Müsahibə

Ramin Musayev: “Ləzgi xəncəri ilə onun başını kəsəcəm”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Sumqayıt” – “Neftçi” oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

– “Sumqayıt” və “Neftçi”də prezident dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?

– Nə fikir bildirim? Dəyişdirilməli idi də. Əgər belə məsləhət biliblərsə, deməli, olmalı idi.

– 2 klubun prezidentinin istefası və Kamran Quliyevin “Neftçi”nin prezidenti təyin edilməsi gözlənilməz olmadı?

– Sualı mənə niyə verirsiniz? Elə bu barədə klub başqanlarından və “Neftçi”nin rəhbəri təyin olunan şəxsdən soruşun. Məsləhət görülübsə, olmalı idi. “Sumqayıt” gözəl komandadır. Fikir verin, əla oyun nümayiş etdirirlər. Yəqin ki, həmin insana inam var ki, xalqın komandasını ona tapşırdılar.

– Oyundan 1 gün əvvəl belə dəyişiklik gözlənilməz olmadı?

– Nə fərqi var? 1 gün tez, ya da 1 gün gec, olmalı idi.

– Açıqlama vermisiniz ki, Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam…

Bu üsul bir ləzgi xəncəridir, kəsəcəm başını. Dost dostdan küsər də. Xətrini istədiyim insandır. Söhbəti şişirdirsiniz…

– Kamran Quliyev deyib ki, Ramin Musayev bu açıqlaması ilə “Neftçi”yə təzyiq göstərir…

– Təzyiq? Siz ədəbiyyatı yaxşı oxumusunuz? Oxumusunuzsa, açıqlamaya diqqətlə fikir verin. Orada təzyiq etməklə bağlı nəyəsə rast gələcəksiniz?

– Klub prezidenti bu cür qəbul edir…

– Kim necə qəbul edirsə, etsin. Mən təzyiq doğuran cümlə işlətmişəm? Boş verin.

– Hazırda xəstəxanada olan Böyükağa Hacıyevi ziyarət etmisinizmi?

– Mən yatanda o gəlməyib, mən də getmirəm. Məndə 5 stent var, onda 3 dənədir. Gəlsəydi, gedərdim. Həyatda hər şey qarşılıqlıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43