İdman

Qurban Qurbanov: “Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz”

Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  müsahibə verib.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasından sonra jurnalistlərin sualını cavablandırıb. 
 
– AFFA İcraiyyə Komitəsindəki işinizi davam etdirəcəksiniz?
– Açığı, bu, keçən iclasda müzakirə olundu. Ayrılmaq istəyirdim, amma qalmağım tövsiyə olundu. Ona görə də belə davam edəcəm. Bu gün isə o məsələyə baxılmadı.
 
– Ufuk Budakın oyununu izləmək üçün köməkçini Türkiyəyə göndərmişdiniz. Futbolçu meydana çıxmadı. Elçin Rəhmanov Türkiyədə qalıb, Ufukun oyununu izləyəcək, yoxsa geri qayıdacaq?
– Şərt o deyil ki, biz daim onun oyununa canlı baxmalıyıq. Sadəcə, həm baxmaq, həm görüşməklə bağlı səfər idi. Onsuz da televiziya vasitəsilə bütün qarşılaşmalarına baxırıq. Ona görə ciddi problem görmürəm.
 
– Yəqin ki, futbolçu ilə Rəhmanov arasında görüş olub. Sirr deyilsə, yenidən milliyə dönməyə razılıq veribmi?
– O, milli komandanın üzvüdü. Bir neçə matç çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd “səni mütləq dəvət edəcəyik” demək də deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz. Əsas məqsəd Ufuqla yaxından maraqlanmaq idi. Oynasaydı daha yaxşı olardı, amma meydana çıxmaması da problem deyildi.  

 
– Almaniyada da legionerlərimiz var. Onları da izləyirsiniz?
– Yavaş-yavaş bu işə başlamışıq. Açığı, Almaniyadan hələlik Dmitri Nazarovu dəvət edəcəyik. Lazım olduqca səfərlər, görüşlər olacaq.
 
– Rüfət Dadoşu necə, milliyə dəvət edəcəksiniz? Aşağı liqada oynasa da, qollarını sıralayır.
– Axır vaxtlar onu mən də izləyirəm. Performansı pis deyil, yaxşıdı. Belə deyək, bu gün son 1 ilə baxıb qərar vermək bəlkə düzgün olmaz. Amma siyahıda hansı milli oyunçularımız olubsa, hamısı ilə maraqlanırıq və maraqlanacağıq da.
 
– Dəniz Yılmazın yığmada problemi olmuşdu. Onunla necə maraqlanırsız, yoxsa artıq kənarda qalacaq?
– Hər biri ilə maraqlanırıq.  
 
– Yığmanın oyunlarına görə Premyer Liqada təqvim dəyişikliyi oldu. Martın 14-də çempionatda fasilə yaranacaq. Bu, klublarda hansısa narazılıqlar yaratmayıb ki?
– Heç biri narazılıq etmədi. Tək bizdə deyil, bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, bizdə 3-5 gün daha çox olur. Bu da ilk deyil, illər ərzində təkrarlanıb. Klublar da, rəhbərləri də milli komanda üçün üzərilərinə düşəni yerinə yetirməyə çalışırlar.
 
– Yığmanın heyətini nə vaxt açıqlamağı planlaşdırırsız?
– Son turdan sonra açıqlayacağıq.
 
– Hesabat turunda “Qəbələ” – “Neftçi” matını izləmək üçün Qəbələyə yollanmışdız. Orda diqqətinizi çəkən futbolçu oldumu?
– Diqqətimi cəlb edən futbolçular oldu. Amma məni narahat edən məqamlarla da rastlaşdım.
 
– Sizcə, Ramil Şeydayevin millimizə daha yaxşı kömək etməsi üçün “Qarabağ”dan ayrılıb, sabit oynayacağı bir kluba getməsi necə olar?
– Bütün futbolçuların tək millidə çıxış etməsi üçün deyil, formasını yaxşılaşdırması üçün daim oynaması vacibdi. Əfsuslar olsun ki, futbolda meydanda 11 nəfər mübarizə aparır, artıq oyunçular buraxa bilmirik. Buna görə də istər-istəməz hər hansısa futbolçular kənarda qalmalıdı. Hər bir oyunçunun, xüsusilə də milli üzvlərinin çox istərdim ki, daha yaxşı çempionatda çıxış etsin. Amma ən azından Azərbaycanda əsas heyət üzvlərindən biri olsun, mövsümboyu oyunların minimum 80 faizini oynasınlar. Ramilə gəldikdə, tək o deyil, ümumiyyətlə elə futbolçular var ki, bu gün istərdim ki, onların oyun təcrübəsi çox olsun. Əfsuslar, onlar bir az kənar qalıblar. Amma bu o demək deyil ki, Ramil oynamır. Bilirsiz ki, o, son 4 turdan 3-də əvəzedicilərin yarışında çıxış edib. Ən azından oyun təcrübəsini qoruyub, saxlayıb. Belə problemlər, sıxıntılar daim olub, var və yenə də olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43