Kateqoriyasız

Qurban Qurbanovla bağlı filmin təqdimatı oldu

Bu gün “Azərsun Holdinq”in baş ofisində “Qarabağ”ın  son illərdəki uğurlarından bəhs edən filmin təqdimat mərasimi olub. Şakir Eminbəylinin müəllifi olduğu ekran əsəri “Qurban adına” adlanır.

Təqdimat mərasimində “Qarabağ”mızın vitse-prezidenti Tahir Gözəl,Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klubun direktoru Emrah Çelikel, komandanın futbolçuları, məşqçiləri, digər klubların nümayəndələri və jurnalistlər iştirak ediblər.

Filmin göstərilməsindən əvvəl millət vəkili Qənirə Paşayeva, klubun bir neçə xanım azarkeşi və futbolçular birlikdə “Qarabağ” mahnısını ifa edərək mərasimə sürpriz giriş ediblər.

Sonra Qənirə xanım işğal olunmuş Qarabağ torpaqlarından, müharibə tarixindən və eyni zamanda “Qarabağ” Futbol Klubunun uğurlarından bəhs edən nitq söyləyib.

Daha sonra mərasimdəki iştirakçılara film təqdim olunub.

Filmin əsas mövzusu isə “Qarabağ”ın Qurban Qurbanovun rəhbərliyi ilə 2014/15 mövsümündə Avrokuboklarda keçdiyi yoldan, uğurlarından bəhs edilib.

Ekran əsərində başqanımız Tahir Gözelin və Emrah Çelikelin keçirilmiş oyunlar, komanda və Qurban Qurbanov haqqında fikirlərinə, Qurban Qurbanovun müsahibəsinə geniş yer verilib.

Mərasim iştirakçıları filimi izlədikdən sonra başqanımız Tahir Gözel çıxış edib. Filmin müəllifi Şakir Eminbəyliyə gözəl yaradıcılıq nümunəsi üçün təşəkkür edən klub rəhbəri, gələn qonaqlara minnətdarlığını bildirib. Tahir bəy həm də “Qarabağ” futbol klubunun 16 yaşlılardan ibarət komandasının da çempion olduğunu elan edib və yeniyetmə futbolçuları da təbrik edib.

Azərbaycanın müstəqillik gününü də unutmayan Tahir Gözəl zaldakı qonaqları təbrik etdikdən sonra respublikamızın inkişafından və I Avropa Oyunlarından da danışıb.

Daha sonra isə söz Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə verilib. PFL prezidenti də öz növbəsində Qurban Qurbanovun uğurlarından bəhs edib. Filmin yaradıcı heyətinə və rejissoruna gözəl iş üçün təşəkkür edib.

Qurban Qurbanov haqqında rəsmi bir şəxs kimi deyil, ailəvi dost kimi fikir bildirdiyini qeyd edən Ramin Musayev onun bu uğurlarından qürur duyduğunu və nailiyyətlərdən özünə də pay çıxdığını deyib.

PFL prezidenti çıxışının sonunda isə “Qarabağ”ın bütün futbolçularına, rəhbərliyinə və azarekşlərinə uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43