Kateqoriyasız

“Rəhbərliyin qərarlarından çox şey asılıdı” – Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə “Sabah”a 1:2 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra fikirlərini bölüşüb.

38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Bu matç maraq doğururdu. İki komanda da turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu. Heyətdə bəzi problemlərimiz var. Hücumçular – Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidir. Son məğlubiyyətdən sonra az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi. Çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış fasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdır. İddialı olacağıqsa, heyət güclənməlidir”.

Hacıyev komandada rəqabətin istənilən səviyyədə olmamasını deyib: “Şəhriyar Rəhimov yığmada iki oyun 90 dəqiqə meydanda oldu. Çox yorğun idi. Digər mövqelərə baxanda müdafiədə rəqabət var”.

Baş məşqçi oyunun qırılma anının Adil Nağıyevin qırmızı vərəqə alması olduğunu vurğulayıb: “Təcrübəli futbolçular belə anlarda daha yaxşı çıxış etməlidir. Komandada bu çatışmır. Çünki gənc oyunçular çoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43