Dünya futbolu

Qurban Qurbanov: “Onun olmaması müdafiəçilərimiz üçün rahat olacaq”

“Qarabağ” sabah ilk oyununa çıxır.

Sabah Avroliqanın qrup mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Sportinq” komandasının qonağı olacaq. Matçdan əvvəl keçirilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov oyun barəsində açıqlama verib:

“Heyətimizdə problem olsa da, oyuna yaxşı hazırlaşmışıq, rəqibi analiz etmişik. İnanıram ki, hər iki komanda baxımlı futbol sərgiləyəcək”.

-Rəqib baş məşqçi “Qarabağ” haqda çox məlumatının olmadığını bildirib. Bu, bizim lehimizə yoxsa, əleyhimizədir ?

– Düşünmürəm ki, məlumatı olmasın. Onlar bizim haqda yetərincə məlumatlıdır. Bunu öz açıqlamalarında da söyləyirdilər.  Ola bilsin bizi Ukrayna klubu kimi göstəriblər deyə bir anlaşılmazllıq olub.

– Siz eyni zamanda milli komandanın da baş məşqçisisiniz.  Yəqin ki, hər iki komandaya vaxt ayırmaqda çətinlik çəkirsiniz. “Sportinq”ə qarşı yetərincə hazırlaşmağa vaxtınız olub ?

– Bəli, çətindir. Və mən bu suala dəfələrlə cavab vermişəm. Mənim borcumdur ki, hər iki komandaya bütün gücümü verim. Vaxtim az olsa da, oyunçularıma rəqib komanda barəsində kifayət qədər məlumat vermişəm.

Bas Dostun oynamayacağına görə rahatsınız ?

– “Sportinq”də təhlükəli oyunçular çoxdu. Onların heyəti genişdir. Bəli, bu oyunçunun olmaması müdafiəçilirəmiz üçün biraz daha rahat ola bilər.

– Simeon Slavçev komandaya “Sportinq”dən gəlib. Onunla danışıb müəyyən məsləhətlər almısınızmı?

– İlk öncə onu deyim ki, Slavçevin oynamasını çox istərdim. Mən çox nadir hallarda oyunçulardan belə bir məsləhət alıram. Simeon çoxdan o klubdan ayrılıb. Buna ehtiyac duymadım.

 – Rəqib komandada ötən mövsüm rəhbərlik problemi var idi. Sonradan onlarda köklü dəyişikliklər oldu. Bu bizə necə təsir edər?

-Dəyişikliklər hər zaman faydalı olur. Düşünürəm ki, sabah bizim üçün daha da çətin olacaq.

– “Qarabağ” komandası ölkənin işğal edilmiş ərazilərini təmsil edir. Komandanız o bölgənin tanınmasında nə qədər rol oynayır?

– Mən 10 ildir bu komandadayam. Hər zaman məsuliyyətli çalışmağa çalışmışam. İşlədiyim müddətcə həmin o bölgənin başına hansı oyunların açıldığını daha da dərindən araşdırmışam. Əslində, biz hər zaman çox çalışıb, hazır olmalıyıq. Mənim əlimdə Qarabağı dünyaya düzgün şəkildə tanıtmaq üçün əla fürsət var. Çalışıram ki, bundan maksimum istifadə edim.

– Bəzi mənbələr “Qarabağ”ı Ukrayna komandası kimi tanıtması təssadüfdür yoxsa, təxribatdır ?

– Təxribat olduğuna inanmaq istəmirəm. Məncə, bu texniki səhvdir. İlk dəfədir ki, Portuqaliya klubu bizlə qarşılaşır. Ola bilsin ona görə anlaşılmazlıq olub. Ümid edirəm ki, bu texniki səhvdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43