Ölkə futbolu

Rəşad Sadıqov: “Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq”

“Çox emosional oyun idi. Futbolçularım soyuqqanlı şəkildə son saniyələrə qədər ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mübarizə aparan rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. İkinci qolu vurub daha rahat qələbə qazana bilərdik. Futbolçuların üzərində stress var idi. Buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Səbail” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda “Bakı” səfərdə “Xəzər Lənkəran” üzərində qələbə qazandı, “Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, digər tərəfdə “İnter” qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq”.

Sadıqov Azərbaycan Kubokunun finalında qarşılaşacaqları “Qarabağ” görüşü barədə də danışıb:

“Bunu zaman göstərəcək. İndi nə desəm, boş olacaq. İstirahət edib oyuna hazırlaşacağıq. “Qarabağ”ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda “Qarabağ”dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda ikincilik mənim üçün titul qədər önəmli idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43