Milli komanda

Qurban Qurbanov: “Oyunçularım əsl xarakter nümayiş etdirdilər”

Azərbaycan Millət Liqasında ilk qələbəsini qazanıb

Millətlər Liqasının III turunda səfərdə Farer adalarını məğlub edən yığma komandamızın baş məşqçisi Qurban Qurbanov oyundan sonra qarşılaşma barəsində fikirlərini bölüşüb:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyundan öncə bildirmişdim ki, bizim üçün heç bir şeyin çətilnliyi olmayacaq. Baxmayaraq ki, hesab 0:3 oldu, ancaq rəqib bizə kifayət qədər təhlükəli anlar yaşatdı. Düşünürəm ki, oyunçularım meydanda xarakter nümayiş etdirdilər. İki gün sonra növbəti oyunumuzun hazırlıqlarını başlayacayıq. Artıq Malta oyunu barəsində düşünməliyik”.

-Kosovo komandası da bu gün qələbə qazandı. Demək olarmı ki, qrupdakı mübarizə Azərbaycan və Kosovo arasında keçəcək ?

-Belə deməzdim. Asan komanda yoxdu. Özünüz də gördünüz ki, bugünkü rəqib necə mübarizə apardı. Bizim üçün də, Kosovo üçün də qarşıda çətin oyunlar var. Mübarizənin iki komanda arasında keçəcəyinə inanmıram.

-Rahilin start heytdə yer alması bizim üçün gözlənilməz oldu. Buna necə risk etdiniz ?

-Bunun bir çox səbəbi var idi. Rəqib standart vəziyyətlərdə çox təhlükəli oynayır, buna görə belə bir qərar verdik. Biz Rahili qazanmaq istəyirik. O, get-gedə daha yaxşı çıxış etməlidir. Bu gün də pis oyun göstərmədi. Ona güvənərək meydana buraxmışdım və deyə bilərəm ki, özünü yaxşı tərəfdən göstərə bildi.

-Oyunun ilk dəqiqələri bizim üçün heç də yaxşı keçmədi. Bu, rəqibin çox istəkli olmasından idi, yoxsa sizin oyun planınız belə idi ?

-İlk dəqiqlərdə adətən ev sahibi komandalar daha istəkli oynayır. Başlıqda adi epizodlarda səhvlər etdik. Məncə, bu normal haldı. Hər halda ev sahibi komanda azarkeşlərinin önündə daha yaxşı başlamaq istəyirdi.

-Rüfət Dadaşov bu gün ilk oyununa çıxdı. Onun performansı necə idi ?

-Onu meydana buraxaraq böyük risk etmişdik. Çünki o, biraz naxoş idi. Və bizimlə bərabər cəmi bir məşq etmişdi. Buna görə narahat idim. Ancaq sonradan yaxşı olduğunu gördük və bu qərarı verdik. Düşünürəm ki, bu oyun Rüfətin əsl oyunu deyil. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43