmi?

– Hələ püşkatmaya baxacağıq. İki il ardıcıl şansımız oldu. Bu gün şadam ki, minimum vəzifəni yerinə yetirdik. Ola bilsin ki, qrupda bu dəfə daha rahat oynadıq. Çünki futbolçular daha təcrübəlidilər. Müəyyən səviyyəyə gəlib çatmışıq. İlk növbədə bunu qorumağa çalışacağıq. İnşallah, qrupdan da çıxarıq.

 

– Rəqibin baş məşqçisi dedi ki, “Mançester Yunayted”lə düşsəniz, onları parçalamağınızı arzu edirəm…

– Bizim öz arzularımız var. Çalışırıq işimizdə düzgün, səbrli olaq. Kimlərinsə arzularını yerinə yetirmək üçün çalışmırıq. İşimizin dəyərini bilməyi düşünürük. Belə olsa, nəticə özü gələcək.

 

– Bu oyunda rəqibin müdafiəsində boşluqlar yarandı. Bunu nə ilə əlaqələndirmək olar?

– Çünki rəqibi artıq daha yaxşı tanıyırdıq. Həm də öz meydanımızda çıxış edirdik. Rəqib də öndə idi, müdafiəyə daha çox diqqət ayırmışdılar. Bu da işimizə yaradı. Pressinq etsəydilər, bizə çətin olardı. İstədilər ki, İsveçdəki oyunu təkrarlasınlar. Amma bizim də başqa yolumuz yox idi.

 

– Meydançanın durumu bərbad idi. Olmaz ki, növbəti görüşü Olimpiya stadionunda keçirəsiniz?

– Mən də oyunun gedişində narahat idim ki, hansısa futbolçu zədə ala bilər. Şükür ki, hamısı sağlam oldu. Hələ bir qərar verə bilmərik. UEFA da yəqin ki, öz etirazını bildirəcək. Hətta oyundan sonra UEFA nümayəndəsi bunu qeyd etdi. Fikirləşirik ki, qrupda ilk oyunu səfərdə keçirsək yaxşı olar ki, vaxt udaq. Bu stadiona öyrəşmişik.

 

– Oyunun gedişində düşünmədiniz ki, biz bu rəqibə səfərdə niyə uduzmuşuq?

– Xeyr, belə düşünədim. Həmin görüşdə uduzmasaydıq, bəlkə də, daha rahat çıxardıq və belə çıxış etməzdik. Burda üstünlük bizim tərəfimizdə idi. Azarkeş dəstəyi də bizə əlavə motivasiya verirdi. Meydanın durumu yaxşı olmasa da, uşaqlar çalışdılar nəticə versinlər. Səfərdəki matçdan fərqli bir neçə hesablanmış hücum qurduq. Künc zərbələri belə, istədiyimiz kimi alındı.

 

– Elvin Yunuszadə bu gün pis təsir bağışlamadı. Amma topu qəbul edəndə daha çox qapıçıya ötürürdü. Bu sizin tapşırığınızdı, yoxsa özünə inamı yoxdu?

– Elvin bir oyuna görə tənqid olundu. Daha çox həmin vaxt mən tənqid olundum. Elvin ötən mövsüm birinci dövrədə hətta Rəşad Sadıqovdan da çox oyun keçirmişdi. Oynamayanda praktika itir. Düzdü, xarakterində zəiflik var, oynamaq üçün daha istəkli olmalıdı. Amma belə görüşlərdə özünü yaxşı göstərə bilir. O, bizim 3 əsas müdafiəçimizdən biridi. Hər bir futbolçunun borcudu ki, öz şansını gözləsin. Bəzi futbolçularda bu amil çatışmır. Elvində bir az boşluqlar var. Hələ tam bacarmıram, amma hələ vaxtımız var.

 

– Bədavi meydanda olmayanda, həmin mövqedə axsama olur. Müdafiəçi almağı düşünmürsüz?

– Açığı, maraqlanırdıq. Amma bəzən oyunçuların sayını artırıb, digərlərinin önünü kəsmək istəmirik. Limitə görə, Elvin kimi futbolçuya ehtiyac var. Hələ qəti qərar verməmişik. Bir neçə varianta baxmışıq. Hərtərəfli sərf edən variant olsa, bir mərkəz müdafiəçisi ala bilərdik. O ki qaldı qapıçıya ötürmə verməsinə, rəqibin hücumçusu ona çox yaxın oynayırdı. Buna görə də, düzgün addım atırdı. Ortaya çox pas olmasını istəmirdim. Çünki meydanın o hissəsində problem var idi. Rəşad təcrübəli olduğu üçün ötürmə verirdi.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43