Müsahibə

Rəşad Məmmədov “İlin Yekunu”nda: “Bu bizim üçün əlçatmazdı” – MÜSAHİBƏ

“Sumqayıt” futbol klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “İlin Yekunu”da qonaq oldu. Məmmədov, fəaliyyətini bir müddətdir ki, dayandıran klub TV-sindən, eləcə də, 2015-ci ildəki gözləntilərindən danışdı.

– Geridə qoyduğumuz 2014-cü ili “Sumqayıt” klubu adına necə dəyərləndirərdin?

– 2014-ü “Sumqayıt” klubu üçün uğurlu saymaq olar. Komanda dörd ildə ən yaxşı oyunlarını bu altı ay ərzində sərgilədi. Düzdü, bundan öncəki illərdə də gözəl oyunlarımız olmuşdu. Ancaq builki çıxışımız hər kəs tərəfindən alqışla qarşılanır. Komanda geridə qalan 18 turda göstərdiyi oyunla həm azarkeşlərin rəğbətini qazandı, həm də uzun müddət ilk “üçlük”də qərarlaşdı. Bu da bizim üçün ilk dəfə idi. 2014-cü il layihələr baxımından da bizim üçün uğurlu oldu. Yeni inşa olunmuş “Kapital Bank Arena”ya 2013-cü ildə köçsək də, bəhrəsini 2014-cü ildə gördük. Uğurlu işimizin bəhrəsi kimi “Kapital Bank”la müqavilə bağlamağımızı deyə bilərəm.


– Rəşad, maliyyə baxımından “Sumqayıt” 2014-cü ildə nə qazandı və nə itirdi?

– Bu sual klub rəhbərliyinə ünvanlansa daha yaxşı olar. Klubun mətbuat xidmətinin və marketinq rəhbəri kimi deyə bilərəm ki, “Kapital Bank”la imzalanmış müqavilə “Sumqayıt” futbol komandasının 2014-cü ildə qazandığı ən böyük uğurlardan biridi.

– Bu sözləşmə yayda bitəcək. “Kapital Bank” sizinlə əməkdaşlıqda maraqlıdır, yoxsa?

– Bu prosedura üzərində klub rəhbərliyi işləyir. Yəqin ki, davamlı olacaq.

– Komanda mövsümün startında 5-6 tur turnir cədvəlinə liderlik etdi. “Xəzər Lənkəran”, “Qarabağ” kimi komandalarla oyunda 3 xal qazandınız. Sonradan isə sanki komandada eniş başladı. Səncə, liderlər mövqeyində qərarlaşa bilməməyinizə sbəb nə oldu?

– Aqil Məmmədovun komandaya baş məşqçi təyin olunmasından bu yana klubun sərgilədiyi futbol göz qabağındadı. Dördüncü ildi ki, Premyer Liqada çıxış edirik. Bunu əminliklə deyə bilərəm ki, “Sumqayıt” ən yaxşı futbolunu məhz bu il sərgiləyir. Təcrübəsizlik bizi liderlər qrupundan saldı. Biraz da bəxt amili ilə əlaqələndirərdim… Ardıcıl 8 oyun məğlub olduq ki, həmin oyunlar uduzulası matçlar deyildi. Həmin 8 oyunun heç biri uduzulası deyildi. Həmin oyunların hamısından xal çıxartmaq olardı.


– Komanda qələbə qazandıqda özünəinamı artır. Məğlubiyyət isə komandanı lori dildə desək “çökdürür”. Diqqətçəkən bir məqam var, bir neçə oyunlarınız oldu ki, acı məğlubiyyətlərdən sonar komanda sanki heç nə olmamış kimi toparlanıb qələbələr qazandı. Misal üçün “İnter”lə oyunda 0:5 hesbalı məğlubiyyətdən sonra ardıcıl 2 qələbə qazandınız. Maraqlıdı, komandanı baş məşqçidən başqa psixoloji cəhətdən oyunlara kim və necə hazırlayır?

– “Sumqayıt” klubunda komandayla bağlı bütün işlər baş məşqçilər korpusuna aiddi. Yalnız məşqçilər korpusu komandanı bütün oyunlara pxisoloji cəhətdən hazırlayırlar.

– “Xəzər Lənkəran”ın zəifləməsi, “Qəbələ” və “Neftçi”nin rahat məğlub edilməsi sizin də avrokuboklara getmək ümidinizi artırmamış olmaz. Hər halda ölkənin iddialı komandalarından sadəcə “Qarabağ” və “İnter” stabil oyun sərgiləyir, heyətini qoruya bilir. “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanmaq şansı az da olsa var. Ümumilikdə özünü avrokuboklara hazır hesab edirsinizmi?

– Bizim üçün avrokuboklar xəyaldı. Biz bu arzularla burdayıq. Ancaq bu il bu reallaşmayacaq böyük ehtimalla. Reallıqa baxdıqda bu mövsüm bu bizim üçün əlçatmazdı. Bunu həm heyət, həm maliyyə baxımından deyirəm.

–  “Sumqayıt” klubunun mətbuat xidmətinin işi haqqında da danışaq. 2014-cü ildə nə kimi yeniliklərlə, işlərlə yadda qaldınız?

– “Sumqayıt” klubunun mətbuat xidmətinə ayrılan büdcə digər klubların mətbuat departamentinə ayrılan büdcədən xeyli aşağıdı. Bizim klubun mətbuat xidmətində məndən başqa iki nəfər çalışır. Bizim mətbuat xidməti üçün yaradılan şərait gördüyünüz o fotoaparatdı və 2011-ci ildə alınan kameradı. Bu qısa büdcə ilə böyük işlər gördüyümüzü düşünürəm. Stabil işləyən saytımız var. Sosial şəbəkələrdə olduqca fəalıq. Öz “YouTube” kanalımzı var. Bundan əlavə digər klublarda olmayan ikinci bir ayrıca video portalımız var. Demək olar ki, bütün yaş qruplarının oyunlarından video analizlər olur ki, bu da əməkdaşlarımız tərəfindən həyata keçirilir. Özümüzə 5 ballıq şkalada 4 bal verərdim.


– Bir müddət əvvəl “Sumqayıt TV” var  idi. Klub TV-sində oyunları canlı olaraq yayımlayırdınız.  Ancaq xeyli müddətdir ki, TV-dən səs-soraq yoxdu…

– 2012-ci ildə bu TV-ni yaratdıq. İlk dəfə xaricdən yayım təşkil edən klub TV-ləri arasında ilk klub da bizik. Kayseridə komandamızın yoxlama matçını canlı yayımlamışdıq. Bu işdə iki əməkdaş var idi ki, mənə bu sahədə çox kömək edirdi. Ancaq indi həmin insanlar hərəsi bir klubun əməkdaşıdı. Tək qaldığıma görə, bu iş dayandırıldı. Bu il TV-ni bərpa edəcəyik. Bir layihə var, bu il onu həyata keçirməyə çalışacağıq. Bunu açıqlamaq istəmirəm, qoy sürpriz olsun.

– 2015-ci ildən gözləntilər nədi? Nə kimi yeniliklər gözləmək olar?

– Klub TV-sini yenidən qaytarmağa çalışacam. Həmin bu TV-də əlavə verlişlər planlarımıza daxildi.  Bir çox yeniliklər olacaq.


Həmsöhbət oldu: Səxavət Qurbanov

Fotoqraf: Vüsal Mirzəyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43