Müsahibə

Rauf Əliyev: “Bu günə qədər oynadığımı oynamışam, tanıyan tanıyır” – MÜSAHİBƏ

“İnter”in hücumçusu Rauf Əliyev İdmanxeber.com saytına müsahibə verib. Forvard UEFA Avropa Liqasının I təsnifat mərəhləsində səfərdə qarşılaşdıqları “Mladost” oyunu haqda danışaraq digər maraqlı məqamlara da aydınlıq gətirib.

Ötən həftə səfərdə baş tutan “Mladost” – “İnter” görüşünü xatırlayaq…

Sözün açığı, belə bir qələbə gözləmirdik. Oyundan əvvəl desəydilər ki, 3 cavabsız qolla qalib gələcəksiz, inanmazdım. Şükürlər olsun ki, böyükhesabla qələbə qazandıq və cavab matçı öncəsi üstünlük əldə etdik. Onu da qeyd edim ki, həqiqətən çox yaxşı kollektivimimz var. Qazanılan nəticənin 50 faizi futbolçuların uğurudursa, qalanı kollektivin payına düşür.


Adrian Skarlatakenin bu cür cərimə zərbələri vurmasından xəbərin var idi?

Skarlatake hələ “Xəzər Lənkəran”da çıxış edərkən cərimə zərbələrindən fərqlənirdi. Təlim-məşq toplanışları zamanı isə cərimə zərbələrinin üstündə çox işləyirdi, istəyirdi ki, hər bu onda alınsın. Çox yaxşı ki, məşqlərdə çəkdiyi əziyyətin bəhrəsini gördü. Həqiqətən əla qollar idi.


Sənin vurduğun qol da baxımlı alındı. Öz qolunu necə təsəvvür edə bilərsən?

Düzdü, mənim vurduğum qol da yaxşı alındı. Əsas odu ki, nəticəyə mənim də təsirim oldu. Çalışacağam ki, cavab oyununda da adımı tabloya yazdırım.


Vurduğun baxımlı qolu son dövrdə səni yığmaya cəlb etməyən millimizin baş məşqçi Robert Prosineçkiyə göndərilən cavab məktubu kimi qəbul etmək olar?

Bu haqda danışmaq istəməzdim. Ancaq mənim özümü kiməsə göstərmək kimi bir düşüncəm yoxdu. Mən meydançaya çıxıb öz oyunumu oynayıram. Milli komandaya nə vaxt layiq görsələr, yenə də canla-başla kömək etməyə hazıram. Ancaq bir daha deyim, özümü kiməsə sübut etmək niyyətində deyiləm. Şükürlər olsun, bu günə qədər oynadığımı oynamışam, məni tanıyan tanıyır. 


Rauf, iyulun 6-sı “Dalğa Arena”da “Mladost”la cavab oyununa çıxacaqsız. Bu oyun haqda nə düşünürsən?

İlk növbədə çalışırıq ki, arxaynlıq yaranmasın. Hər gün futbolçularla da eyni söhbəti edirik ki, arxayınlaşmayaq! Nə olsun ki, 3:0 hesabı ilə qalib gəlmişik? Eyni hesabı rəqib də Bakıda qazana bilər. Matçın hesabı çoxlarını yanıldır ki, onlar zəif rəqibdilər, amma xeyr! “Mladost” bizdən üstün oyun nümayiş etdirdi. Sadəcə biz əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik. Onların da imkanları çox idi. Sadəcə bəxtləri gətirmədi.


Hidayət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43