İdman

Qurban Qurbanov Rəşad Sadıqovun U-21-ə keçidini təsdiqlədi: “Bu gün əmin oldum ki, sizdən heçnə gizlətmək olmur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində  “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. İdmanxeber.com-un məlumatına görə, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:

– Ağır oyun oldu. “Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı. Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir. “Sumqayıt” da bunu bizə hiss etdirməyi bacardı. Cavab matçı var. Həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq.

– Buraxılan qol sizə problem yarada bilərmi?

– Belə matçlarda səfərdə vurulan qol üstünlükdür. Bundan əlavə, “Sumqayıt” öz meydanında yaxşı oyun göstərir. Səfərdəki matçda əlimizə düşən imkandan istifadə etməyə çalışmalıyıq.

– Aşağı yaş qruplarına məşqçi təyinatları haqda xəbərlər yayılıb. U-21-in baş məşqçisi vəzifəsinə Rəşad Sadıqovun gətiriləcəyi bildirilir. Bu barədə nə deyə bilərsiniz?

– Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur. İşlər gedir, dəyişikliklər gözlənilir. Sabah yox, birisigün rəsmi açıqlama ola bilər. İnşallah, dəyişikliklər baş verəcək.

– Rəşad Sadıqovun U-21-ə baş məşqçi təyin olunsa, futbolçu karyerasını bitirəcək?

– Rəşad 1 il də oynamaq düşüncəsində idi, ən azı maya kimi oynamaq istəyirdi. Rəşad bizə meydanda lazımdır. İstərdik ki, meydanda da olsun. Ancaq bu məsələni zamana buraxacağıq. Tam işin içində olduqdan sonra bu haqda qərar veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43