18 Oktyabr 2021
Müsahibə

Rauf Əliyev: “Niyə peşman olum ki?”

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “İnter” doğma meydanda “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçda komandasının 4-cü qolunu vurmuş Rauf Əliyev jurnalistlərin suallarını cavablandırıb.  

– Oyun necə keçdi? Görüşdən öncə yayılan xəbərlərdən (Beynəlxalq Bankın “İnter”ə sponsorluqdan imtina etməsi – red.) sonra komandanızda gərginlik var idimi?

– Komanda yoldaşlarımın da mətbuatda dedikləri kimi, fikirlərimizi bu hadisəyə yönəltməmişdik. “İnter”in daha öncə də çətin günləri olub. Biz inanırıq ki, kollektiv, komanda yaşayacaq, dağılmayacaq. Oyuna gəlincə, biz bu gün öz oyunumuzu göstərdik. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Amma bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. İlin ilk oyunu idi. Bu, üçüncü dövrəyə uğurlu başlamağımız üçün yaxşı motivasiya idi. Bu gün böyük fərqlə qalib gəldik. Hər şey normaldır.

– İlk qol sizin üçün deyəsən, gözlənilməz oldu…

– Düzü, elədir. Həmin qoldan öncə “Kəpəz”in qapısı qarşısında bir neçə təhlükəli epizodlarımız olmuşdu, lakin bundan yararlana bilməmişdik. . Ancaq bizim üçün ən vacibi odur ki, ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirə bildik. Bu bərabərlik olmasaydı, bəlkə də ikinci hissədə bizim üçün daha çətin olacaqdı.

– “İnter” ikinci hissədə çox fəal idi. Bu, bir az  gözlənilməz oldu…

– Bizdə, adətən, həmişə ikinci hissədə bir az canlanma olur. Elə bil ki, komanda birinci hissədə bir az “yuxulayır”. Ancaq fasilədən sonra komandamızın fəal oynamağı hiss olunur. Əsas odur ki, bu, nəticəyə öz təsirini göstərdi və biz 3 xal qazandıq.

– Qol vurmaq üçün çox çalışdın və nəhayət, arzuna çatdın…

– Əlbəttə. Hücumçu kimi qol vurmağı çox istəyirdim. Sağ olsun, İlkin Qırtımov yaxşı ötürmə etdi. Bundan əvvəl qapıçı ilə təkbətək çıxmışdım, lakin yararlana bilmədim. Onda bir az həvəsdən düşmüşdüm. Ancaq bir hücumçu kimi öz qolumu vurdum.

– Belə hava şəraitində oynamağa hazır deyildiniz…

– Dünən oyundan əvvəl hava sakit idi. Bu gün də matçdan öncə qar yox idi. Qarşılaşma başlayanda yer ağ oldu. Bir şey də var ki, süni meydanda qarlı havada oynayanda o qədər təsir göstərmir. Çünki palçıq olmur.

– Həftəiçi belə xəbər çıxdı ki, maaşda gecikmə olub….

– Mətbuata bildirdik ki, maaşda bir ay gecikmə olub. Bizdə VÖEN-lə bağlı problemlər yaranmışdı. Buna görə maaşlarımız bir az gec verildi.  

– Klubun gələcək taleyi ilə bağlı rəhbərliklə görüşünüz oldu? Nə vəd olundu?

– Bizə vəd olunan odur ki, klub yaşayacaq. Yaya kimi yüz faizdir. Bizə deyilib ki, narahat olmayın, hər şey vaxtlı-vaxtında həll olunacaq. Yaydan sonraya gəlincə, mən inanmıram ki, “İnter” kimi klub dağılsın. Yenidən bir klub yaratmaqdansa, 10 ilə aşağı səviyyədən bura çatdırmaqdansa, hazır klubdur, hər bir şəraiti var, bunu yaşatmaq daha yaxşıdır.

– Rauf, düşünmürsən ki, “İnter” pul olmayanda daha yaxşı oynayır? Çünki ötən yay klubda problemlər olanda Avropa Liqasının III təsnifat mərhələsinədək gedib çıxdı…

– Sizə bir şeyi deyim ki, “İnter” bu gün çox yaxşı kollektivə malikdir. Bunun nəticəsidir ki, oyunlarda özümü ən yaxşı cəhətdən göstəririk. Gedənlər olsa da, kollektiv dağılmır. Baş məşqçisindən tutmuş sıradan bir işçisinədək çox yaxşı komanda formalaşıb. Bu da yaxşı nəticəyə gətirib çıxarır.

– Gedənlərin yerləri oyunda hiss olunurdumu?

– Bugünkü oyunda hiss etmədik. Mən əvvəl də demişdim ki, komandamız bir futbolçudan yox, 10 nəfərdən asılıdır. Buna görə fərqi hiss etmədik.

– Qışda getmək şansın var idimi?

– Açığı, var idi. Yalandan “yox” deyə bilmərəm. Ancaq “İnter” mənə artıq doğma olduğu üçün belə vəziyyətdə getmək istəmədim.

– Sponsorla bağlı xəbərdən sonra getmədiyinə görə peşman oldunmu?

– Yox. Niyə peşman olum ki? İndiyədək peşman olacaq bir qərar verməmişəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Fariz Nəcəfov: “Kvekveskiri maaşının 3 qatını istəyirdi” – MÜSAHİBƏ

admin

Anyete: “Hakimlər bizə xal qazanmaqda kömək etmədilər” (MÜSAHİBƏ)

admin

Orxan Sadıqlı: “…səni evindən qovmasalar gedərsən?” – MÜSAHİBƏ

admin