Ölkə futbolu

Rəşad Sadıqov: “Həmin avtoqoldan sonra karyeramı meydanda başa vurmaq istəyirdim”

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “CBC Sport”da yayımlanan “İmza” verilişisinin qonağı olub.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futblçu bir çox maraqlı məsələlərdən danışıb:

O, ilk olaraq uşaqlıq illərindən söz açıb: “O dərəcədə nadinc uşaq olmuşam ki… Özünüz fikirləşin, bir qohum digər qohumuna deyir ki, çox xahiş edirəm qonaqlıdı, bir məclisdi, amma Rəşadı gətirmə. Yəni bir anaya, bir ataya demək çox ağır bir şeydir. O həddə çatdırırdım ki,valideyinlərimlə belə bir sözlər deyirdilər. İstəyirdilər ki, məclis salamatçılıqla başa çatsın. Başım, qaşım, gözüm partlayırdı, bir yerdə durmurdum. Amma futbola getdikdən sonra həyatımda dəyişikliklər baş verdi. İndi valideyinlərimlə danışsanız, onlar da mənim sözümü təsdiqləyəcəklər ki,mən futbol oynamağa başladıqdan sonra demək olar ki, dəyişmişəm. Məktəb illərində isə səkkizinci sinifə qədər çox yaxşı oxumuşam. Bütün qiymətlərim “5” idi, cəmi iki fəndən “4” almışdım. Bütün fikrimi futbola verəndən sonra qiymətlərimdə dəyişikliklər olmağa başladı. Müəllimlərdən biri mənə deyərdi ki, nə edəcəksən? Ailəni nə ilə dolandıracaqsan? Mən də deyirdim ki, bu ayaqlarımla ailəmi dolandıracam. Sonra elə oldu ki, həmin müəllimə anamı görəndə mənimlə fəxr etdiyini demişdi”.

Kapitan “Neftçi”nin heyətində Ermənistanın “Pünik” klubuna qarşı keçirdikləri oyundan danışıb: “O günlər mənim həyatımın ən gözəl günlərindən biri idi. Həmin oyun mənim emosiyamın pik nöqtəsi idi. Komandanın düşərgəsində çox böyük gərginlik vardı. Bizdə qorxu var idi ki, bir də onlarla qarşılaşmayacağıq. Biz bilirdik ki, bu, həyatımızda ermənilərə qarşı keçirdiyimiz ilk və sonuncu oyun ola bilər. Ona görə də üstümüzdə təzyiq çox idi. Həmin oyuna çox gərgin başlamışdıq. Məğlub da ola bilərdik. Çox həyəcanlı idik, istədiyimiz kimi oynaya bilmirdik. Hətta rəqibin bəzi epizodları da var idi ki, istifadə edə bilmədilər. Oyunun 60-cı dəqiqəsindən sonra komandamız açılışdı. Və gözəl futbol oynayıb, gözəl qələbə qazandıq. Oyunda çox təsadüflər var idi. Matçın yanvarın 19-da baş tutması da bir təsadüf idi. Tribunda 5000 azərbaycanlı, 2000 erməni var idi. Təsəvvür edin, iki düşmən millət bir salonda yığışıb, oyun çox gərgin keçir. Onlarla bir oteldə qalırdıq, amma yeməkləri fərqli vaxtda verirdilər ki, onlarla rastlaşmayaq. Bir də o emosiyaları yaşamaq istəyirəm. Buna qədər heç bir hisslər o hisslərin yerini verməyib”.

Rəşad Sadıqov “Neftçi”də oynadığı zaman “Xəzər Lənkəran”dan aldığı təklif haqda fikir bildirib: “Belə bir danışıq olmuşdu. Mənə iki illik müqavilə təklif olunmuşdu. İki ildə 1 milyondan da çox qazanacaqdım. Mən “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşə gedəndə “Neftçi” rəhbərliyini xəbərdar etmişdim. Hörmət mənasında görüşə getmişdim. Qərarımın nə olduğunu “Neftçi” rəhbərliyinə deməsəm də, qərarımın nə olacağını bilirdim. Mən “Xəzər Lənkəran” rəhbərliyiilə görüşdüm, təxminən 30-35 dəqiqə söhbət etdik, komanda rəhbərliyi ilə tanış oldum. Çünki “Xəzərə Lənkəran” rəhbərliyi futbolumuzda böyük iş görüb, həmin dəvəti hörmət mənasında qəbul etmişdim. Və ö görüşdə bildirdim ki, “Neftçi”dən ayrılmaq istəmirəm. “Neftçi” – “Xəzər Lənkəran” arasında prinsipiallıq olduğu üçün bu keçid düzgün olmazdı”.

Rəşad 2008-ci ildə “Neftçi”nin əvəzedici heyətinə göndərilməsindən söz açıb: “Bəlkə də oyunumla ona layiq idim. Çünki həmin vaxt “Neftçi” çox pis dönəm keçirirdi və mən komandanın aparıcı oyunçusu kimi gedişatı dəyişə bilmirdim. Uğursuzluqlarda mənim də payım var idi. Amma mənim göstərilən səbəblərə görə əvəzedici komandaya göndərilməyim səhv addım idi. Bu, Gedenin və ya başqasının qərarı idi, bilmirəm. Çünki həmin vaxt kimdən söz soruşurdun, digərinin üstünə atırdı. Və bir şe var idi ki, mən heç vaxt öz xoşumla “Neftçi”dən ayrıla bilməyəcəkdim. “Neftçi”yə çox bağlı insanam. Gedenin bir faydası oldu ki, məni “Neftçi”dən zorla ayırdı. Bundan sonra mənim Türkiyədə və “Qarabağ”da uğurlu karyeram oldu. Bəlkə də “Neftçi”də qalsdaydım, uğursuzluqlar davam edəcəkdi. Bu gün də oturub fikirləşəndə, bəlkə Gedeyə təşəkkür etməliyəm ki, belə bir addım atıb”.

Təcrübəli futbolçu millimizdən heytində keçirdiyi ilk oyunu belə xatırlayır: “İlk oyun detallı şəkildə yadımdadır. Çox istəyirdim ki, oynayım,məşqlərdə əlimdən gələni edirdim. Oyundan qabaq baş məşqçimiz İqor Panamaryov dedi ki, səni inamlı görürəm, istəyirəm oynadım. Mən də dedim ki, oynayacam. İsveçlə oyunda da mənə qarşı “Arsenal”ın təcrübəli futbolçusu Lyunberq oynayırdı. Qəti həyəcan yox idi. Həmin oyundan həzz almaq istəyirdim. Düzdü, məğlub olduq.  Həmin oyunda Zlatan ibrahimoviç millinin heyətində ilk qolunu vurdu, çox gözəl qol idi. Zlatan adamın diqqətini cəlb etmişdi ki, xüsusi keyfiyyətləri var”.

Sadıqov vurduğu avtoqollardan danışıb: “İstər Xorvatiya, istərsə də Almaniya olsun. Bu cür komandalar rəqibi çox təsir altına salırlar və etdiyin bir səhv avtoqolla nəticələnir. Onlara qarşı səhv buraxmaq təbiidi. Amma istəyərdim ki, o qollar öz qapımıza yox, rəqib qapısına olsun. Hətta Xorvatiya ilə oyunda vurduğum avtoqoldan sonra meydanda karyeramı bitirmək istəyirdim. Amma sağ olsunlar, məni bu fikrimdən daşındırdılar. Məni bu fikirdən daşındıran insanlara hazırda təşəkkür etmək istəyirəm”.

Müdafiəçi bir müddət karyerasına ara verib və basketbolla məşğul olub. Kapitan basketbola getməyinin səhv addım olduğunu deyib: “Milli komandanın kapitanı Tahir müəllim ən yaxşı dostlarımdan biridir. Biz 10 yaşdan bir yerdə böyümüşük və həyətimizdə həmişə basketbol və futbol meydançaları olub. Ya basketbol oynamışıq, ya futbol. Elə oldu ki, klubumda yox idi, millidə də oynamırdım. O, da mənə dedi ki, gedək basketbol oynayaq. Həmin vaxt cavan idim, 23 yaşım var idi. İndiki ağlım olsa, getməzdim. Çünki millinin kapitanı olmuş futbolçunun basketbol çempionatında oynaması düzgün addım deyildi. Amma çox maraqlı keçdi. Derbini çıxmaq şərti ilə bütün oyunlarda iştirak etmişdim”.

Kapitan ”Qarabağ”ın Avropa Liqasında qrudan çıxa bilməməsindən danışıb: “Növbəti mərhələyə keçmək üçün hər şey edirik. Məncə, Azərbaycan klubunun qrupda 7 xal toplaması pik nöqtədir. Çempionatı nəzərə alsaq, boş tribunalar, meydançaların pis vəziyyətdə olması… Birdən-birə düşürsən 50-60 min azarkeşin içinə. Belə oyunlarda öz ustalığını göstərmək çətin olur. Bu il çox yaxın idik. Öz səhvimizdən qrupdan çıxa bilmədik”.

Futbolçu karyerasını bitirəcəyi vaxtı deməkdə çətinlik çəkdiyini vurğulayıb: “Çox çətindir. Məsələn 32 yaşım olanda deyirdim ki, 35 yaşımda gedəcəm. Amma indi 35-ə gəlmişəm, oynamaq istəyirəm. Özü də indi elə bir vaxta gəlmişəm ki… Milli uğurlu çıxış edir, “Qarabağ” avrokuboklarda yaxşı nəticələr göstərir. Bir komandanın kapitanısan və getmək çox çətin gəlir. Nə vaxtsa görsəm ki, mənim meydançada olmağım komandamızın ziyanınadısa, gedəcəm. Amma hələ ki, qəti bir müddət deyə bilmərəm. Məqsədim var, ona da çatmaq lazımdır. Millidəki arzum milli ilə Avropa və dünya çempionatında iştirak etməkdir. Bu il də ona çox yaxınıq, əvvəldən çox yaxşı start vermişik. Uğurlu start da çox önəmlidir. Belə deyim, həm arzudu, həm məqsəddi, həm də xəyaldı. Çox istəyirəm ki, milli ilə final mərhələsinə gedə bilək. Mən ondan sonra həyatımız xoşbəxt və sevinclə yaşaya bilərəm ki, mənim kapitan olduğum komanda final mərhələsində iştirak edib. Ondan sonra küçəyə, insanlar içinə rahat çıxa bilərəm. İndi deyəndə ki, bu, Rəşad Sadıqovdu, adama qəribə gəlir. Belə baxanda, nə etmişəm ki?  Böyük bir nailliyətimiz olmayıb. Demişdim ki, millidən 100-cü oyunumda gedəcəm. Həmin oyundan sonra baş məşqçimiz Robert Prosineçki ilə görüşdüm və millidən getmək istədiyimi dedim. O da dedi ki, mənim sənə ehtiyacım var, amma o qərara gəlmisənsə, səni güllə-çiçəklə yola salacağıq, amma biz Rusiyada dünya çempionatının finalında oynayanda, sən bizim oyunumuzu televizordan izləyərsən. Onun bu cümləsi tutarlı oldu və dedim ki, mən də milli ilə birgə olacam”.

Rəşad gələcəkdə millinin baş məşqçisi olmaq istədiyini də deyib: “Millinin baş məşqçisi olmaq çox məsuliyyətli bir işdir. Məni tanıyanlar bilir ki, hazır olmadığım yerlərə getmərəm. Amma 10-15 il sonra belə bir təklif olsa, fikirləşər. Kim millidə işləmək istəməz ki?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43