İdman

Rafiq Hüseynov liderliyə yüksəldi

2-10 oktyabrda Norveçdə keçirilən dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib.

İdmanxeber.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yunan-Roma güləşində 82 kq-da dünya çempionu olan Rafiq Hüseynov bu çəkidə liderliyə yüksəlib. 33 yaşlı pəhləvan 70 xalla reytinqə başçılıq edir. Rafiq ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır. Hüseynov əvvəlki siyahıyla müqayisədə 23 pillə irəliləyib.

Güləşin bu növündə daha 3 azərbaycanlı ilk 10-luqda yer alıb. 55 kq-da Eldəniz Əzizli 39 xalla ilk 3-lüyü qapayır. Osloda bürünc medal qazanan güləşçi 4 pillə irəliləyib. 63 kq-da Taleh Məmmədov 6-cı yerdən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanın hesabında 38 xal var. Sənan Süleymanov isə 77 kq-da böyük sıçrayış edib.

Dünya çempionatında gümüş medalı boynundan asan güləşçi xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib.

Sərbəst güləşdə millinin 4 üzvü öz çəkilərində ilk 10-luqda yer alıb. Tokio Olimpiadasında gümüş medal əldə edən Hacı Əliyev 65 kq-da 3-cü yerdən 6-cı yerə enib. Buna səbəb 44 xala malik titullu idmançının DÇ-ni buraxması olub. Mundialda medalın bir addımlığında dayanan Turan Bayramov 70 kq-da iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçinin hesabında 38 xal var.

Abubakr Abakarov 86 kq-da böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk 10-luğu qapayan Abubakrın əvvəlki mövqeyi 33-cü pillə idi. Osman Nurməhəmmədov isə 92 kq-da 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir.

Qadın güləşinə gəlincə, Mariya Stadnik 50 kq-da bir pillə geriləyib. Millinin lideri 60 xalla 3-cü pillədə qərarlaşıb. Elis Manalova isə 68 kq-da 22 xalla ilk 10-luğu qapayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43