İdman

Ramin Musayev: “Klubların işlərinə müdaxilə etmirik”

Az’rbaycan Premyer Liqasının iştirakçı komandaları, eləcə də görüşlərdə idarəçilik edən hakimlər yanvar ayından etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadırlar.

Idmanxeber.com-un məlumatına görə, komandalarımız yoxlama görüşlərində qüvvələrini sınadığı halda, hakimlərimiz bir sıra ölkələrin təmsilçilərinin görüşlərini idarə etdilər.

Bütün bu proseslərə ilk gündən diqqət ayıran Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev toplanışın yekunu olaraq bu gün mətbuat konfransı keçirdi. R.Musayev ilk olaraq toplanışda iştirak edən jurnalistlərə təşəkkürünü bildirdi: “Hər birinizi salamlayıram. Təklifimizi qəbul edib Antalya toplanışına gəldiyinizə görə sizə təşəkkür edirəm”.

Hakimlərin toplanışına toxunan PFL prezidenti bunları söylədi: “Hakimlərin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ənənə halını alıb. Bu işdə əməyi olan AFFA rəhbərliyinə, xüsusən də Rövnəq Abdullayevə təşəkkür edirəm. Toplanış ərzində hakimlərin idarə etdiyi görüşlərin sayı kifayət qədərdir. Məqsədimiz odur ki, hakimlərimiz həm fiziki, həm də nəzəri cəhətdən hazır olsunlar. Bütün bunlar  ona görədir ki, ilboyu əziyyət çəkən, xal uğrunda mübarizə aparan komandalarımızın haqqları tapdanmasın. Yaxşı hakimlik üçün idarəçilərin həm nəzəri, həm də fiziki durumları yaxşı səviyyədə olmalıdır. Bunun üçün isə toplanışın keçirilməsi vacibdir”.   

Ramin Musayev Antalyada olan klubların hazırlıqlarına da toxundu:  “Klubların da işləri ilə maraqlanırıq. Biz onlara müdaxilə etmirik. Ona görə toplanışlarını izləyirik ki, gələcəkdə meydana çıxa biləcək suallara cavab verək. Bəzi komandalarımız toplanışda keçirilən görüşlərdə məğlub olublar. Düşünürəm ki, bu, komandanın zəifliyindən irəli gəlmir. Çünki məşqçilər oyunlar zamanı bir sıra futbolçuları müxtəlif yerlərdə sınayırlar. Kimin hansı mövqe üçün daha uyğun olduğunu müəyyən edirlər. Zənnimcə, çempionatın qışdan sonrakı dönəmi çox maraqlı olacaq. Çünki yerlər uğrunda qızğın mübarizə gedəcək”.
Ramin Musayev Peşəkar Futbol Liqası bayrağı altında keçirilən I Divizion yarışının perspektivlərindən də danışdı: “I Divizion bizim üçün çox vacibdir. Çünki ora baza kimi baxırıq. Antalya toplanışında olan “Xəzər klubu mənim çox xoşuma gəldi. İstəyirik ki, I Divizionda   AFFA-dan maliyyələşməyən klubların sayı daha çox olsun. I Divizion yarışına komanda buraxmazdan öncə araşdırma aparırıq. Divizionda elə komandaların oynamasını istəyirik ki, onlar mövsümün sonuna qədər mübarizə aparsınlar və futbolumuza töhfə versinlər. Bəli, biz Antalyada “Xəzər” klubunun rəhbərliyi  ilə söhbət etdik. Onlar mənə sual verdilər ki, “biz Premyer Liqaya gələ bilərikmi?” Buna çox müsbət yanaşıram. Əgər həqiqətən də futbol naminə bir iş görmək istəyirlərsə, biz onlara dəstək verməyə hazırıq. Sözlərim təkcə  “Xəzər” klubuna deyil, Divizionda iştirak edən bütün klublara aiddir. Bütün klublar bizim üçün eynidir”. 

PFL prezidenti milli komandanın Moldova ilə keçirilən yoldaşlıq görüşü ilə bağlı da suala cavab verdi: “Mən milli komandanın yoldaşlıq görüşü zamanı yeni oyunçular gördüm. Unutmayaq ki, milli komanda da təlim-məşq toplanışında idi və oyun yoxlama görüşü xarakteri daşıyırdı. Millinin baş məşqçisi Qurban Qurbanov futbolçlardan çox yaxşı, düzgün istifadə etməyi bacarır. Hesab edirəm ki, Qurban Qurbanovun rəhbərlik etdiyi milli komanda xalqımızı sevindirəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43