Müsahibə

Rəşad Sadıqov: “İlk oyunlarda Reynaldoya gülürdülər” (MÜSAHİBƏ)

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun idmanxeber.com-a müsahibəsi:

– “Yanq Boyz”la oyun barədə fikirlərini öyrənək…

– “Yanq Boyz”un son oyununu izlədim. Çox maraqlı komandadır, deyərdimki hələ belə rəqiblə qarşılaşmamışıq. “Seltik”, “Zalsburq”, bilirdik ki bir oyun üslubunda oynayır, amma “Yanq Boyz” qarışıq futbola üstünlük verir. Hərdən cinahdan ötürmələr, bəzən driblinqlər, bəzən də ara ötürmələrə üstünlük verirlər. Yaxşı və maraqlı komandadır. Bizi çətin, ağır səfər oyunu gözləyir. Bu oyunda çox işləməliyik. Bu komandanın hücum xətti çox güclüdür. “Seltik”dən daha rəngarəng futbol oynayırlar.

– İsveçrədən hansı hesabla qayıtmaq “Qarabağ”ı qane edəcək?

– Biz də istəyərik ki, səfərdən sərfəli nəticə ilə qayıdaq. Fikrimcə ən əsas 2 top fərqi ilə uduzmamaq lazımdır. Bilirik ki, rəqib hücuma atılacaq. Bütün ümidləri bu oyunadır ki, Avroliqanın qrup mərhələsində oynasınlar. İki ildir qrup mərhələsində oynayırlar, hətta birində qrupdan çıxmağı da bacarıblar.

– Yeni transferlərin oyunu barədə nə deyə bilərsən?

– Məncə tələsməmək lazımdır. Bədavidə potensial var idi təzə gələndə? Bəs Reynaldo? Mənim yadımdadır, Reynaldonun ilk oyununda gülürdülər ona, biz özümüz də gülürdük. Muarəm də təzə gələndə uyğunlaşa bilmirdi, hətta bir ara getməyi də danışılırdı. Amma sonra potensialı açıldı. Yəni biraz tələsməmək lazımdır. 3 – 4 ay keçər, istəniləni verməsə onda uğursuz transfer adlandırmaq olar. Hücumçu transferi elədir ki, bir çox klublarda bu istənilən effekti vermir. Bu gün “Qarabağ”dan hamı tələb edir ki, çox səviyyəli futbolçular gətirsin. Onlar da gəlmirlər. Qurban Qurbanov da istəyir ki, yaxşı oyunçular olsun, Reynaldo kimi 3 futbolçusu olsun, amma çox çətindir bu cür futbolçuları tapmaq. Tapdıqdan sonra da komandaya gətirmək. Elə olur ki klubu çox pul istəyir, elə olur pula maraqları yoxdu heç təklifə baxmaq istəmirlər. Ümid edirəm ki, yeni transferlərimiz komandaya xeyir verəcək gələcəkdə.

– Cavid Hüseynovun həbsi barədə nə deyərdin?

– Çox qarışıq bir işdir. Bu məsələyə düzgün açıqlama vermək böyük məsuliyyət tələb edir. Bir tərəfdə jurnalist ölümü, digər tərəfdə illərnən çiyin-çiyinə oynadığımız futbolçu. Sadəcə onu deyə bilərəm ki, mən Cavidi 10 ildir tanıyıram, onu müdafiə etmək üçün demirəm, amma mən bu insanı bir dəfə olsun kimnənsə mübahisə edən görməmişəm. Kiminsə xətrinə belə dəyəndə dərhal gəlib barışardı, könlünü alardı. Çox mehriban oğlan kimi tanıyıram Cavidi. Məhz buna görə Cavidin belə bir hadisənin olmasını istəməsinə inanmıram. İnanmıram ki, Cavidin belə fikri, niyyəti olsun. Rasimə də Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Çox ağır bir hadisədir. Amma yenə də deyirəm Cavid istəməzdi ki, belə bir hadisə olsun. Mən onu kimisə kiminsə üstünə göndərən bir insan kimi tanımıram. Bəlkə başqa bir insan olsaydı inanardım, amma Cavidə yox.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43