Müsahibə

Rəmiş Malıyev: “Hesab edirəm ki, borc məsələsi dövlətimiz tərəfindən həll olunacaq” – MÜSAHİBƏ

“İnter” klubunun prezidenti Rəmiş Malıyevin idmanxeber.com saytına müsahibəsi:

– Cari mövsümü  “İnter” üçün necə dəyərləndirərdiniz?

– Bütün çətinliklərə baxmayaraq, komandamız yüksək nəticə əldə etdi. Belə bir vəziyyətdə bürünc medal qazanmaq, inamlı oyun sərgiləmək, fikrimcə, qəhrəmanlıqdır. Hesab edirəm ki, komanda qarşısına qoyduğu məqsədə maksimum çatıb. Bu şəraitdə, bütün çətinliklərə baxmayaraq bu nəticəni əldə etmişiksə, daha yüksək uğurlar qazana bilərik. Ümumiyyətlə, mövsümü yüksək dəyərləndirərdim.

– Bütün çətinliklərə rəğmən “İnter” mövsümü bürünc medallarla başa vurdu. Komandanın bundan sonrakı aqibəti necə olacaq?

– Yaxşı olacaq. Ən azından komanda fəaliyyətini davam etdirəcək. Biz çalışırıq əlimizdən gələni edək ki, komanda eyni səviyyədə qalsın. Burda bizdən aslı olmayan məsələlər də var. Belə bir komandanı nə dağıtmaq asandı, nə də eyni səviyyədə saxlamaq. Əlimizdən nə gəlirsə, onu da edirik.

– Yeni mövsümdə əvvəlki kimi iddialı “İnter” görə biləcəyikmi?

– Çalışacağıq elə olsun. “İnter” elə bir komandadır ki, yarandığı gündən bəri bütün çətinliklərə baxmayaraq eyni səviyyədə çıxış edib. Məncə, Azərbaycanda ikinci belə bir klub yoxdur ki, ağır duruma düşsə də, eyni səviyyəni saxlasın. Komanda 2004-cü ildə yaradılıb və o gündən indiyədək eyni səviyyədə çıxış edib, uğurlarını qazanır. Heç bir kluba belə ağır duruma düşməyi arzulamıram. Çalışacağıq ki, komandanın hədəfləri qalsın. Amma yenə deyirəm: bizdən aslı olmayan məsələlər də var.

– Komandaya yeni sponsor tapılıb, yoxsa axtarışlar davam edir?

– Bilirsiz, komandanın hazırda əsas problemi kredit məsələsidir. Sponsor tapmaq elə də çətin iş deyil. Artıq müəyyən namizədlər də var. Amma bu kredit məsələsi klubun fəaliyyətinə mane ola bilər. Buna baxmayaraq, biz komandanın eyni səviyyədə qalmasını və fəaliyyət göstərməsini təmin edəcəyik.

– Komanda Avroliqaya vəsiqəni təmin edib. Avroliqada ev oyunlarının keçiriləcəyi stadion müəyyənləşdirilibmi?

– “Dalğa Arena”da. Ev oyunlarını həmin stadionda keçirəcəyik. Bu təklifi artıq irəli sürmüşük.

– Yeni mövsüm üçün “İnter Arena”nın ot örtüyü dəyişdiriləcəkmi?

– Əslində, bu, hazırda gündəlikdə olan məsələlərdən biri deyil. Komanda yeni mövsümə başlasın, ondan sonra bu məsələyə baxarıq.

– Məlumata görə, “İnter” “Səbail”lə birləşəcək. Bu, nə dərəcədə doğrudur?

– Bu, saytlarda yazılanlardı. Məndə bu barədə məlumat yoxdur.

– Baş məşqçi postunda dəyişiklik ediləcəyi gözlənilirmi?

– Belə bir dəyişikliyin ediləcəyi gözlənilmir. Biz baş məşqçiyə inanırıq. Komandanın hazırda nəticə əldə etməsində baş məşqçimizin əməyi çox böyükdür. Çalışacağıq ki, Zaur Svanadze ilə yolumuza davam edək.

– “İnter”in Azərbaycan Beynəlxalq Bankına (ABB) 35 milyon manatlıq borcu var. Buna görə də bank istənilən vaxt “İnter Arena”nı müsadirə edə bilər. Bu borcu ödəmək üçün hansı tədbirlər görmək fikrindəsiniz?

– Bilirsiz, bu, sosial layihədir. Hazırda bunun kommersiya qarşılığı yoxdur. Əslində, olmalıydı. İndi dövlətimiz də belə sosial, sağlam həyat tərzi, pis vərdişlərdən uzaqlaşdırmaqla bağlı layihələrə diqqət ayırır, dəstəkləyir. Bu, dövlətimizin əsas prioritetlərindən biridir. Hesab edirəm ki, bu borc məsələsi idmanın inkişafına dəstək vermək üçün dövlətimiz tərəfindən həll olunacaq.

– Dediyinizdən belə çıxır ki, borcun dövlət tərəfindən ödənilməsini istəyirsiz…

– Bəli. Hesab edirəm ki, bizə güzəşt olunacaq. Bu, mənim fikrimdi. Əslində, bu, hüquqi və səlahiyyətli şəxslərin səlahiyyətində olan məsələdir.

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43