29 Sentyabr 2020
Premyer Liqa

Rəşad Sadıqovdan qələbə şərhi

Azərbaycan Premyer Liqasının II turuna keçirilən “Səbail” – “Zirə” (1:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaqların baş məçqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Maraqlı oyun alındı. Gözlədiyimiz kimi gərgin keçdi. “Səbail” ilk turda “Neftçi”yə qarşı da əzmkar mübarizə aparmışdı. Bilirdik ki, son qədiqəyə qədər təslim olmayacaqlar. Komandamız üçün çox vacib 3 xal qazandıq. Gələcəkdə bunun davamını gətirməyə çalışacağıq.

– İki tur geridə qalıb. Komandada nəyi bəyənirsiz və nələrin çatışmadığını düşünürsüz?
– Çatışmazlıqlar var və həmişə olur. İlk oyunla müqayisədə topa nəzarət, güc baxımından daha hazırlıqlı idik.

– Qarşınıza hansı məqsəd qoyulub?
– Qarşıma konkret hədəf qoymağı xoşlamıram ki, mütləq bunu etməliyəm. Hər oyuna yönəlmişik. Rəhbərlik məndən düzgün oyun və komandanın inkişaf etməsini istəyir. Biz də bu yolda düzgün addımlar atmağa çalışırıq. Nəticə həmişə mənim üçün vacib olub, qələbə, hər şeyin ən yaxşısını istəmişəm. Məşqçi mkimi mən istəyirəm ki, yaxşı nəticə qazanıb. Özümü sığortalamaq istəmirəm. Təbii ki, özüm üçün qarşıma müəyyən məqsədlər qoymuşam. Bunlara düzgün futbolla çatmaq istəyirəm. Komanda şəklində inkişaf etməklə nəticə qazanmaq istəyirəm. Belə bir düşüncəm yoxdu ki, nəyin bahasına olursa-olsun, Avropa Liqasına düşüm və ya hər matçda qələbə qazanaq. Əvvəlcə düzgün futbol oynamalıyıq. Qələbə şirindi, ancaq bunun gözəl, düzgün futbolla olmasını istəyirik. Avrokuboklara gedəcəyiksə, ora hazır olmalıyıq. Mən istəyirəm ki, komandamız, futbolçularımız böyüsün, mən özüm məşqçi kimi inkişaf edim. Çox keyfiyyətli oyunçularımız var və daha yaxşı oynaya bilərik. Heyətdə 4-5-6 futbolçu var ki, ölkə futbolunun gələcəyi ola bilər. Sadəcə, öz potensiallarını düzgün qiymətləndirmirlər. Ancaq yanaşmalarına baxanda görürəm ki, getdikcə fikirləri dəyişir, imdi daha inamlı, daha cəsurdular. Komanda ilə nəticə barədə danışmamışam. Ancaq bu, mənim üçün sığorta deyil. Hər yerdə nəticə istəmişəm, ancaq bunun hansı yollarla olması da çox önəmlidi.

– Lazar Corceviçin kobud səhvi penaltiyə səbəb oldu…
– Onun potensialına çox inanıram. Xüsusilə topla davranışını, hücumları başlamasını bəyənirəm. Hər epizodda futbolçumun topu hara gəldi vurmasını istəmirəm. Həmin epizodda köməkçilərimlə danışırdım, bir də gördüm ki, penalti oldu. Yenə izləyəcəm. Bu gün xal da itirə bilərdik. Onu yenı qınamayacaqdım. Səhvdən heç kim sığortalanmayıb. Əsas odu ki, komanda bundan sonra rəqibin təzyiqinin qarşısında dözə bildi. O səhvdən sonra qol buraxsaydıq, mənim üçün düşündürücü olardı, amma komanda soyuqqanlı oldu, düzgün davrandı, rəqibə qol epizodu vermədi.

– Ağabala Ramazanovun oynamama səbəbi nə idi?
– İki gün əvvəl məşqdə zədələndi. Aparıcı futbolçularımızdandı, komandanın kapitanıdı. Futbolda zədələrə də hazır olmaq lazımdı. Onun əvəzinə oynayan Ruslan Qurbanov yaxşı oyunlarından birini keçirdi. Qazandığı şansdan yaxşı istifadə etdi.

– Onun milliyə çağırılmaması yığmanın çalışdırıcısının tənqid olunmasına səbəb oldu…
– Ağabala ilə bu barədə danışmışam. Səbrli olmaq lazımdı. Hər bir məşqçinin öz yanaşması, taktiki seçimi var. Bu dəfə şans verilmədi, ola bilər ki, növbəti dəfə də çağırılmasın, ancaq bu, o demək deyil ki, haqsız qərar olacaq. Qətiyyən bu fikirlərlə razı deyiləm. Mən də nə vaxtsa millidə işləmişəm. Bəzən seçim etmək çox çətin olur. Xırda detal həlledici ola bilir. Səbrli olmaq, daha çox çalışmaq, ruhdan düşməmək lazımdı.

– Məşqçi kimi oyun modeliniz necə olacaq?
– Maksimum pozitiv futbol oynamağa çalışacağıq. Bunun nə dərəcədə alınacağını zaman göstərəcək. Daha əvvəl də qeyd etdim ki, yaxşı oyunla nəticə qazanmağa çalışacağıq. Ancaq elə matç ola bilər ki, dağıdıcı futbol oynayacağıq, ola bilər ki, bəzən bütün oyunu müdafiədən keçirək. Bunda rəqibin nə qədər imkan verməsi də vacibdi. Ancaq biz mümkün qədər baxımlı, pozitiv futbol oynamağa çalışacağıq.

– Bu gün uzaqdan zərbələr niyə az oldu?
– Açığı, uzaqdan zərbələri xoşlamıram. İstəyirəm ki, topu daha əlverişli futbolçuya çatdıraq, sonra zərbə vuraq. Ancaq oyun epizodu olacaq ki, uzaqdan da zərbə vura bilərik, yaxud futbolçu oyunu üzərinə götürüb, qərarını verəcək. Son qərar futbolçunundu.

– “Zirə”də tamamilə sistem futbolu olacaq, yoxsa fərdi improvizasiyalara açıqsız?
– Hər şeyin qarışığını xoşlayıram. Elə epizodlar var idi ki, futbolçuların oyunu fərdi olaraq üzərlərinə götürməsini istəyirdim, bəzən isə topa nəzarət etmələri ni tələb edirdim. Çalışacağıq ki, bunun ortasını tapaq. Bizdə individual bacarıqlı futbolçular var.

– Baş məşqçi kimi Premyer Liqada ilk qələbənizi qazandız. Hansı fərqli hisslər var?
– Hələ də oyunun içindəyəm. Son 10-15 dəqiqə stressli keçdi. Qələbə hər zaman xoşdu. Mənim üçün də bu olduqca vacib idi. Psixoloji bariyeri keçmək lazım idi. Qələbə olmayanda inamsızlıq yarana bilər. Bu gün heç-heçə də olsa, komandamın oyunundan razı qalardım. Vaci olan oyun idi, ondan da tam olmasa belə, razı qaldım.

– Kayo Rangel start heyətdə oynamağa tam hazır deyil?
– Toplanışa gec qoşuldu. Təxminən 1 aydı sıralarımızdadı. Braziliyada da çempionat dayanmışdı. Ona görə futbolsuz idi, məşq edə bilmirdi. Çox istəklə çalışır. Bu gün ona 30 dəqiqə şans vermək istəyirdik, sadəcə, oyun elə getdi ki, daha az oynamaq imkanı qazandı. Ancaq yenə də ustalığını göstərdi, adi epizodda komanda yoldaşını qapıçı ilə təkbətək çıxardı. Belə davam etsə, uğurlu transfer olacaq. Ancaq bizdə heyətdə rotasiyalar tez-tez olacaq. Bizdə konkret əsas heyət və ehtiyat oyunçu yoxdu.

– Millinin son iki oyunu, yeni baş məşqçi De Byazinin fəaliyyəti barədə fikirləriniz necədi?
– İlk oyunda həm komanda, həm də kapitan Maksim Medvedev böyük psixoloji zərbə aldı. Ancaq ikinci matçda hər ikisi bu sınaqdan üzüağ çıxdı. Ağır məğlubiyyətdən sonra vacib qələbə qazandılar. Oyun planında da xüsusilə ilk hissədə çox şey alınırdı. Sonra hiss olunurdu ki, komandada bir az həyəcan var idi, hesabı qorumağa yönəlmişdilər. Bununla belə, rəqibə aşkar qol şansı vermədilər. Maksimin kapitan kimi ilk ciddi sınağı idi və başıuca çıxdı. Söhbət təkcə qoldan getmir, komandanı araxasınca daşımağa çalışır, həyəcanlanmırdı, səhv etməkdən qorxmurdu. Bu məqamlar çox vacib idi. İki qarşılaşmanı, sonuncusu Kipr idi deyə, pozitiv dəyərləndirirəm. Məşqçinin ilk oyunları idi və bunla xüsusilə çətin olur. Getdikcə komandanı daha yaxşı tanıyacaq, futbolçulara uğyunlaşacaq. Kipr üzərində qələbə çox vacib idi. Yığmamıza inanıram.

– De Byazinin sizinlə hər hansı söhbəti olubmu?
– Hər məşqçinin öz prinsipləri var. Ola bilər ki, klub məşqçisi ilə danışsın və ya yox. Bizim məşqimizi izləyib. Ayaqüstü də olsa komanda barədə, oyunumuz haqda söhbətləşmişik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ”nin qələbəsinə azarkeş töhfəsi – FOTOLAR

admin

“Sumqayıt” məğlub oldu, “Neftçi” səfərdə qalib gəldi (YENİLƏNİB)

admin

Lənkəranlı futbolçular “Şəfa”da nə axtarır? – FOTO

admin