İdman

Ramil Şeydayev: “Trabzonspor”da ehtiyatda qalmaqdansa, “Qarabağ”da müntəzəm oynamaq yaxşıdı”

“Norveçlə görüşdə istədiyimiz oyunu sərgiləməkdə çətinlik çəkdik. San-Marino üzərində qazanılan möhtəşəm qələbə isə həm bizim, həm də azarkeşlərimizin ürəyincə oldu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləru millimizin və “Qarabağ”ın yeni hücumçusu Ramil Şeydayev deyib.

Sportsdaily.ru saytına geniş müsahibə verən Şeydayev müxtəlif məsələlər haqda söhbət edib:

“Ümumi nəticələrimiz normaldı. Hərçənd ki, əvvəllər hər şey daha yaxşı idi. Fikirləşirdim ki, qrupda ikinci yer uğrunda yarışacağıq.  Son 2 görüşdə maksimum xal toplamağa çalışacağıq. Millinin heyətində müntəzəm oynamaq mənə təcrübə qazandırır. Əvvəl heç vaxt Almaniya kimi güclü komandalara qarşı oynamamışdım. Belə matçları nə qədər çox keçirsəm, ustalıq səviyyəm bir o qədər artar. AÇ-2020-də final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. Turnirə ev sahibliyi edəcək şəhərlərin sırasında Bakının olması bizə əlavə stimul verir”.

“Jilina”dan ayrılması və “Qarabağ”a keçidi haqda danışan Ramil bunları deyib: “Jilina”da yarım mövsüm keçirdikdən sonra “Qarabağ”dan təklif aldım. Razılıq verdim və 1 illik icarə müqaviləsi bağladıq. “Trabzonspor”la hələ 2 illik sözləşməm qalıb, amma onlar da “Qarabağ”a keçidimə razılaşdılar. “Jilina”da karyeram pis alınmadı. Amma karyeramın ən yaxşı dövrünü keçirdiyimi də deyə bilmərəm. Düzdü, qollar vururdum və yaxşı formada idim. Lakin Slovakiyaya qayıtmaq fikrim yoxdu. Çünki məişət məsələlərində çətinliklə üzləşirdim. Futbollarına isə zamanla adaptasiya oldum. “Trabzonspor”a da qayıda bilərdim. Lakin baş məşqçinin mənə olan münasibətini yaxşı bilirəm. İndiki məqamda Türkiyəyə dönmək mənim üçün uğurlu olmaz. “Trabzonspor”da ehtiyatda qalmaqdansa, “Qarabağ”da müntəzəm oynamaq yaxşıdı. Aldığım təkliflərin sırasında ən yaxşısı “Qarabağ”dan idi. Bu klub, Bakı və Çempionlar Liqasında iştirak ürəyimcədi. Bakı mənə Sankt-Peterburq kimidi. Azərbaycan yığmasında və “Qarabağ”da oynadığım üçün xoşbəxtəm”.

Şeydayev “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri haqda da fikirlərini bildirib: “Əksər azarkeşlər “Çelsi” ilə oyunda “Qarabağ”ın heç bir şansının olmadığını düşünürlər, amma futbolda hər şey mümkündü. Biz İngiltərə nəhənginə qarşı mübarizə aparmaq gücündə olduğumuzu sübut etmək istəyirik. Qrupdakı rəqiblərimizin təqdimata ehtiyacları yoxdu. Bizə çox çətin olacaq, lakin azarkeşlərimizi üzməməyə çalışacağıq. Hər şey yaxşı olacaq. Ev oyunlarında “Qarabağ”ı çoxlu azarkeş dəstəkləyir. Komanda ÇL-in qrupuna vəsiqə əldə edəndə Bakıda necə bayram olduğunu təsəvvür edə bilməzsiz. “Çelsi”, “Roma” və “Atletiko” kimi klublara qol vurmağı çox istərdim. Amma əsas komandamın qələbə qazanmasıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43