İdman

Ramin Musayev: “Qoy məni cəzalandırsınlar, təki “Xəzər Lənkəran” qayıtsın”

PFL-in prezidenti Ramin Musayev müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, sualları cavablandıran qrum rəhbəri, Azərbaycan futbolunda baş verən son hadisələr və qarşıdakı yeniliklər haqda danışıb.

Sizə müsahibəni təqdim edirik:

– Yola saldığımız 2017-ci il futbolumuz üçün nə dərəcədə əlamətdar oldu?

-Bu ili Azərbaycan futbolu üçün uğurlu il saymaq olar. İllərlə gözlədiyimiz arzuya çatdıq və sevindirici hal oldu ki, ölkəmizdə Çempionlar Liqasının himni səsləndirildi. Bundan böyük sevinc ola bilərmi? Bu, bütün mənfi halların üstündən xətt çəkdi.

– Mövsümü necə dəyərləndirirsiniz? Hansısa dəyişiklik hiss olunurmu?

– Yeni mövsümdə dəyişiklik hiss olunmur. Ancaq dəyişiklik ondan ibarət oldu ki, “Sumaqyıt” “Qarabağ”ı kubokdan uzaqlaşdırdı. Bəzi futbolsevərlər bunu başqacür qələmə verirlər. Lakin mən bunu sevindirici hal olaraq görürəm. Burada söhbət hansısa komandaya simpatiyam olub-olmamaqdan getmir. Söhbət ondan gedir ki, çempionatda haqq-ədalət var. Siz fikir verin, neçə illərdir bizim keçirdiyimiz çempionatda birinci yeri tutan, ikinci yeri tutan və üçüncü yeri tutan, yəni, avropaya vəsiqə qazanan klublarımız hansı nailiyyətləri əldə edirlər. Fikir verin keçən il də “Qarabağ”ın naliyyəti o biri komandalara nisbətən daha geniş oldu, daha sevindirici oldu. “Qarabağ”dan sonra “Qəbələ”nin uğur qazanması sevindirici hal oldu bizim üçün. Demək istədiyim odur ki, 3-cü və 4-cü yerdə olan komanda, olmuyub ki, 1-ci və yaxud da 2-ci yerdə olan komandanı üstələsin. Bu onu göstərir ki, keçirdiyimiz çempionat haqq və ədalətlidir. Kim hansı yerə layiqdirsə, həmin yerdə də qərarlaşır. “Qarabağ” – “Sumqayıt” oyunu haqda fikir bildirdim, bu o, demək deyil ki, mənim “Qarabağ”a antipatiyam var. Xeyr, bu belə deyil. “Qarabağ” artıq Azərbaycan futbolunda nöqtəni qoydu. “Qarabağ”dan əvvəl onu deyə bilərəm ki, “Qəbələ” keçən il dünya rekordu qırdı. Onlar iki il dalbadal sfırdan gəlib, qrup mərhələsinə vəsiqə qazandılar. Bu, danılmaz faktdır. Bu, Azərbaycan futbolunun irəliləyişi və inkişafından xəbər verir. “Sumqayıt” klubu isə, sırf cavan uşaqlar, 97 və 98-ci il təvəllüdlü uşaqların, belə bir sınaqdan keçmiş, imtahan vermis komandaya qarşı inamlı mübarizə aparması və qalib gəlməsi, bu sevindirici haldır.

– Ötən illərlə müqayisədə hakimlərlə bağlı qalmaqallar, demək olar ki, yox səviyyəsindədir. Bu nə ilə əlaqədardır? Hakimlər təcrübə toplayıb, yoxsa rəqabət artıb?

– PFL yaranan zaman, eyni vaxtda AFFA-nın da rəhbərliyi dəyişdi. Rövnəq müəllim bu vəzifəyə gələndən, təkcə futbolun inkişafı üçün yox, hakimlərin də inkişafı üçün addımlar atdı. Bildiyimiz kimi, hər il iki dəfə fasilə olur çempionatda. İstər yay, istərsə də qış fasiləsində hakimlər təlim məşq toplantısına yollanırlar. Çempionat yalnız bizim ölkədə keçirilmir ki, dünyanın hər yerində var. Ancaq siz müqayisəyə fikir verin, mən burada konkret ad çəkməyəcəm, lakin dəfələrlə olub ki, avrokubok oyunları zamanı belə, azarkeşlər yanımda deyib ki, bizim hakimlərə min şükür. Bəli, çünki bizim hakimlər oyunun müqəddəratın həll etmirlər, oyunda hər şey komandaların özlərindən asılıdır. Ancaq elə ölkələr var ki, ad çəkməyəcəm, siz özünüz bilirsiniz, çempionatı hakimlər idarə edirlər. Rövnəq müəllim AFFA-ya rəhbər gələn zaman bir söz dedi: “eşitsəm bilsəm ki, hər hansı hakim, bir kluba simpatiya duyur və hansısa bir komandaya qarşı qərəzlidir, o hakim aramızda olmayacaq”.

– Göndərmələr də bununla bağlı idimi?

-Bəli kənarlaşdırılmalar hamısı bununla bağlı idi. Heç kim deyə bilməz ki, məni haqsız yerə uzaqlaşdırıblar.

– PFL-də bundan sonra nə kimi yeniliklər gözlənilir? Yeni texnoloqiyalardan istifadə olunacaqmı və istifadə olunsa, sizin bu sistemə münasibətiniz necədir?

– Hər il bir yenilik olur. Bu il də yeniliklərimiz olacaq, sadəcə, çempioatın ortasında bunu açıqlamaq məqsədə uyğun olmaz. Premyer Liqanı demək olar ki, artıq reysə qoymuşuq. Hal-hazırda bütün diqqətimizi 1–ci Diviziona yönəlib. Orada qalmaqallı söhbətlər olmasın deyə, ədalətsizlik halları yaşanmasın deyə. Söhbət təkcə hakimlərdən getmir, söhbət ümumiyyətlə çempionatdan gedir.Sözsüz ki, əlimizdə elə bir imkan, cihaz yoxdur ki, biz qeyri adi nəsə göstərə bilək. Ancaq nəzarəti böyütmüşük. Öz imkanlarımızdan istifadə edib, nümayəndələr göndəririk oyunlara ki, heç bu insanları siz özünüz də tanımırsınız. Futbol ictimaiyyətinin əksəriyyəti tanımır onları. Tanısaz belə, ağlınıza da gəlməz ki, bu insan PFL-in göstərişi ilə oyunlara gedir və biz onların vasitəçiliyi ilə matçlar haqda məlumatlar alırıq. Hərdən olur ki, jurnalistlərdən hər hansı birisi, bizə zəng edib deyir ki, görüşün hesabı belə olacaq. Ancaq biz göndərdiyimiz ekspertlərdən soruşduğumuzda, başqa söz deyirlər və üst-üstə düşmür. Belə deyək, hansı biriniz inanardınız ki, “Qarabağ” məğlub olacaq? Düzünü desək, heç biriniz inanmırdınız. Ancaq mən deyirdim ki, “Sumqayıt” mərhələni adlayan tərəf olcaq. Şahidim isə “Qarabağ”ın icraçı direktotu Əmrah Çəlikəldir. Dedim: “Əmrah müəllim siz nahaq gəlmisiniz. Çünki siz uduzacaqsınız”. O, isə mənə dedi ki, “yapma yaa”. Mən o uşaqlarda istək gördüm. İlk oyunda onların çıxışı hər şeyi deyirdi. Komanda da olan uşaqların fiziki hazırlığını gördüm. Mən “Sumqayıt”ın prezidenti Kamran müəllimə sual verdim ki, klubun fiziki hazırlığı ilə kim məşqul olur? Dedi: “Samir Abbasovun özü”. Mən sevindim. Öz yetirməmizdir, öz balamızdır. Yerli məşqçilərimizin peşəkar olması bizim üçün ona görə yaxşıdır ki, o, səhvə yol verməməyə çalışacaq. Çünki o, buradadır.Legioner məşqçinin vecinə deyil. Gəldi və bacarmadı çıxdı getdi. Onu Azərbaycan futbolunun gələcəyi maraqlandırmır. Ancaq yerli məşqçilərimiz buna can atırlar. Çünki həm öz adı və qoyduğu iz deyə bir anlayış var. Bu yaxınlarda Komanda.az-ın təqdimetmə mərasimində mən bildirdim ki, təkcə birinci yer yox, ikinci yer də olsa yaxşı olar. İkinci yeri isə heç düşünmədən “Sumqayıt”ın baş məşqçisi Samir Abbasova verərdim. O, doğurdan da çox güclü məşqçilərdən biridir. Məşqçilərdən əlavə legioner cəlb edəndə də klublar diqqətli olmalıdırlar. Çünki onlardan da çox şey asılıdır. Biz Rövnəq müəllim ilə “Neftçi”də çalışdığımız zaman əqidəmiz bir idi. Elə legioner gəlməlidir ki, komandaya fayda versin və bizim yeni yetişən oyunçularımız ondan nə isə götürsünlər. Heç kim deyə bilməz ki, hansısa legioner oyunçu “Neftçi”yə gəldi, oynadı və komandadan şikayət edib getdi. Çünki biz işə peşəkar yanaşmışıq. Aataların belə bir sözü var “Yüz ölç, bir biç”. Yəni diqqətli olun, klubun adına ləkə gəlməsin. Bu gün heç bir klub deyə bilməz ki, bizə ya PFL, ya da AFFA tərəfindən təzyiq olur. Bu mümkün deyil. Əqidəmiz birdir “Futbolu inkişaf elətdirmək”.

– Bir çox məqamlara toxundunuz. Lakin azarkeş amili qaldı. Nə etmək lazımdır ki, insanlar yenə oyunlara baxmağa gəlsinlər?  Küsgün Azarkeşlər var ki, bizə yazırlar. Əl-əxsus da  bölgələrdən. Komandaların azlığından şikayət edirlər. Klubların sayını yenidən əvvəlki vəziyyətə qaytarmaq üçün, sizcə nə edə bilərik?

– Klublar ilk növbədə oyunçulara diqqət yetirməlidirlər. Belə deyək 4-5 il bundan öncə oyunlara daha çox azarkeş gəlirdi, nəinki bu gün. Xatırlayırsınızsa, “Neftçi”- “Xəzər Lənkaran” görüşünü izləmək üçün 20 min azakeş gəlmişdi “Tofiq Bəhramov Stadionu”na. Bu gün həmin rekordu qıran yoxdur.

– Belə başa düşmək olarmı ki, azarkeşlərin gəlməməyində klub rəhbərlərinin də maraqı var?

– Gəlməməyində marağı yoxdur, Günahı var.

– Sizcə özləri bilərəkdən azarkeşləri stadionlardan uzaqlaşdırırlar?

– Yox, ona inanmıram. Hansı klub rəhbəri istəyər ki, azarkeş gəlməsin oyuna?

– Biz bilirik ki, siz “Neftçi” azarkeşisiz. Klubun bugünki durumundan razısınızmı və Gələcəkdə sizi bu klubda görmək olarmı?

– Yox, Görmək ehtimalı yoxdur. Ola da bilməz. Komandanın bugünki vəziyyətindən isə razıyam. Çox gözəl oyun nümayiş etdirirlər. “Neftçi”nin artıq geri dönüş etdiyini düşünmək olar. Qaldı ki, mənim “Neftçi”yə azarkeşlik etməyimə, Hər bir insanın qəlbində bir klub var. Ancaq heç kəs deyə bilməz ki, mən “Neftçi”yə hər hansı köməklik etmişəm. Kiminsə haqqını yemək, ən azı vicdansızlıqdır.

– Problemlərdən danışmışkən. Manipulyasiya olan oyunlar oldu. İstər birinci Divizion, istərsə də əsas liqada. Hətda Qurban Qurbanovda müsahibəsində bildirdi ki, belə 1-ci Divizion olmaqdansa, olmaması yaxşıdır. Siz bu haqda nə deyə bilərsiniz? İki futbolçu və bir məşqçi ömürlük futboldan kənarlaşdırıldı bu fakta görə …

– Birinci Divizionda olanlarla Qurban müəllimlə razıyam, ancaq, deyilənlər doğrudursa. Əgər bütün komandalar oyun alqı-satqısı ilə məşquldursa, onda bizə nə lazımdır. Mən tamamilə razıyam. Onun üçün də mən çıxışımın əvvəlində söylədim ki, bu il bütün diqqətimizi 1-ci Diviziona yönəldmişik. Qaldı ki, iki futbolçu və bir məşqçinin məsələsinə, futbolçuları çox gözəl tanıyıram. Şəxsən mənim üçün ən böyük udar Mirhüseyn Seyidov oldu. Mən hələ də deyirəm ki, kaş bu yuxu olardı. Çünki mən “Neftçi”də işləyəndə o, körpə uşaq idi. Bazada qalırdı. Işıq olmurdu, su olmurdu. Yəni o əziyyət ilə, çətinlik ilə futbol aləmində böyümüş uşağın bu addımı atmağı, mənə çox pis təsir etdi. Məşqçiyə gəldikdə isə, o, bu hərəkəti edibsə, deməli məşqçi deyil.

– 31 min 600 manat Premyer Liqa klublarının sizə borcu var, 14 tur ərzində. Burada isə ən çox borcu olan klublar “Qarabağ” və “Qəbələ” komandalarıdır. Çox pulları olduğu üçünmü onları bu qədər cərimə edirsiniz?

– Yox, o, haram pul sayılır. Heç bir klubla aramızda maliyyə problemi yoxdur. Ehtiyyac olduqda isə xəbər göndəririk ki, idarənin puıa ehtiyyacı var,  pul göndərin, göndərirlər.

– Böyük futboldan danışdıq. Ancaq uşaq futbolunda da çox ciddi problemlər var. Bu haqda nə deyə bilərsiz?

– Uşaq futbolu ən yaralı yerimizdir. Əgər biz Azərbaycan futbolunun gələcəyini parlaq görmək istəyiriksə, uşaq futbolunu gücləndirməliyik. Uşaq futbolu binanın bünövrəsi deməkdir. Uşaq futbolu o vaxt inkişaf edəcək ki, ora təyinat alan məşqçilər diqqətli olmalı və seçilməlidirlər.

– Ramin müəllim, siz deyirsiz ki, 8 klub var və hər kəs də öz yerindədir. Onda belə çıxır ki,  biz elə 8 komanda ilə gedəcəyik …

– Yox 8 komanda ilə getmək istəmirəm. Ancaq məcburuq. Mən həmişə demişəm ki, gəlsin “Xəzər Lənkaran” komandası, baxmayaraq ki, onlar birbaşa Premyer Liqada iştirak edə bilməzlər. Mən razılıq verirəm. Qoy məni qayda pozuntusunda günahlandırsınlar. Ancaq təki gəlsinlər. Komandanın sayının çox olmağı bizə xeyr edir. Amma gələn varmı? Gələn varsa da gözüm üstə yerləri var. Qaldı ki, klubların az olması və nailiyyət əldə etmələri, vaxtı ilə Premyer Liqada komandalar çox olanda, oyunçuya ehtiyyac çox idi və həmin sayda futbolçular yox idi. Məşqçi məcbur qalıb oyunçunu oynadırdı. Amma bu gün oyunçuların sayı da var, limitlə bağlı da problem yoxdur. Kim yaxşıdırsa, onu da götürürlər. Elə oyunçu var ki, ad çəkmək yaxşı çıxmaz, zəng vururlar ki, filankəsin qohumuyuq, onu kömək edin bir komandaya düzüb qoşaq. Belə baxıram və fikirləşirəm ki. Vaxtı ilə Liqada düşürdülər bu oyunçunun dalınca, ancaq bu gün deyir ki, 1-ci Divizionda oynamağa mənə şərait yaratsınlar. Günahkar kimdir? Futbolçunun özü və oynadığı klubun rəhbəri. Mən futbolçularıma demişdim: “sizin bir probleminiz var, o da futbol oynamaq”. Gecə saat 3-də futbolçu zəng edib ki, “qəza törətmişəm”. Mən demişəm ki, “açarı maşının üstünə qoy, sən get”.  Müsahibəni oxusa, özü biləcək kimdir. 

– Qarşıdan yeni il gəlir və bu ilin atributları olan şaxta baba və qar qızdan, ciddi də olmasa şəkil də çəkdiririk, arzu da istəyirik. Bəs siz hansı klubumuz üçün arzu edərsiz ki, bu klub 2018-də daha yaxşı çıxış etsin?

– Bir klubun adını çəkə bilmərəm. Vəzifəmə görə yox, qəlbimə görə. İstərəm ki, Premyer Liqada çıxış edən komandaın 8-də yaxşı oyun göstərsin.

newsport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43