Ölkə futbolu

Qurban Qurbanov: “Seçki prosesi qısa çəkdi” – MÜSAHİBƏ

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

 

– Peşəkar Futbol Liqasına (PFL) prezident seçkilərində iştirak etdiniz. Seçkilər necə keçdi?

– Seçki prosesi qısa çəkdi. Hamı razılığını bildirdi. Nəticədə Ramin Musayev növbəti müddətə PFL prezidenti seçildi.

 

– Alternativ namizədin olmaması birmənalı qarşılanmadı. Bu klub təmsilçisi olaraq sizi necə, narahat etmir?

– Niyə ki? Tanıdığımız, bildiyimiz adamdı. Hamı ilə münasibət qurub. Bir-birimizin iş üslubuna, xasiyyətinə bələdik. Narahat olmağa dəyməz.

 

– “Qarabağ”ın təlim-məşq toplanışı haqda nə deyə bilərsiz? Hazırlıq prosesindən nə dərəcədə razı qaldınız?

– Əvvəlcədən tərtib etdiyimiz plan üzrə hazırlaşdıq. İlk oyunu evdə keçirməyimiz Bakıya bir neçə gün tez qayıtmağımıza səbəb oldu. İyulun 5-də orda oyun keçirməli, ertəsi gün buraya qayıtmalı idik. Ancaq həmin görüşü təxirə saldıq. Əvəzində bu gün “Zirə” ilə qarşılaşacağıq. İlk matçımız səfərdə olsaydı, Bakıya birinci oyunu keçirdikdən sonra dönəcəkdik.

 

– Rəsmi oyunöncəsi “Zirə” ilə qarşılaşmaq hansı zərurətdən irəli gəlib?

– Çünki ilk oyunu öz meydanımızda keçirəcəyik. İstədik ki, komanda burda da bir oyun keçirsin və meydana uyğunlaşsın. Bundan sonra isə “Düdelanj”la matça hazırlaşacağıq.

 

– Hazırlıq zamanı sizi düşündürən məqamlarla rastlaşdınızmı?

– Narahatlıq hər zaman var, olacaq. Bəzən çox çalışmaq, yenilik etmək istəyirsən, amma bunu tez əldə edə bilmirsən. Bu da narahatlığa səbəb olur. İş prosesində normal haldı.

 

– Ötən ilin yayındakı komanda ilə hazırkını müqayisə edə bilərsiz?

– Hər il şəraitə və rəqibə uyğun hazırlıq keçməyə çalışırıq. Ona görə də, müqayisə aparmağın mənası yoxdu. Gücümüz yerindədi, çalışdıq ki, daha da artıraq.

 

– Cəmi bir futbolçunun – Arif Daşdəmirovun transferini reallaşdırmısınız. Yenioyunçulara ehtiyac yoxdu, yoxsa başqa problemlər var?

– Ehtiyac var, niyə yoxdu? Hücum xəttinə bir futbolçu istəyirik. İndiyə qədər razılaşdığımız oyunçu yoxdu. Amma axtarışlarımız davam edir.

 

– “Düdelanj” haqda nə deyə bilərsiz? Rəqibin oyununu izləmisinizmi?

– Avstriyada olan zaman onları canlı izlədim. Həm özüm, həm də köməkçi məşqçilərim bir neçə matçlarına baxdıq. Hazırlıq dövrü olsa da, komanda pis təsir bağışlamadı. Tam təhlükəli rəqibdi. Heyətlərində xeyli legionerlər var. Kimsə asan olacağını düşünə bilər, ancaq “Düdelanj” indiyə qədər ilk mərhələdəki rəqiblərimizlə müqayisədə ən güclülərdəndi.

 

– Qrup mərhələsinə düşmək istəyən “Qarabağ”ın bu qədər ehtiyatlanmasına səbəb nədi?

– Bizim üçün ilk oyun ən ağır və vacibdi. İndi dünya futbolunda ad heç nəyi həll etmir. “Qarabağ” ad olaraq onlardan üstün hesab edilə bilər, ancaq baxırsan oyun zamanı meydanda səviyyə fərqi böyük olmur. Yekunda gözləmədiyin nəticə ilə üzləşirsən. Ona görə ehtiyatlı olmalı və doğrusunu etməliyik.

 

– Mütəxəssislər çempionatın səviyyəsinin aşağı düşməsinin klublarımıza problem yaradacağını deyirdi. Hazırlıq zamanı bu fərq hiss olunurdumu?

– Hər bir rəqib bizim üçün rəqabətdi. Zəif və ya güclü deyib, bölgü aparmırıq. Gücündən asılı olmayaraq, hər birinə qarşı sona qədər oynamışıq. Buna görə də bir söz deyə bilmərəm.

Apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43