Ölkə futbolu

Rəşad Sadıqov: “Verilən və ya verilməyən penaltilər bizə çətinlik yaradıb”

– Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə çalışdıq, əlimizdən gələni etdik ki, qələbə qazanaq. Rəqibin də 90-cı dəqiqədə qapımıza ilk zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olub. Bu o oyunlardan biri idi. Nə etsək də qələbə qazana bilməyəcəkdik. Çünki əlimizə düşən epiozodlardan yararlana bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz idi. Amma ən azı bu oyun heç-heçə bitməli idi. Oyunun gedişatı onu göstərirdi. Təəssüf ki, sonda qol buraxıb məğlub olduq. Ruhdan düşmək olmaz. Çatışmazlıqlar üzərində işləyib növbəti oyunlara hazırlaşmalıyıq.

İdmanxeber.az məlumat verir ki, bu sözləri  “Zirə” – “Araz-Naxçıvan” (0:1) görüşündən sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov səsləndirib. O, daha sonra sualları cavablandırıb:

– Yenə Elmar Baxşıyev – Rəşad Sadıqov dueli və Elmar Baxşıyevin komandasının qələbəsi…
– Elmarı təbrik edirəm. İlk dəfədir ki, Elmar Baxşıyevin komandasının müdafiədən oynadığını görürdüm. Dəyişikliklər belə onu göstərirdi. İki hücumçu çıxardı. İlk dəfə idi bununla qarşılaşırdım. Ola bilsin nəsə hiss edirdi. Müdafiəni yara bilmədik.

– Turnir cədvəlində sıxlıq yaranıb. Necə düşünürsünüz, sizcə “Zirə”ni “sıxışdıracaqlar?”
– Hakimliklə bağlı köhnədən qalan bağlantılar var. Xüsusən də köhnə klubların. İnşallah, bu bağlantılar gələcəkdə qırılacaq. Amma hələ ki, bu indi davam edir. Bu bağlantılar aradan qalxmayana qədər hər şey ola bilər. Bu gün bəlkə də biz 7-8 xal daha çox toplamalı idik. Verilən və ya verilməyən penaltilər bizə çətinlik yaradıb. Bəzi hakim qərarları çəkilən əziyyətləri yerə vurur. Bəzi klubların bağlantıları gələn mövsümə qalmayacaq. Müəyyən insalar bundan istifadə edirlər. Avrokubok zonasında olan komandalar yaxşı oyun göstərir. Amma çox qərəzli hakim səhvləri var. Bəzi qərarlar təsadüf ola bilməz. Ya bu qədər elmsizlik, kimsə işini bilmir… Amma elmsiz deyillər, belə olsaydı, əks qərarlar da olardı. 4 tur qalıb, maksimum çalışacağıq ki, hədəf qoyduğumuz yerdə bitirək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43