Ölkə futbolu

Ramin Musayev: “Naxçıvanda “Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri çoxdu”

Xəbər verdiyimiz kimi, qərara görə "Xəzər Lənkəran" və "Neftçi" arasında Superkubok oyunu Naxçıvanda baş tutacaq.

Bu gün Azərbaycan kubokunun püşkatması mərasimində danışan PFL-in prezidenti Ramin Musayev bunları deyib:

“22-ci Azərbaycan kubokunda 20 komanda mübarizə aparacaq. Bunlarda 10-u Topaz Premyer Liqasını, qalanları isə I Divizionu təmsil edir. “Karvan”, “Turan-T”, “Energetik”, “Göyəzən”, “Şəmkir” və “Bakılı” komandaları kubok uğrunda mübarizə aparmayacaqlar. Püşkatmanın keçirilməsində yeniliklər etmişik. Yeni qaydaya əsasən komandaların reytinqinə görə müəyyən olunmuş səbətlərin qarşılaşması dəyişilmişdir. Belə ki, 1-ci səbətdə olan komandalarla 3-cü səbətdəkilər, 2-ci səbətdəki komandalarla 4-cü səbətdəkilər qarşılaşacaq”.

Püşkatma mərasimindən sonra Ramin Musayev Azərbaycan Superkubokunun keçirilmə tarixi və yerinin müəyyənləşdiyini bildirmişdir: “Azərbaycan Superkuboku uğrunda oyun oktyabrın 23-də Naxçıvan şəhərində keçiriləcək. Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdir. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” – “İnter” oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq, Naxçıvan xalqının futbola böyük sevgisi var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var”.

“Şahin Diniyevin “Rəvan”a baş məşqçi təyin olunması münasibəti ilə klubu təbrik edirəm. Komandaya çox xeyir verəcəyini düşünürəm və gələn mövsüm mükafatçılar sırasında olacağına inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43