16 Sentyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Bu hakimin bizim oyunumuza təyin edilməsi düzgün deyil”

“Komandama təşəkkür etmək istəyirəm. Bu gün çox əzmkar mübarizə apardılar. Qarşımızda ən güclü “Qarabağ” var idi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə aparırdılar. Rəqibə qol epizodu verməmişdik. Top itkisinə yol verdik. Bu da “Qarabağ”ın sevdiyi məqamlardır. İkinci hissənin əvvəlində “Qarabağ” daha aktiv idi. Beynimizdə müəyyən dəyişikliklər hazırlamışdıq. 60-cı dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Təhlükəli hücumlar qurduq, sonluğu gətirə bilmədik. Futbolçularıma 18 turda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

Qol komandaya təsir etdi. “Turan Tovuz”la iki çətin oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq yorğunluq və qol buraxımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı. Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir.

Bu gün “Qarabağ” layiqli qələbə qazandı. Deyəcəyim sözlər “Qarabağ”la əlaqəli deyil. Ümumiyyətlə, Cavid Cəlilovun bizim oyunumuza təyin edilməsi düzgün deyil. Çünki “Sabah”la matçdan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də “Zirə”nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə  psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75 -ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi və oyunçu meydandan ikinci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçum etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm, onu bu oyuna təyin etmək doğru deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43