İdman

“Region Liqası”nda hakim döyülmələri davam edir

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı liqalarda baş vermiş neqativ hallar öz qiymətini alıb. İdmanxeber.com-un məlumatına görə, xüsusən də, hakimin ünvanına təhqir və fiziki təzyiqlərin çoxluğu diqqət çəkir.
 
Regional Liqanın “Şirvan” – “Şəki” matçı başa çatdıqdan sonra hakimi təhqir etdiyinə görə meydandan qovulan birincilərin futbolçusu Şahin Cəfərov 4 oyunluq cəzalandırılıb. Həmçinin, Gənclər Liqasının “Səbail” – “Neftçi” görüşünün 86-cı dəqiqəsində referini söyən “Neftçi”nin üzvü Seymur Həmidov eyni cəzaya məruz qalıb. U-13 liqasında “Səbail” – “Vətən” qarşılaşması başa çatdıqdan sonra “Vətən”in futbolçusu Fəxri Məmmədli hakimi təhqir etsə də, 2 matçlıq cəza ilə canını qurtarıb.
 
U-12 liqasında “Vətən” – “Səbail” oyununda qonaqların məşqçisi Fərid Namazov, “Vətən” – “Leon” matçında ev sahiblərinin məşqçisi Samir Abdulrəhmanov hakimi təhqir etmə səbəbindən 3 oyunluq diskvalifikasiya ilə üzləşib. Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Hövsan” – “Avanqard” qarşılaşmasının 46-ci dəqiqəsində eyni addıma əl atan “Avanqart”ın məşqçisi Vahid Həşimovun isə cəzası 5 oyun olub.
 
Bundan başqa, U-14 Liqasının “Neftçi” İK İB – “UGİM” (Astara) matçının 59-cu dəqiqəsində birincilərin məşqçisi Fəxrəddin Mürvətov referinin qərarına kəskin etiraz, təhqir və ona qarşı fiziki təzyiq üzündən 10 oyunluq cəzaya məruz qalıb.
 
Həmin liqada keçirilən “Mançester Yunayted” – “Keşlə” görüşünün 60-cı dəqiqəsində “Keşlə”nin futbolçuları Kamran Məlikov, Hüseyin Quliyev, Naik Paşayev və “Mançester Yunayted”in üzvləri Tural Mirsultanov, Nicat Quliyev kütəvi dava-dalaşda iştirak etdiklərinə görə hər biri 3 görüş buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43