Müsahibə

Rəşad Sadıqov: “İkinci Qurbana ehtiyac yoxdu” (MÜSAHİBƏ)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Kəpəz”lə matçdan sonra İdmanxeber.com-a müsahibə verib:

– Bu cür rahat qələbə qazanacağınızı gözləyirdiz?

– Heç bir oyundan qabaq asanlıqla qələbə gözləmirik. Çünki bilirik ki, rəqiblər bizə qarşı ciddi hazırlaşır, istəkli olurlar. Meydança, ümumi stadion gözəldi. Bilirik ki, rəqiblər bura gələndə əlavə motivasiya olur. Rəqib “Kəpəz” idi və bilirdik ki, ağır oyun olacaq. Ancaq Şükür Allaha yaxşı oynadıq, bolqollu oyun keçdi, qalib gəldik.

– Bir tərəfli oyun sizi yormurki?

– Maksimum dərəcədə çalışırıq ki, boşalmayaq. “Qəbələ” kimi əsas rəqiblərimizdən biri ilə, xal fərqimiz böyük olsa da, çalışırıq arxayınlaşmayaq. Arxayınlaşmağın mənası da yoxdu. Ən pis halda bilirik ki, bizi 2-3 ay sonra Avropa Liqası və ya Çempionlar Liqası oyunu gözləyir. Çempionatda oyunlarımız asan keçsə belə, yayda bizi Avropada çətin oyunlar gözləyəcək. Ona görə arxayınlaşmaq istəmirik.

– “Kəpəz” niyə müqavimət göstərə bilmədi? “Qarabağ” imkan yaratmadı, yoxsa rəqibin öz gücü bu qədər idi?

– “Kəpəz” də pis oynamadı. Mübarizə apara bildikləri qədər apardılar. Sadəcə bizdə hər şey yaxşı alındı.

– Stadion Azərbaycan bayrağına bürülmüşdü. Azarkeşlər də susmurdu. Bu sizin üçün əlavə motivasiya idi?

– Əlbəttə ki, emosialar idi, insan çox xoş hisslər keçirirdi. Bu günləri də bizim üçün həssas perioddu. Bayraqların çox olması, himnimiz, azarkeşlərin çox gəlməsi, əsgərlərimiz üçün şüarlar səsləndirmələri adam üçün həssas anlar idi.

– Özünü səngərdəki əsgər kimi hiss etmədin ki, bu cür atmosferdə?

– İnandırım sizi, içimdən bu cür hisslər gəlirdi. Sanki elə bil səngərdəydik. Tam olmasa da, adam bir anlıq özünü əsgərlərin yerində hiss etdi.

– Qol vurduqdan sonra Mahir Mədətov əsgər salamı verdi. Amma çox adam bunu “Xəzər Lənkəran”la oyunda “Qarabağ”lılardan gözləyirdi. Düşünmürsən ki, gecikilmiş addım oldu?

– Oradakı oyunda iki qolun hər ikisini Mahir vurdu. Ola bilər həmin anda sevinc hiss keçirib və bir anlıq unutdu. Amma bu gün əsgər salamı verdi.  Biz boş tribunalar qarşısında oynayaq, təki şəhidlərimiz olmasın. Şəhid verdiyimiz anlarda, bu cür periodlarda xalqımız birlik göstərdi. Hər bir yerdə xalqımız birlik göstərir. Bu isə çox önəmlidi. Hamıya təşəkkür edirəm ki, bizi gəlib dəstəklədilər və hamıya hiss elətdirdilər ki, “Qarabağ” komandası önəmli ad daşıyır.

– Qazaxıstanla görüşdə millimizin bəzi üzvlərinin himni oxumadığı deyilir. Kapitan kimi sənə necə təsir edir?

– Bunu birinci dəfədi ki, sizdən eşidirəm. Dediz fikir verdim. İnşallah ki, bir də belə şey təkrarlanmaz.

– Məşqçi kurslarına qatılmışdın. Bu nəyə işarə idi? Mövsüm sonunda karyeranı başa vurursan?

– Xeyr, elə niyyətim yoxdu. Sadəcə fürsətdən istifadə etdim və elm-savadımı artırmaq istədim. Çox sevinirəm ki, qatıldım bu kurslara. Futbolda olan hər bir insana məsləhət görərdim ki, mütləq kurslardan keçsinlər. Belə olan halda daha yaxşı olur.

– Futbolumuzun ikinci Qurban Qurbanova ehtiyacı var?

– Hələ ki, Qurbanımız var və məncə, ikinci Qurbana ehtiyac yoxdu. Məşqçi olsam da, çalışacam fərqli bir şey olsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43