İdman

Rahid Əmirquliyev: “Biz ölkəmizə qayıtdıq, o da sağollaşıb getdi Xorvatiyaya”

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev “İnter” üzərində qələbədən (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. İdmanxeber.com həmin müsahibəni təqdim edir.


– Qalibi mühakimə eləməzlər. Oyununuz heç cür alınmırdı. Bu, nə ilə bağlı idi?

– Meydança elə vəziyyətdədi ki, oynamaq çox çətindi. Nə top saxlamaq olur, nə pas vermək. Meydança çox bərbaddı. Ona görə də istədiyimiz kimi oynaya bilmədik.

– Amma istənilən halda yəqin ki, bu qələbə “Atletiko” ilə oyunöncəsi yaxşı motivasiya ola bilər…

– Əlbəttə. Qələbə qazanmağımız yaxşı oldu. Liderik, bunu qorumaq lazım idi. Bu səbəbdən də meydana qələbə üçün çıxmışdıq.

– Bu gedişlə 2-ci dövrənin sonuna kimi rəqiblərlə xal fərqini artıra bilərsiz. Düşünmürsən ki, belədə ciddi üstünlük yarana bilər?

– Ola bilər. Ancaq biz hər oyuna eyni motivasiya ilə çıxırıq. Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaqdır. Daha fikirləşmirik ki, kim xal itirər, kim itirməz. Bizə öz oyunumuz maraqlıdı.

– Qarşıda sizi “Atletiko” ilə oyun gözləyir. Bu barədə nə deyə bilərsən?

– “Atletiko” ÇL-də son 3 ildə 2 dəfə final oynayıb. Çətin oyun olacaq. Bu oyun həm də bizim üçüb yaxşı təcrübədir. Çalışacağıq ki, xalqımız üçün baxımlı oyun göstərək. Əlbəttə, nəticə də vacibdir. Əlimizdən gələni edəcəyik.

– Bəs sensasiyaya necə, inanırsızmı?

– Biz özümüzə inanırıq. Amma reallıq budur ki, “Atletiko” güclü komandadır. Meydana vaxt keçirmək üçün çıxmayacağıq. 3 xal üçün oynayacağıq.

– Millidə kapitan olmağın Robert Prosineçkiyə düşmədi. Azərbaycandan gedəcəyi gözlənilir. Necə düşünürsən, Prosineçki qalmalıdı, yoxsa getməli?

– Bu, AFFA-nın işidir. Onlar daha yaxşı bilərlər. Mən istəyərdim ki, Prosineçki qalsın. İşinə davam eləsin. Yekun qərarı AFFA verəcək.

– Almaniya ilə oyunda himnimizi oxumamağına görə tənqidlər çox oldu. Himnimizi bilmirsən, yoxsa həyəcanla bağlı idi?

– Yox, həyəcan deməzdim. Həyəcan deyildi. Yəqin ki, hansısa epizod olub. Amma bu o demək deyil ki, himni bilmirəm. Kimin şübhəsi varsa,  gəlsin, himni şəxsən onun üçün oxuyum.

– Oyundan sonra Prosineçki sizinlə vidalaşdı?
– Biz ölkəmizə qayıtdıq, o da sağollaşıb getdi Xorvatiyaya. Başqa cür                                                        vidalaşmadı. Ənənəvi sağollaşma idi. Dedi ki, Bakıya qayıdacam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43