Kateqoriyasız

Qurban Qurbanov: “Oyunçularımla fəxr edirəm”

“Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu gün Avroliqanın pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” “Şerif”i qəbul edib. Oyunun ardından keçirilən mətbuat konfransında Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

“Futbolçularıma təşəkkür edirəm. Həqiqətən də sona kimi layiqli mübarizə apardılar. Əsil xarakter ortaya qoydular. Mən bu komandayla fəxr edirəm. Bu oyuna hazırlaşmaq çox çətin idi. Stress altında idik. İlk oyundakı məğlubiyyətdən sonra belə oyunlara hazırlaşmaq çox çətin olur. Azarkeşlərimiz həmişə kimi möhtəşəm idilər. Rəqibə də uğurlar arzulayıram”.

-Sizin istədiyiniz “Qarabağ”ın formalaşmasına nə qədər var? 

Bu oyunnan razıyam. Əgər mən oyundan razıyamsa,  bu o demək deyil ki, hər şey mükəmməldir. Təbii ki, daha da yaxşı olmaq arzusundayıq. Hər halda istədiyim komandamı hələ də formalaşdırmamışam. Hər il daha yaxşı oyun, daha yaxşı futbolçu istəyirik. Ancaq bu günə kimi bu komandadan çox razı qalmışam.

-Dünənki konfransda müafiə xəttində çox diqqətli oynayacağınızı bildirdiniz. Bugün həqiqətən də o cür oynadınız. Bu qədər arxayın olmağınıza səbəb nə idi?

Müdafiə xəttində hər oyun bu cür oynamalıyıq. Kiçik səhvlərimiz olsa da, yaxşı hazırlaşmışdıq. Ancaq rəqibi də nəzərə almaq lazımdı. Onlar da bizə qarşı müəyyən tədbirlər alırlar. Düşünürəm ki, bu gün komanda şəklində yaxşı idik.

-Oyunçularınızda psixoloji və fiziki yorğunluq var idi. Son günlərdə olan təzyiqlər komandaya necə təsir edirdi ?

Psixoloji yorğunluq birbaşa fiziki yorğunluğa səbəb olur. Ancaq bu da normaldır. Başqa cür olsa istədiyimiz oyunu ortaya qoya bilmərik.

-BATE ilə oyundan sonra çoxlu tənqidlər oldu. Həm sizə, həm Rəşada. Buna cavab olaraq nə deyə bilərsiniz?

Açığı mən heç bir sosial şəbəkədə yoxam. Ancaq bütün tənqidləri oxumuşam. Hamısını da normal qarşılayıram. Bəzən belə oyunlardan əvvəl sanki biraz daha tələskən davranırıq. Məsələn, oyunçularım çox gərgin şəraitdə oynayırdılar. Və buna səbəb tənqidlərdən nəticə çıxartmaq istəyidir. Biz bu uğurları azarkeşlərimiz üçün qazanmaq istəyirik.

-Qrup mərhələsinin oyunları Tofiq Bəhramov stadionunda  olacaq yoxsa, Olimpiya stadionunda?

UEFA-ya Tofiq Bəhramov stadionunu qrupda oynamaq üçün təklif etmişik. Ancaq nə olacağını dəqiq bilmirəm.

-“Astana”da sabiq oyunçularınız var. Onlarla qarşılaşmaq maraqlı olar ?

Açığı hansısa komanda ilə qarşılaşmaq istədiyimi demək istəmirəm. Fərqi yoxdur. Bütün komandalar bizim üçün ciddi rəqibdir.

-Həm milli komandada, həm də klubda çox sıx iş qrafikdə çalışırsınız. Bu sizdə yorğunluq yaratmır?

Hər iki tərəfə də maksimum gücümü vermək istəyirəm. İnanın ki, bu, bəzən çox çətin olur. Ancaq mənə həvalə olunan bir iş var. Və mən bütün gücümlə o işlərin öhdəsindən gəlməyə çalışıram. Bəzən evdə belə olmuram. Hətta evdəkilər buna görə məndən küsürlər. Amma mən bundan narazılıq eləmirəm.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43