Ölkə futbolu

Ramin Musayev: “Rəhimin penalti verdiyini görəndə yavaş səslə “yox, Rəhim, yox idi” dedim”

Bildiyiniz kimi, uzun fasilədən sonra Superkubok oyunu baş tutdu. Peşəkar Futbol Liqasının Naxçıvanda keçirdiyi oyunun ertəsi futbol qurumunun prezidenti Ramin Musayevlə söhbətləşməyi vacib saydıq.

– Başda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, gənclər və idman naziri Azad Cabbarov olmaqla bütün naxçıvanlılara minnətdarlığımı     bildirirəm. Təşkilatçılıq və təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həll olunacağına inanırdıq. Ancaq hər şey gözlədiyimizdən də yaxşı   alındı. Görülən işləri, qonaqpərvərliyi olduqca yüksək qiymətləndiririk. Ordan çox yüksək əhval-ruhiyyə ilə qayıtdıq.

– Artıq Superkubok həyəcanı geridə qalıb. Əzəli rəqiblərin Naxçıvanda qarşılaşması konkret nəyə hesablanmışdı?

– Məgər bütün maraqlı qarşılaşmalar Bakıda keçirilməlidi? Ulu öndərimiz Heydər Əliyevin doğulduğu torpaqda yaşayanların uzun fasilədən  sonra Superkubok matçına canlı baxması yerinə düşdü. Hər iki klubun rəhbərliyi matçdan öncə və sonra razılıqlarını bildirdilər. Görüşün  Naxçıvanda oynanılmasından məmnun idilər. Həm “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovun, həm də “Neftçi”nin başqanı Sadıq  Sadıqovun PFL-in atdığı addımı dəstəkləməsi faktdı. Hətta gələn il ölkə kubokun finalının da Naxçıvanda baş tutmasının müsbət effekt  verəcəyini söylədilər.

– Azarkeşlərin fəallıq səviyyəsinə baxanda oyunun elit futboldan kənarda qalan bölgədə keçirildiyi hiss olunurdu.

– Vallah, sizin nə hiss etdiyinizi bilmirəm. Mən xalqın üzündə sevinc gördüm. Stadionda qadın da var idi, gənc qızlar da, qucağıuşaqlı ana      da… Oyuna baxmaq həvəsi ilə tribunada əyləşən ağsaqqalı, Allah şəfasını versin əlilləri görmək fərqli duyğulara meydan verdi.

– Əvvəlki “böyük oyun”larda baş verən dava-dalaşın qarşısının alınması üçün Naxçıvan variantının seçildiyini qabardanlar və bu ideyanın    müsbət tərəfinin daha çox olduğunu söyləyənlər də var.

– Bu iki klub arasında orda gördüyüm mehribançılıq çox ailələrdə yoxdu. Kimin udan, kimin uduzan tərəf olduğu bilinmirdi. Naxçıvana  ezam olunan həmkarlarınız da şam yeməyində masa arxasında iki komandanın futbolçularının qarışıq əyləşdiyindən xəbərdardı. Dava-dalaş  heç kimə xeyir verməyib. Prinsipial rəqabət gözəldi, ancaq qarşıdurmalar yolverilməzdi.

– Sizcə, barmaqla sayılacaq qədər radikal fanatın tribunadan izlədiyi son “böyük oyun”un ardından çılğın azarkeşlərdə “qarşıdurmasız da  keçinmək olar” fikri formalaşdımı?

– Məncə, hə. Azarkeşlər futbolu bir kənara qoyub, 90 dəqiqə tribunalarda çaxnaşma yaradanda oyunçuların da diqqəti yayınır. İdman  prinsiplərinin sərhədlərini aşmayan gərginlik istənilən görüşə rəng qatır. Superkubok oyununda tərəflərin ifasında məhz belə gərginlik  sonadək davam etdi. Qalmaqalsız oyun daha səviyyəli qarşılaşma kimi tarixdə qaldı. Əzəli rəqiblərin növbəti görüşlərində kiminsə artıq  hərəkətə yol verəcəyinə inanmıram.

– Rəhim Həsənov Denis Silvanın Ağabala Ramazanova qarşı kobudluq etdiyini bildirib “nöqtə”ni göstərəndə nə düşündüz?

– Bunu indi demək nəyisə dəyişmir. Amma o epizodda referinin penalti verdiyini görəndə yavaş səslə  “yox, Rəhim, yox idi” dedim.

– Həsənov qapının arxasında dayanan əlavə köməkçi hakimlə – Əliyar Ağayevlə məsləhətləşib qərarını dəyişdi. Buna münasibətiniz necədi?

– Fikrimcə, belə yaxşıdı.

– Adətən fit sahibləri qətiyyətsiz görünməmək, ab-havanı gərginləşdirməmək üçün qərarını dəyişmir.

– O da var. Amma penalti yerinə yetirilsəydi, bəlkə də “Xəzər Lənkəran”ın qələbəsinə kölgə düşəcəkdi.

– PFL prezidenti yox, futbol azarkeşi olaraq, oyundan zövq aldız?

– İkinci yarı xoşuma gəldi. İlk hissə baxımlı alınmadı.

– Təltifetmə mərasimində “Neftçi”lilərin üzündə məyusluq nə dərəcədə idi?

– Əlbəttə, titulu hər iki komanda qazanmaq istəyirdi. Mübarizə varsa, məğlubiyyəti heç kim istəməz. Oyunda sərt toqquşmalar oldu, hətta  “Neftçi”nin futbolçusu (Karlos Kardoso – N.) xəstəxanaya çatdırıldı. Elə Lənkəran təmsilçisindən də zədələnən oldu.Bununla belə,  yaranan mehriban münasibət ifrat məyusluğun qarşısını almışdı.

– Növbəti Superkubok oyunları öncədən təqvimə salınacaq?

– Hansı gün imkan olsa, o günə salınacaq.

– Dünya praktikasında belə görüşlər çempionatda fasilə yarandığı dönəmdə – yay aylarında baş tutur. Birdəfəlik vaxt müəyyənləşdirmək    olmazmı?

– Bundan sonra Premyer Liqanın qalibi ölkə kubokunu qazansa, Superkubok keçirilməyəcək.

– Aydındı. Niyə futbolunun inkişaf səviyyəsinə bizi bir neçə dəfə qabaqlayan ölkələrin yolu ilə getmirik. Tutaq ki, klubları bizimkilərdən  mövsüm ərzində 2 dəfə çox oyun keçirən İngiltərə Superkubok oyununa vaxt tapdığı halda, biz niyə zamanın ixtiyarına buraxırıq?

– Çünki Azərbaycan klublarında çıxış edən legionerlər çempionat başa çatar-çatmaz ölkəsinə yollanır. 10 gün istirahət edir və ardından  klubların toplanışı başlayır və müəyyən problemlər yaranır.

– Belə çıxır ki, Azərbaycan reallığı ilə Avropa gerçəkliyi uzlaşmır?

– Uzlaşmır.

– Gözəl cavabdı, sizinlə tam razıyam.

– Premyer  Liqanın ikinci dövrəsi başlayıb. Hazırki çempionat modeli “altılıq” sistemindən uğurlu alınır?

– Gəlin, tələsməyək. Bunu çempionatın sonunda biləcəyik. İndidən nəsə demək çətindi.

– Son tsikldə 9 xal toplayan yığmanın çalışdırıcısı Berti Foqtsun postunda qalmasını istəyənlərin sayı artıbsa, getməli olduğunu söyləyənlər də var. Sizin mövqeyiniz?

– Bu suala cavab vermək istəmirəm.

– Niyə?

– Çünki mənə aid olan sual deyil.

– Bəs mövqeyiniz?

– Onu deyə bilərəm ki, baş məşqçi kimliyindən asılı olmayaraq, çempionat oyunlarını canlı izləməli, imkanlaşdırıb birinci divizionun oyunlarına da baxmalıdı. Yığmanın çalışdırıcısı oyunçuların son durumuyla iş başında tanış olmalı, yeni gözaltılarını müəyyənləşdirməlidi.

Futbol+


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43