Müsahibə

Rahid Əmirquliyev: “Biz onlara qarşı heç bir tərbiyəsizlik etmədik” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin idmanxeber.com saytına müsahibəsi.

Oyun barədə fikirlərini bildirərdin.

-İlk qolu yenə öz səhvimizdən buraxdıq. Bundan sonra oyunu yığışdırmaq çətin oldu. Buna baxmayaraq ikinci hissə pis oynamadıq. Sadəcə, öz səhvimizdən qol buraxdıq.

Əfran İsmayılov çox sərt danışdı. Bildirdi ki, müdafiədəki səhvlərimiz artıq neçənci oyundur ki, bizi məyus edir.

-Mən günahı kiminsə üstünə atmaq istəmirəm. Orası düzdür ki, hər oyun öz səhvimizdən qol buraxırıq. Gərək, indi nəticə çıxaraq.

Bundan əvvəlki oyunlarda da anoloji səhvlər var idisə, niyə nəticə çıxarmamısınız?

-Nəticə çıxarırıq, danışıb analiz edirik. Oyuna gələndə eyni şey alınır. Qarşıdan “Neftçi” ilə oyun gəlir. İnşallah belə səhvlərimiz olmaz.

Sxadadze lənkəranlılara qarşı ədəbsiz jest etdi. Bununla bağlı nə deyərdin?

-Düzü mən görmədim. Amma, edibsə, bu düzgün hərəkət deyil. Əcnəbi məşqçidir, udublar udublar da. Biz də Lənkəranda qalib gəlmişdik. Biz onlara qarşı heç bir tərbiyəsizlik etmədik. Futboldur da. Biri udanda, biri uduzacaq.

Demək olar ki, komanda oyun sarıdan yaxşı olsa da, nəticə etibarı ilə uğur qazanmırsınız. Berti Foqtsun dönəmində heç kim danışmasa da, gedəndən sonra hər kəs narazı olduğunu bildirdi. İndi sizdə də problem baş məşqçidə deyil?

-Belə deməzdim ki, günah tək məşqçinindir. Uduzuruqsa, bu bütün komandanın səhvidir. Hardasa kimsə düzgün eləmir. İnşallah nəticə çıxaracağıq.

Bu cür oyunla “Neftçi” ilə qarşılaşmadan nəsə uğur gözləyirsən?

-Belə oynamışıq deyə, bu o demək deyil ki, “Neftçi” ilə də eyni oyunu oynayacağıq. Çalışacağıq ki, Neftçi ilə oyunda özümüzü yaxşı göstərək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43