Müsahibə

Rahid Əmirquliyev: “Məndən asılı olsaydı, hamısını saxlayardım” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın və milli komandanın futbolçusu Rahid Əmirquliyevin idmanxeber.com saytına müsahibəsi

– AZAL-la oyundan öncə rəhbərlikdən icazə alaraq, “Xəzər Lənkəran”ın düşərgəsini tərk etmişdiz. Konkret səbəb nə idi?

– Şəxsi problemlərim var idi. Buna görə də, icazə almışdım. Sağ olsun rəhbərlik, 2 günlük buraxdı. İcazə almağımın səbəbi ailəmlə bağlı idi.

– AZAL-la matçda hesabı siz açsanız da, üstünlüyü saxlaya bilmədiniz…

– Yanvardan bəri ən zəif oyunumuzu keçirdik. Kubokdan da əlimizi üzmüşük. Buna görə də, istəyirdik ki, AZAL-la oyunda qələbə qazanaq. Erkən qol da vurduq. Amma tez də qol buraxdıq. Alınmadı. AZAL rəhbərliyindən xahiş edirəm ki, imkan varsa, meydanın ot örtüyünü dəyişin. Çünki bu meydanda oynamaq, ötürmə vermək olmur. Düzdü, bizim kimi, AZAL da eyni ot örtüyündə oynadı. Demək istəmirəm ki, AZAL zəif çıxış etdi. Rəqib qələbəyə layiq idi. Amma ot örtüyünü dəyişsələr, yaxşı olardı.

– Məğlubiyyətin səbəbini konkret nədə görürsünüz?

– Çox səhvlər buraxdıq. Eyni səhvləri təkrarlayırdıq. Buna görə də, qapımızdan qollar buraxdıq.

– “Xəzər Lənkəran” üzvləri gənclərin təcrübəsizliyindən gileylənirlər. Bəs qışdan bu yana düzələn bir şey varmı?

– Yaxşı oyunlarımız olub. Elə gənclər var ki, istəyirlər, çalışırlar. Gələcəkdə onlardan yaxşı futbolçu olacaq. Yavaş-yavaş irəliləyirlər. Ardıcıl məğlubiyyətlər təcrübəlilər kimi, gənclərə də istər-istəməz psixoloji baxımdan təsir edir. Buna görə də, qələbə qazanmaqla uğursuzluq zolağından çıxmaq istəyirik.

– Yayda “Xəzər Lənkəran”ın heyətinə yenidən legionerlər cəlb olunacaq. Sizcə, hazırkı gənclərdən hansıları həmin komandada da özünə yer tapa biləcək?

– Məndən asılı olsaydı, hamısını saxlayardım. Buna rəhbərlik qərar verəcək. Bir də baş məşqçi Elbrus Məmmədovun fikri önəmlidi. O məndən yaxşı bilir ki, kimi saxlamaq lazımdı, kimi yox.

– Bu məğlubiyyətlər nə vaxta kimi davam edəcək?

– Biz istəyirik ki, qələbə qazanmaqla, uğursuzluğa son qoyaq. Uşaqlar da bunun üçün çalışırlar. Hələ ki, alınmır. Heyətdə gənclərlə yanaşı, təcrübəlilər də var. İnşallah, növbəti oyunlarda istəyimizə çatarıq.

– Milli komanda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Malta ilə qarşılaşacaq. Bu oyundan nə gözləyirsiz?

– Ağır oyun olacaq. Buna baxmayaraq, qələbə üçün oynayacağıq. Düzdü, Maltaya yoldaşlıq matçında 3:0 hesabı ilə qalib gəlmişik. İnşallah, yenə onları məğlubiyyətə uğradarıq. 1:0 hesablı qələbə qazansaq da, bəs edər. İndi asan komanda qalmayıb. Futbol elə oyundu ki, kimin qalib gələcəyini əvvəlcədən bilmək olmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43