Kateqoriyasız

Qurban Qurbanovdan qələbə şərhi

“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunun oyununda “Azersun Arena”da “Səbail”i 5:1 hesabı ilə məğlub edib.

 

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablabdırıb:

 

– Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib oyun idi. Oyunçuların çoxdandır bir yerdə olmamasına görə komandanın hazırlığı ilə bağlı narahatlığım var idi. Çalışdıq ki, hamısını normal vəziyyətə gətirək.

 

– Futbolçular milli komandalardan hansı durumda qayıtmışdılar?

– Gedənə kimi daha yaxşı idilər, nəinki qayıdandan sonra. Hər bir halda problemlər var idi, narahatlıq çox idi. Bəzi futbolçuların yorğunluğu, bəzilərinin öz idman formalarından uzaq olmağı var. Onları əvvəlki formalarına qaytarmaq üçün vaxt lazım olacaq.

 

– Leandro Andrade komandaya adaptasiya ola bilib?

– Hər şey yaxşılığa doğru gedir. Futbolçularla ünsiyyəti yaxşıdır. Bu, çox vacibdir. Onun bacarığı bizim oyunumuza uyğundur, şansından yaxşı istifadə edə bilir. Potensialı yaxşıdır. Xarakter olaraq da çox böyüməlidir. Qarşıdakı vaxtlarda daha yaxşı olacağını düşünürəm.

 

– Milli komanda ilə bağlı fikriniz necədir?

– Heç bir fikrim yoxdur. Bütün diqqətimiz öz oyunumuzdadır.

 

– Bədavi Hüseynovun uzunmüddətli zədədən sonra milliyə dəvət olunmağına münasibətiniz necədir?

– Narahatlığım var idi. Əlbəttə ki, getməyini istəməzdim. Bizdə belə hallar çox olub. Bədavi ilə yox, Rüstəm Əhmədzadə ilə bağlı müraciət etmişdik ki, bizimlə qalsa, daha yaxşı olar. İdman formasından uzaqdır. Daha əvvəl də bu haqda danışmışdım. Amma hər bir halda milli komandadır. Biz çox üzərlərinə gedə bilmərik. Mənim bu mövzu ilə bağlı çox açıqlama verməyim düzgün olmaz. Hər bir halda doğru tərəf milli komandadır.

 

– Tbilisi “Dinamo”sunda Amin Qarayev adlı futbolçu var. Əvvəllər “Qarabağ”ın akademiyasında çıxış edib. Hazırda Gürcüstanın U-17 millisinə dəvət alıb. Bu oyunçunun “Qarabağ”dan getməsinin səbəbi nədir?

– Dünya futbolunda belə hallar çox olur. 10-12-13 yaşda futbolçunun perspektivini tam bilmək olmur. Mən o futbolçunu ümumiyyətlə görməmişəm, çünki, o, akademiyamızda olub. Yəqin ki, ailəsi Gürcüstana köçüb, ora onun üçün daha faydalı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43