Ölkə futbolu

Qurban Qurbanov: “İlham Əliyevin zəng etməsi mənə böyük motivasiya verdi”

“Qarabağ”a ilk gələndə prezident Abdulbari Gözəl mənə “Heydər Əliyevə söz vermişəm ki, bu klubu Avropada tanıdacam” dedi. Mənim üçün bundan böyük motivasiya ola bilməzdi. İşə də bu hisslə başladım. İlk ilimdə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq, UEFA kubokunda pley-offa qədər irəlilədik. Bu, həmin dönəm üçün çox ciddi nəticə idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Anadolu” dövlət agentliyinə müsahibəsi zamanı deyib. Təcrübəli mütəxəssis daha sonra belə davam edib:

“Qarabağ” adını yaşatmaq üçün rəhbərliklə bərabər yaxşı işlər gördük. Çox şükür, nəticəsi də ortadadır. Biz bütün məsuliyyətimizlə, ürəydən çalışırıq. Ən böyük motivasiyamız bu komandanın adıdır. İkinci Qarabağ müharibəsindən sonra heyətdəki legionerlər də bunun önəmini anladı”.

Qurbanov ötən il Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən MOİK görüşünü də xatırlayıb:

“Çox böyük gün idi. Oyunu izləyənlər arasında prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və şəhid övladları da var idi. Unutulmayacaq bir gün oldu”.

51 yaşlı mütəxəssis qardaş Türkiyə dövlətindən özlərinə böyük maraq olduğunu da bildirib:

“Bir azərbaycanlı, türk olaraq qardaş xalqa təşəkkür edirəm. Biz həqiqətən də qardaşıq, həmişə bir-birimizin yanında oluruq. Sevincdə də, kədərdə də birlikdəyik. Türk xalqına böyük sevgim və hörmətim var. Bizi öz klubları kimi görürlər. Səfərlərdə türkiyəli azarkeşlər bizə hər zaman dəstək olurlar”.

Qurban Qurbanov Avropa Liqasında pley-offa vəsiqə qazandıqlarında ölkə başçısı İlham Əliyevin ona zəng etdiyini bildirib: “Prezidentin mənə zəng etməsi ən boyük motivasiya mənbəyi oldu”.

“Qarabağ”ın çalışdırıcısı Avropa Liqası 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” oyunu barədə də danışıb:

“Qrup mərhələsində bu komanda ilə üz-üzə gəlmişdik. Hər iki görüşdə də məğlub olduq. “Bayer” Avropanın ən yaxşı komandalarından biridir. Belə klubların Azərbaycana gəlməsi ölkədə futbolun sevilməsinə böyük təkan verəcək. Böyük, güclü rəqibə qarşı çıxış edəcəyik. Futbolçularım yenə o hisslə, əzmkarlıqla mübarizə aparacaq, azarkeşlər daha bir maraqlı görüşün şahidi olacaq. Uduzsaq da, meydandan sona qədər mübarizə aparacağıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43