Milli komanda

Qurbanov millinin çıxışı barədə: “Oyundan sonra “baltalamaq” asandır”

“Açığı, gözləntilərimiz böyük idi. Milli komandadan yaxşı oyunla bərabər xal qazanmasını da gözləyirdik. Kaş ki, pis oynayıb xal qazanardıq. Motivasiya, inkişaf baxımından bu görüşlərdə yaxşı nəticə qazanmaq vacib idi. Amma təəssüf ki, olmadı. İki acı məğlubiyyət yaşadıq”.

Bu sözləri idmanxeber.az saytına azərbaycanlı baş məşqçi Sənan Qurbanov Azərbaycan yığmasının AVRO-2024 seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç millilərinə qarşı keçirdiyi oyunlar barədə danışarkən deyib. “Qəbələ”nin sabiq çalışdırıcısı daha sonra belə davam edib:

 

“Çox fərdi səhvlər edirik. Sadə vəziyyətlərə belə bunu müşahidə etmək olur. Hücuma çıxanda müdafiədə çoxlu boşluqlar veririk. Problemlər həddindən artıq çoxdur. Adam bilmir hardan başlayıb, harda qurtarsın. 

Dzüdür, oyundan sonra “baltalamaq” asandır. İndi artıq çox şey deyə bilərik. Amma bu, hamımızın millisidir. Dəstək olmalıyıq. Dünən futbolçular necə məyus, üzüntü içində idilər. Baxdıqca adam özü pis olurdu. Sona qədər vuruşdular, döyüşdülər. Sadəcə komanda şəklində birləşə bilmədik. Kollektiv oyun sərgiləmək lazım idi”.

Qurbanov Azərbaycan millisində heyətin formalaşmadığını və bu səbəbdən də komandanın yaxşı vəziyyətdə olmadığını sözlərinə əlavə edib:

“Topa sahib olurduq, hücuma çıxırdıq. Ancaq bunlarla hər şey bitmir. Müdafiədəki fərdi səhvlər, standart vəziyyətlərdəki mövqe seçimləri hamısı oyuna təsir edir. Pis şeylər yaxşı işlərdən daha çox idi. Ona görə də belə acınacaqlı durum yarandı.

Avstriya məğlubiyyətin ardından komandanın toparlanmasını, mübarizə aparmasını gözləyirdik. Bəlkə də oyunçular müabrizə apardılar. Amma top itkiləri, problemlər, heyətin formalaşmaması gətirib bu vəziyətə çıxardı”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43