İdman

Ramin Musayev: “Yalnız Rəşad Sadıqovun formasını azarkeşlərdə görmüşəm” – MÜSAHİBƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 4-cü yazısı

Çempionatın başlamasına cəmi 1 gün qalıb. Sabah Premyer Liqanın 2017/18 mövsümünə rəsmən start veriləcək. Layihəmizin istiqamətlərinə uyğun olaraq, Peşəkar Futbol Liqasının (PFL) yeni mövsümə necə hazırlaşdığını öyrənmək istədik. Bu münasibətlə PFL-in prezidenti Ramin Musayevlə görüşüb ona suallarımızı ünvanladıq:

– Ardıcıl 2-ci mövsüm Premyer Liqada 8 klub iştirak edəcək. Futbolçular da eyni rəqiblə bir mövsümdə 4 dəfə qarşılaşmağın bezdirici olduğunu deyir. Siz bu durumla bağlı nə deyə bilərsiniz?

– Bütün fikirlərə hörmətlə yanaşıram. Futbolçular düz deyir. Biz də, siz də düz deyirsiz. Ancaq bu yalnız bizdən asılı məsələ deyil. Püşkatma zamanı dedim ki, hər hansı komanda elitada iştirak etmək üçün müraciət eləsin, mən klublardan xahiş edərəm və püşkatmanı yenidən həyata keçirərəm. Peşəkarlıqdan uzaq olsa da, bütün tənqidləri qəbul edərək son anda da Premyer Liqa iştirakçılarının sayının artmasını istəyərəm. Bilirsiniz ki, bütün dünyada böhrandır. Futbol sponsorlarının əksəriyyəti böhran yaşadı. Bunda nə bizim, nə də futbolçuların günahı var. Bizə  kəmiyyət yox, keyfiyyət lazımdır. Klublarımız heç də avrokuboklarda pis təsir bağışlamadı. Klublara demişdim ki, avrokuboklar üçün heyətinizi qışdan qurun. Çünki yeni transferlərin komandaya uyğunlaşması üçün 6 ay keçməlidir. “Qəbələ” də qışdan hazırlıq görməliydi. Əvvəllər klubda çalışmış birisi kimi bunu deyirəm. Məncə, “Qəbələ” bu oyunçuları qışda heyətinə qatsaydı, 3-cü mərhələni asan keçəcəkdi. Ancaq mübarizə apardılar, pis oynamadılar. Premyer Liqada iştirakçıların sayının səkkiz olması bizdən asılı olan məsələ deyil.

– Sizə elə gəlmir ki, bölgə klublarının azlığı çempionatın rəngarəngliyinə xələl gətirir?

– Əlbəttə, bölgə klublarının sayı çox olsa, daha maraqlı olar. Hər gün Bakıda oynamaq futbolçuları bir növ sıxır. “Neftçi”də çalışanda komandanı Antalyaya təlim-məşq toplanışına yollamışdıq. Əvvəlcə “Topqapı” otelində qalırdılar. Sonra ordan sıxılmağa başladılar. Daha sonra Bələkdə başqa otel tapıb, komandanı orada yerləşdirdim. Baş məşqçi dedi ki, bu yerdəyişmənin nə mənası var ki. Dedim Qurban, nəticəsini orada görəcəksən, burada yox. Hətta narazı qaldı ki, bura artıq alışmışdıq. Yeni oteldə sanki futbolçular Bakıdan yenicə Antalyaya gəlmişdilər. Qurbanov özü də bu addımımın doğru olduğunu söylədi. İndi sanki həminki vəziyyət Premyer Liqada çıxış edən klublarda hökm sürür. Bakının müxtəlif stadionları arasında gəzirlər. Sizin iradınızı qəbul edirəm. Ancaq biz nə edə bilərik? Lisenziya şərtlərinə cavab vermək lazımdır. Kiməsə güzəştə gedib, çempionata buraxdıq. Sonra o yarımçıq elitanı tərk etdi. Belə olan halda çempionatın ləzzəti qaçır. Bu səbəbdən məcburuq ki, zəmanət məktubu tələb edək. Bütün bunları nəzərə alıb, belə davam edirik. Ancaq elə bir adam deyə bilməz ki, biz müraciət elədik, ancaq Ramin müəllim bizi qəbul etmədi və ya bizə kömək etmədi.

– Olmazdı ki,  dövlət səviyyəsində sahibkarlara güzəştlər olunsun? Onlar da klub saxlamaqda maraqlı olsun…

– Dünən axşam mənə bir yoldaş zəng edib ki, Rusiyadan bir iş adamı gəlib klub saxlamaq istəyir. Əvəzində ona hansı güzəştlərin tətbiq ediləcəyini soruşdu. Dedim ki, futbolla bağlı köməklik edərik. Ancaq biznes qurmaq üçün bura gəlirsə, bu məsələyə dövlət baxır. Belə variant başqa ölkələrdə olub və bunun da nəticəsini görüblər. Ölkə rəhbəri belə məsləhət bilirsə, deməli, belə də olmalıdır. Bəzi insanlar futbol klubu saxlamaq adıyla başqa qeyri-qanuni işlər də görə bilər. Məncə, buna görə bizdə qeyd etdiyiniz güzəştlər tətbiq olunmur.

– Bəs PFL-in maliyyə durumu necədir?

– Biz də bu dövlətdə yaşayırıq (gülür).

– “Topaz”la müqavilə yenilənəcək?

– Artıq  yenilənib. “Topaz” rəhbərliyi sağ olsun. Futbola olan sevgilərini əsirgəmədilər. Artıq 3-cü ildi ki, bu şirkətlə sponsorluqla bağlı əməkdaşlıq edirik.

– Ötən mövsüm jurnalistlərin bölgələrə səfəri layihəsi həyata keçirilirdi. Bu il hansısa fərqlilik olacaq?

– “Topaz”ın təşəbbüsüylə jurnalistlər 1-ci divizion oyunlarına getdi. Bir neçə görüş “CBC Sport” vasitəsilə yayınlandı. Yanvara qədər futbola böyük yatırım qoymayacaqlar. Ancaq “Topaz” bizimlə birgə yanvardan sonra daha yaxşı və intensiv layihələr həyata keçirmək niyyətindədir.

– Ötən mövsümdən cərimələrə görə sizə borcu olan klublara qarşı sanksiyalar tətbiq edəcəksiniz?

– Hamımız insanıq. Gərək hər şeyə fikir verək. Maliyyə problemi yaşayan kluba təzyiq göstərə bilmərik. Hər klubla görüşümüz olub. “Qarabağ”dan başqa hamısının borcu var. Ancaq söhbət etdikdən sonra hissə-hissə borclarını ödəməyə başlayıblar. “Qəbələ”dən artıq müəyyən qədər ödəniş daxil olub. “Sumqayıt”dan da zəng gəldi ki, borcumuzun bir qismini ödəyəcəyik. Klublarla bu məsələylə bağlı ciddi problemimiz yoxdur. Heç kim “borcu vermirəm” demir. Bunu öz aramızda yoluna qoyacağıq.

– Yeni mövsümə marağı artırmaq üçün hər hansı layihə fikirləşmisiniz?

– “Topaz” rəhbərliyi ilə azarkeşlərlə bağlı müzakirələr apardıq. Bu planın üzərində çalışırıq. Ancaq bu tək bizdən deyil, klublarımızdan da asılıdır. Mən yerli futbolçulardan yalnız Rəşad Sadıqovun formasını azarkeşlərdə görmüşəm. Futbolçu öz oyunuyla yanaşı, mədəniyyəti ilə də özünü azarkeşlərə sevdirməyi bacarmalıdır. Elə futbolçu var ki, jurnalist və ya azarkeş yaxınlaşanda elə davranır ki, sanki ona borcları var. Əksinə, həmin oyunçunun onlara borcu var. Vaxtilə Vidadi Rzayevin, Zaur Tağızadənin, Mahmud Qurbanovun,Qurban Qurbanovun, Georgi Adamiyanın formalarını azarkeşlərdə görürdük. Klublar da bizə kömək etməli, azarkeşlə işləməlidir. Onlar dərk etməlidir ki, futbolçuların yaxşı oynamağını istəyirlərsə, azarkeş cəlb etməlidilər. Mən “Neftçi”də, Tuyqun Nadirov “Xəzər Lənkəran”da çalışanda intriqa yaradırdıq. Ölkə kubokunun yarımfinal oyununda Respublika stadionunda 24-26 min azarkeş yığılmışdı. Bunu bacarmaq lazımdır. Gəncədəki “Qızıl oyun”da tribunalarda boş yer yox idi. Lənkərandan 200-dən artıq avtobus gəlmişdi. Qazaxdan, Gürcüstandan “Neftçi”yə dəstək olmaq üçün gələnlər var idi. Bakıdan nə qədər azarkeş Gəncəyə getmişdi. Bunları etmək lazımdır. Yoxsa iş yerimdə oturum və azarkeşin niyə gəlmədiyini düşünüm… Azarkeşin gəlməsi üçün gərək addım atasan. Əfsuslar olsun ki, bizdə bunu sona kimi fikirləşən yoxdur.

– Sizə elə gəlmir ki, 1-2 klubu çıxmaqla qalanları azarkeşin gəlməsindən maraqlı deyil?

– Şəxsən bilsəm ki, belə klub var, onu cəzalandıraram. Mən belə klub olduğunu bilmirəm. Azarkeşsiz oyun tamaşaçısız teatr kimidir. Qonaqsız toy eləmək olar?

– Bəs azarkeş cəlbi üçün özünü oda-közə vuran hansı klubdur?

– “Sumqayıt”ın fəaliyyətindən razıyam. Orada azarkeş baxımından problem yaşanmır.

– Sumqayıt onsuz da futbol şəhəri kimi tanınır…

– Bəyəm Bakı futbol şəhəri deyildi? Rövnəq müəllim vaxtilə gözəl təklif elədi. Dedi ki, paytaxt klublarını qəsəbə və rayonların adlarıyla hallandırılsın. AFFA prezidenti bunu deyəndə klub rəhbərləri qısqanclıqla qarşıladı. Stadionlarımızın 90 faizində işıqlandırma sistemi var. Deməli, oyunların əksəriyyətini axşama sala bilərik ki, iş vaxtına düşməsin, azarkeş gəlsin. Bizdən nə asılıdırsa, onları etməyə hazırıq. Ancaq komandadan, məşqçidən, futbolçulardan da çox şey asılıdır. Mən “Neftçi”də işləyəndə futbolçularla azarkeşlər arasında görüş təşkil edirdik. Sual-cavab olurdu, onlarla şəkil çəkdirilirdi. Yəni azarkeşə hörmətlə yanaşmaq lazımdır.

– “Səbail”in yerinə hansısa bölgədə klub açmaq olmazdı?

– Bu klub bizim təşəbbüsümüzdən əvvəl yaranıb. Onları artıq stadionu var. Oranı artıq dağıtmaq lazım deyil. Yevlaxda, Lənkəranda, Bərdədə, Tovuzda, Mingəçevirdə stadionumuz var. Olanı dağıtmaq yox, olmayanı bərpa etmək lazımdır. Təəssüf ki, bizə dəstək verən yoxdur.

– Hakimlərin ölkə xaricində təlim-məşq toplanışı baş tutmadı. Bu da çempionatda idarəçiliyə mənfi təsir göstərəcək. Buna münasibətinizi bilmək istərdik?

– Mənfi təsirin olacağını düşünmürəm. Əsas məqsəd odur ki, hakimlərin fiziki hazırlığı qaydasında olsun. Bizi hər il ölkə xaricinə aparan kampaniya var idi ki, o da cəmi 8 yoxlama oyunu verəcəyini dedi. Bizim isə 9 referimiz var. Bunun üçün ölkə xaricinə çıxmağa dəyməz. Ancaq Antalyada olanda  ən azı 60 oyun hakimlərimizə həvalə olunurdu. Məcbur olduq ki, toplanışı ölkə daxilində keçək.

– “Qarabağ”ın növbəti dəfə çempion olmasının Premyer Liqaya marağı daha da azaldır və ya əksinə çoxaldır? 

– “Neftçi” də ardıcıl bir neçə dəfə çempion olmuşdu. Ancaq ölkə çempionatına maraq azalmadı. “Qarabağ” yenidən çempion olsa, maraq azalmaz. Avropada da belə hallara tez-tez rast gəlinir. Bu il komandalarımız gözəl heyət yığıb. “Qəbələ” çempionluq üçün oynayacaq. “İnter”in yeni prezidenti Zaur Axundovu da yaxşı tanıyıram. Həmişə zirvədə olmağı xoşlayır. Yanvardan sonra klubu müsbət mənada dəyişəcək.

– Bu mövsüm çempionluğa ən real namizəd hansı komandanı görürsünüz?

– “Qəbələ” bu il çox gözəl oyun nümayiş etdirəcək. Roman Qriqorçuka həm insan, həm də məşqçi kimi böyük hörmətim var. Onların yeni futbolçularını bəyəndim. “İnter”də transfer qadağası olduğundan yaralı vəziyyətdədir. “Neftçi” haqda bir söz deyə bilmirəm. Çünki yoxlama oyunlarını izləməmişəm. “Qarabağ”ın baş məşqçisi ilə münasibətlərim çox yaxşıdır. Ancaq bunun məsələyə dəxli yoxdur. Fikrimcə, bu “Qarabağ” əvvəlki “Qarabağ”dan zəifdir. Bu il “Kəpəz” və “Sumqayıt”dan da yaxşı oyun gözləyirəm. Kim güclüdürsə, o da çempion olacaq. Özünüz də bilirsiniz ki, PFL yarandığı ildən çempion və kuboku götürən komanda avrokuboklarda ilk turdan büdrəməyib. Bizim boynumuza düşən yük odur ki, çempionat haqq-ədalətliolsun. Şükür Allaha ki, kiminsə xahişi ilə, rüşvətlə heç bir iş görülmür. Hakim səhvi isə dünyanın hər yerində var.

– Birinci divizionda neçə klubçıxış edəcək?

– Sayı dəqiq bilmirik. Hansı klub bankdan zəmanət məktubu verməsə, o klub 1-ci dəstədə iştirak etməyəcək. Həmin məktubu verən şəxs kluba görə cavabdehlik daşıyacaq. Ötən mövsüm danışılmış oyunlarla bağlı çox söz-söhbət gəzdi. Hətta 2 klubu cəzalandırdılar. Bu il elə olmayacaq. Elxan müəllimlə oturub söhbət etmişik. Bu il divizionda tamam başqa ab-hava olacaq. Biz istəyirik ki, güclü qalib gəlsin. Özünüz bu fərqi hiss edəcəksiniz. 1-ci dəstədə oynamaq üçün müraciət edən klublar çoxdur. “Binə”, “Göyçə” və “Karvan” divizionda oynamaq istəyir. Bəziləri adından istifadə edib, komandasını çempionata buraxdırmağa çalışır. Ancaq şəxsi inam qıraqda qalıb. Doğmam da gəlsə, dostum da gəlsə, xeyri yoxdur. Hökmən iştirakçıların zəmanət məktubu olmalıdır.

– “Masallı”nın da divizionda oynayacağı deyilirdi…

– Bunu bilmirəm. Bizə rəsmi qaydada müraciət olmayıb. Olunsa canla-başla kömək etməyə hazıram. Cənub zonası futbolu bilən camaatdır. Heç vaxt aramızda dava da olmayıb. Mən PFL-ə prezident seçiləndə 5 il işlədiyim “Neftçi” azarkeşlərindən daha çox lənkəranlı futbolsevərlərdən təbrik eşitdim. Bunu heç vaxt unuda bilmərəm.

– “CBC Sport”un teleyayım hüququna yiyələnməsinə görə klublara olan borcu ödənildimi?

– Bu telekanal sağ olsun ki, çempionat oyunlarını 8-9 kamerayla çəkir. Yüksək səviyyədə işıqlandırır.Ancaq telekanal klublara pul ödəmək üçün gəlir əldə etməli, reklamdan büdcəsini genişləndirməlidir. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43