Müsahibə

Rəşad Sadıqov: “Mənə ləkə yaxanların hamısı axirətdə cavab verəcək” – MÜSAHİBƏ

İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilən Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov “Report”un suallarını cavablandırıb.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Artıq 34 yaşınız var. İnsan həyatı enişli-yoxuşlu olur. Rəşad Sadıqovun həyatında eniş daha çox olub, yoxsa yoxuş?

– Təbii ki, hamısı paralel olub. Enişdən danışırıqsa, ora düşmək üçün mütləq yoxuşda olmalısan. Yoxuşdan danışırıqsa, qalxmaq üçün enişdə olmalısan. Yəni, həm enişli, həm də yoxuşlu dövrümüz olub. Bu, təkcə idmanda yox, həyatda da müşahidə olunur. Həyatımız bir gün pis, bir gün yaxşı, qəmli, sevincli olur. Bu da normaldır. Həyatın qanunu belədir. Futbol karyeramda belə hallar çox olub.
– Şəxsi həyatınızdan danışaq. Əslən hazırda işğal altında olan Kəlbəcərdənsiniz. O ağrılı-acılı illəri, müharibə dövrünü necə keçirmisiniz?
– Özüm Bakıda doğulmuşam. Ailəmiz, babamgil 1960-cı illərdən Bakıya köçüb. Amma əslimiz, qohum-əqrabamız Kəlbəcərdən olub. Yayda gedib orada istirahət edirdik. Həmin vaxt uşaq da olsam, xatirələrim qalıb. O dövrlər bizim üçün çox ağır idi. Hər gün zənglər gəlirdi, kimsə ölürdü, hansısa rayon işğal olunurdu. Bu günə qədər yadımdadır: zəng olundu ki, Xocalı hadisələri baş verdi, Kəlbəcər getdi. O vaxt çox şeyi dərk etməsəm də, uşaq olsam da, indi başa düşürəm ki, onlar həyatımın ən ağır günləri idi. Yaxınlarını itirirsən, torpaqlarını itirirsən. Həmin anlar mənim də, Azərbaycanımızın da ən ağır günləri idi. Kəlbəcər gedəndə 10 yaşım vardı. İşğal altındakı rayonlarımızı itirərkən, 10 – 11 yaşımda olmuşam.
– Həmin vaxtı qohumlarınız rayondan köçməyə başlayırdı yəqin…
– Hə. Bir müddət çoxlu insan evimizdə yaşadı. Çünki həmin vaxt Bakıda yaşayan kəlbəcərlilər az idi.
– Hansı kənd idi?
– Biz Kəlbəcərin özündən idik.

– Deyirlər, oraların camaatı yaxşı dolanıb, həm də rayonun özü istirahət üçün yaxşı məkan olub…
– Mən oralara gedəndə uşaq idim. Çəmənlikdə qaçdığım, dağa getməyim, toyuq-cücə ilə oynadığım yadımdadır. Belə dövrlər idi. Kəlbəcərlilərin xüsusiyyəti haqda onu deyə bilərəm ki, çox qonaqpərvər, mehriban, zəhmətkeş olurlar. Bunlar əsas xüsusiyyətləridir. Həmişə Allaha dua edirəm ki, qismət olsun, Kəlbəcərə bayrağımızı mən asım. Belə deyək də, həyatı dərk etdikdən sonra bu, ürəyimdəki ən böyük arzudur. Onda uşaq idim. Xatirələrim çox azdır.
– Müharibə vaxtı Bakıya məcburi köçkünlər gəldi. Ümumiyyətlə, onların normal həyat səviyyəsinə çatdırılmasında Sizin nə dərəcədə rolunuz oldu?
– Rolum çox zəif olub. Uşaq idim. Ailəmizdə də çətin günlər müharibədən sonra başladı. Babamın kəlbəcərlilərə çox böyük köməyi dəyib. Deməzdim bizə sığındılar. Kimlərəsə qismən də olsa, əl tutduq.
– Babanız nə işləyirdi o vaxt?
– Sabunçu rayonunda polis işçisi idi. Artıq dünyasını dəyişib. Çox qonaqpərvər, dostcanlı idi. O günlər yadımdadır. Atam və anam da onun etdiklərini mənə danışırdı. Evimizdə çox adam yaşayırdı. O zaman babamın imkanı yaxşı idi və gücü çatanı edirdi. Amma daha sonra ailəmiz üçün çətin dövrlər başladı. Babam pensiyaya çıxdı, daha sonra dünyasını dəyişdi. O dönəmdə iş tapmaq çətin idi. Bu səbəbdən, ailəmiz çox çətinlik çəkirdi. Mənim də ayağım yer tutduqdan sonra dövlətimiz məcburi köçkünlər üçün şərait yaratmışdı. Bundan sonra mənim köməyimə ehtiyacı olan elə də adam yox idi.

– Karyeranızda yalnız öz oyun keyfiyyətinizin rolu oldu, yoxsa qismət amili də var?

– Düşünürəm ki, mənim Azərbaycan səviyyəsində uğurlu oynamağım sırf qismətlə, Allahın mənə verdiyi ruzı-bərəkətlə bağlıdır. Çünki həqiqətən də böyük potensialım yox idi və öz yaşıdlarım arasında da o qədər seçilmirdim. Bir şeyi nəzərə alın ki, 16 yaşımda milliyə düşməmişdim. İndi həmin milli U-17-dir. Amma o vaxtlar U-16 və U-18 yığmaları mövcud idi. Bu dərəcədə komanda yoldaşlarımdan geri qalırdım. Ancaq birdən-birə 18 yaşımda əsas milliyə düşdüm. Bu, Allahın mənə verdiyi nemət idi. Ona görə də Allahıma çox şükür edirəm. Ondan sonra olanlar göz qabağındadır və hər biriniz nələrin baş verdiyini görmüsünüz.
– Qismət mövzusu mətbuatda çox müzakirə olunur. Çünki bu, mücərrəd söhbətdir. Məsələn, elə “Turan”da çıxış etdiyiniz vaxt həmişə qolunu çırmalayıb oynayırdınız. Sizcə, bu “qismət” söhbəti ilə öz oyun keyfiyyətinizi aşağı salmırsınız?
– O oyun keyfiyyətini də bizə Allah verir. Nə səbəbdən verir, niyə verir, bizim üçün imtahandırmı, nemətdirmi, bunu Allah bilir. Amma mən o fikirdəyəm ki, nədəsə “mən” deməyə haqqımız yoxdur. Mən heç vaxt “mən” demirəm.
– Nə vaxtdan başa düşdünüz ki, bunu Sizə Allah verib?
– Elə gənc yaşlarımdan. Onu başa düşdükdən sonra Allah mənə daha çox verdi.
– O zaman niyə futbolçu karyeranız enişli-yoxuşlu oldu?
– Eniş dövrlərinin öz səbəbləri olub. Nə deyim? Deyim: “Günah məndə idi və ya kimdəsə olub”? Bu, düzgün olmaz. Səhv etdiyim, haqsızlıqlarla üzləşdiyim, hətta lap xırdalığı ilə desəm, işimə ciddi yanaşmadığım vaxtlar da olub. Düşünürəm ki, mənə necə karyera seçəcəyimi desəydilər, yenə bunu seçərdim. Çünki bütün futbol ictimaiyyəti qarşısında alnım açıqdır. Bəli, səhvlərim olub. Amma istər azarkeşlər, istərsə də komanda yoldaşlarım və ya digərləri qarşısında utancverici hərəkətim olmayıb. Kiminsə haqqına girməmişəm və ya kimisə təhqir etməmişəm. Nə vaxtsa pul, şan-şöhrət qarşısında əyilməmişəm. Həmişə çalışmışam karyeramda və həyatımda mənəviyyata önəm verim. Karyeramı gözümün qarşısına gətirdikdə utandırıcı nəsə görmürəm. Bəli, böyükhesablı məğlubiyyətlərimiz olub ki, buna görə azarkeşlərimiz qarşısında utanmışam. Amma həmin gündə, həmin oyunda bundan artığına gücümüz çatmayıb. Sadəcə, səviyyəmiz bu qədər olub. Mən futbolçuyam və təkcə karyeramla iş bitmir. Sən insansan və futbolçu karyeranla yanaşı, şəxsi həyatın da var. İkisində də nöqsanlar buraxmamaq üçün hərdən karyeranda bəzi enişlər olur. Bilirsən ki, bu, karyerana zərbə olacaq. Amma şəxsiyyətin imkan vermədiyi üçün bu addımları atmırsan, kiminsə qarşısında əyilmirsən. Mən həmişə şəxsiyyəti karyeramdan üstün tutmuşam. Buna görə də çox problemlə üzləşmişəm. Ancaq yenə də peşman deyiləm. Sabah da eyni vəziyyət olsa, belə addım ataram. Demirəm səhvlərim olmayıb. Amma kiməsə qarşı böyük səhvim olmayıb. İstərdim ki, dünyamı dəyişənə qədər böyük səhvlərlə yadda qalmayım, kiminsə haqqına girməyim.
– Səhvlərinizin olduğunu dediniz. Basketbolla məşğul olduğunuz zaman o məsələ ətrafında cərəyan edən proseslər səhvlərinizdən biri deyildi?
– Səhv hesab etmirəm. Amma bu gün o situasiya ilə qarşılaşsam, basketbol oynamaram. Yəni, 23-24 yaşım vardı. O gün üçün bu, mənə elə də problem kimi gəlmirdi. Dostlar deyir gedək basketbol oynayaq, mən də boş idim, oynayırdım. Amma bu gün belə bir situasiya ilə üzləşsəm, oynamaram. Düşünərəm ki, lazım deyil. Həm də o səbəbə görə ki, basketbola da zərbə vura bilərəm. Amma futbolsuz qaldığım vaxt milli komandanın, “Neftçi”nin kapitanı idim, amma bu gün olsa, oynamaram. Hər yaşın öz düşüncələri var. 23 yaşında atdığın atdımı 35 yaşında atmazsan. Məsələn, 23 yaşında dediyim sözü bu yaşda demərəm. Əminəm ki, 23 yaşımda verdiyim müsahibəyə baxsam, deyərəm ki, “Rəşad, burada bu sözü belə desəydin, daha yaxşı olardı”. Bu, illərlə gələn bir şeydir. Cavanlığın öz düşüncələri var. Amma illərlə müdriklik, fərqlilik gəlir. Yenə deyirəm, bu gün olsa, basketbol oynamazdım.

– Sizi nə vadar etmişdi? Əsas proseslər 2006-cı ildə Ukraynaya 0:6 hesablı məğlubiyyətdən sonra başladı. O zamanki baş məşqçi Şahin Diniyev belə bir açıqlama verdi ki, niyə bizim bir dənə də futbolçumuz görüşdə sarı vərəqə almadı?

– O oyunun üstündən çox keçib. Bu dəqiqə durub həmin anı detalları ilə danışmaq düzgün deyil. Çünki bütün məsələlər müzakirə olunub və məsələ bağlanıb.
– Hər kəs həqiqəti bilməlidir…
– Mən yetərincə açıqlama vermişəm. Gənc nəsil bəlkə də həmin anı bilmir. Bilməyənlərə də bilənlər danışacaq. Heç nə baş verməmişdi. Çıxıb oynamışdıq. Ukrayna həmin il Avropa çempionatının 1/4 final mərhələsinə qədər çıxmışdı. Çox güclü komanda idi. Səfərdə 0:6 uduzduq. Zəif oynamışdıq. O dövr üçün birinci dəfə deyildi ki, belə hesabla məğlub olurduq. Sadəcə, uduzmuşduq. Nəsə baş verməli deyildi.
– Amma sizə qarşı, futbolçulara qarşı münasibət dəyişdi…
– Bunu mənə qarşı münasibəti dəyişən insandan soruşsaydınız, daha yaxşı olardı. Pis oynayıb, 0:6 hesabı ilə məğlub olmuşuq. Mən yığmanı tərk etməmişəm ki?! Məni tərk ediblər. Başda mən olmaqla, bütün komanda ilə zəif oynamışıq. Rəqib yaxşı formada idi. Bizdə isə mövsüm yeni başlamışdı. Bu məğlubiyyətlər normaldır. Çünki rəqiblər arasında fərq çox böyükdür. Fikirləşin, 11 nəfər İngiltərə Premyer Liqasında oynayana qarşı Azərbaycan çempionatında çıxış edən 11 oyunçu mübarizə aparır. Bu gün biz San Marinonu səfərdə 1:0 udub tənqid olunuruqsa, onlara da eyni münasibət göstərilir. Onlar da gözləyir ki, niyə Azərbaycanı 1:0 udursunuz, 5-6 topluq fərqlə yox? Ustalıq səviyyəsi var. Sabah yenə də ola bilər. “Fiorentina”ya klub səviyyəsində 1:5 uduzduq. Hələ nə qədər də imkanları oldu, 5 dənə də vura bilərdilər. Meydanda ustalıq və say fərqi vardı. İndi necə deyək ki, niyə bu hesabla uduzdunuz? Futboldur da, rəqib səni meydanda üstələyir. Ölkə çempionatında kimisə 5:0, 6:0 uduruq. O deməkdir ki, kimsə qovulmalıdır, ya kimsə var gücü ilə oynamır? Bu, tipik ustalıq fərqidir. Olur ki, mübarizə aparırsan, rəqibə əl-qol açmağa imkan vermirsən və qol epizodlarından istifadə edə bilmir. Amma normal nəticə alınır. Üstəlik elə oyunlar da olur ki, rəqib nə epizod yaradırsa, qol olur.
– Sadəcə, o dövrlər bu gün də çox müzakirə olunur. İstər Ukraynaya 0:6, istərsə də Polşaya 0:8 hesablı məğlubiyyətlərdə futbolçuların qəsdən oynamadıqları səbəb göstərilir…
– Ona görə dedim ki, mənim alnım azarkeşlər və millətim qarşısında tər-təmizdir. Mənə ləkə yaxan insanların da hamısı axirət günündə cavab verəcək. Hamı bilir ki, mən Allaha necə inanam insanam. Əgər mən istər milli, istər klub səviyyəsində bir saniyə, bir dəqiqə var gücümlə oynamamışamsa, Allah məni necə istəyirsə, cəzalandırsın. Mən nə deyim? Bunu bir Rəşad olaraq deyirəm: Kimdəsə şübhə qalıbsa, qoy Allah bilsin ki, mən nə vaxtsa meydançada var gücümlə oynamamışam. Bəli, zəif oynamışam, formada olmamışam, oyuna ciddi hazırlaşmamışam, bunlar başqa söhbətlərdir. Belə şeylər ulduz futbolçuların – Messinin, Ronaldunun da həyatında olur. Hər kəs həyatında səhvə yol verir. Amma sənin həyatında 2-3 böyükhesablı məğlubiyyət olursa, onu nə iləsə bağlamaq düzgün deyil. Biz Berti Foqtsun dönəmində səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzandan sonra da söhbətlər başlamışdı. 3 oyun idi uduzurduq. Dördüncü oyun Türkiyəni udduq, qolu da mən vurdum. Heç kim demədi ki, biz bu cür söhbətlər etmişik, haqqınıza girmişik, üzr istəyirik. Bunu heç kim demir. Özünüz görürsünüz ki, komandada necə ab-hava var, hər kəs sevinir. Niyə biz bunun daimi olmasını istəməyək? Bizim 10 həyatımız, mənim 15 karyeram yoxdur. Cəmi bir həyat və bir karyeram var. Mən bunu nəyə xərcləyim? Niyə qəsdən oynamamalıyam? Məqsəd nədir? Nə əldə etmək istəyirəm? Onda belə çıxır ki, vətən xainiyəm?! O vaxt da demişdim. Demişdim ki, siz belə düşünürsünüzsə, deməli, mən vətən xainiyəm. Məni məhkəməyə verin, məni həbs edin. Kimsə çıxıb milli səviyyəsində qəsdən var gücü ilə oynamırsa, o adam vətən xainidir. Bunu sübut etmək, cinayət işi açmaq, həmin adamı futboldan silmək lazımdır. İndi nə var ki, istənilən şəxsə “oğru”, “cinayətkar” deməyə. Dildir, nə qədər istəsən danış. Amma axirətdə hamı bir-bir hesab verəcək.
– Milli çox keşməkeşli, ağır günlər keçirib. Qələbələr də olub, məğlubiyyətlər də…

– Bu mövzuya mənim emosional yanaşmağımı başa düşməlisiniz. Çünki bu, karyeramda ən ağır dövr idi. Təsəvvür elə ki, sənə deyirlər ki, böyük cinayət işlətmisən. Amma sənin heç bundan xəbərin yoxdur. Deyirlər, insanları, ətrafındakılar buna inandırmağa çalışırlar. İnandırırlar, amma sənin bu mövzudan ümumiyyətlə xəbərin yoxdur. Bu hisslə necə yaşayarsan? Səni uzaqlaşdırırlar, futbol oynamağa qoymurlar. Sən bu hisslə necə yaşayarsan? 50 il də keçsə, onu yaddan çıxarmaram. Heç kimə qarşı kin saxlamıram. Amma yüz faiz əminəm ki, qarşı tərəfin səhvi olub. Mənim səhvim o qarşılaşmanı zəif oynamağımdır. “Qarabağ”ın heyətində AZAL-a 2:6 hesabı ilə uduzmuşam. Qəsdən eləmişəm, yoxsa Qurban Qurbanovun torbasını tikmişəm? Qolun 3-ü mənim səhvimdən vurulub. Oyundur, hə, zəif oynamışam, yaxşı hazırlaşmamışam. Amma o demək deyil ki, sən nəyəsə görə, kimisə ləkələyəsən. “Qəbələ” “Neftçi”ni 8:0 udmuşdu. “Qəsdən uduzdular” deyirlər. Amma mən orada olmaya-olmaya deyirdim ki, onlar qəsdən uduzmayıb. Futboldur, sadəcə, həmin gün elə alındı. Çünki özüm bunları yaşamışam. Braziliya Almaniyaya 1:7 hesabı ilə uduzur. Onda qəsdən uduzurdular? Elə şey olar? Sübut varsa, həmin adamı Azərbaycan futbolundan kəsib atmaq, əks halda, belə söhbətləri yığışdırmaq lazımdır. Danışmağa nə var ki?! Bilmirəm nə məsələ idi, amma axirətdə hər kəs cavab verəcək. Bir daha deyirəm: And olsun Allaha, mənim millətim və azarkeşlərim qarşısında alnım açıqdır. Şərəfimə and içirəm ki, bu, belədir. Axirətdə hər şey bilinəcək.
– O məğlubiyyətlərdən sonra əsas nəzərlərin Sizin üzərinizə yönəlməsinə kapitan və aparıcı oyunçu olmağınız səbəb olmuşdu…
– Kimlər üçünsə ola bilər ki, həyatda mənəviyyat önəmli deyil. Amma mən bunlara ömür boyu önəm vermişəm. Bunlar üçün yaşamışam. Elə bil hərəkət etmirəm ki, sabah komanda yoldaşımın üzünə baxanda utanım. Millətimə qarşı bu cür hərəkət edəcəyəm? Məni yandıran o olub. Amma olan olub, keçən keçib, illər ötüb. Yaddan çıxarmışam, üstündən keçmişəm. Çünki səhv məndə yox, qarşı tərəfdə olub. Kimdə olub, necə olub, kim kimə təzyiq göstərib, dəqiq bilmirəm. Yüz variant ola bilər. On cür versiya deyən adam olub. Nə bilim, biri deyir: “Paltardəyişmə otağında olub”. Paltardəyişmə otağında olan 18 nəfərdən biri gəlsin, mənə desin, vəssalam, futbolla qurtarıram, həyatla qurtarıram. Biz bu həyatı şərəfsiz olmaq üçün yaşamadıq.
– Konkret Sizə qarşı ittiham irəli sürən yoxdur…
– Amma o, mənim karyeramın ən yaralı yeridir.
– Razısınızmı ki, bu gün Azərbaycan futbolçuları arasında lider sizsiniz?
– Yox, 3-4 lider futbolçu var. Yaşıma, oyun praktikama görə, ola bilər, kimdənsə təcrübəm çoxdur. Amma o vaxtlar mənim 22 yaşım vardı.
– Milli hazırda yüksəlişdədir. 4 oyuna 7 toplasanız da, axırıncı oyunda Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyət komandaya necə təsir etdi?
– Problem budur. Futboldur, ola bilər ki, kiməsə böyük hesabla uduzaq. Amma bu gün yığdığımız xal yaxşıdır. Yəni, burada 1:0 da, 5:0 da udsan, xal durumu dəyişmir – yenə 3 xal veriləcək. Bizə iki oyunda 1:0 udmaq lazımdır, nəinki 0:1 hesabı ilə uduzmaq. Almaniya çox ciddi rəqibdir. Bu xallar da bizə çox böyük kömək edəcək. Evdəki oyunda rəqib tələsəcək. Məsələn, “Fiorentina”ya 1:5 uduzduq, oturaq ağlayaq? Artıq o kitab bağlandı və qarşıdakı oyunlara baxmaq lazımdır. Bu gün bizdən çox bunu istəyən yoxdur. Bu gün bizim komandadan, məndən çox bunu istəyən yoxdur. Aydın məsələdir ki, nəyə görə istəyirəm. Dayanmaq yox, davam etmək lazımdır. Qarşıda bizim oyunlarımız var. Onlara baxmaq lazımdır. 

– Bu istək Sizi 4 oyunu Bakıda keçiriləcək 2020-ci il Avropa çempionatınadək yığmada çıxış etməyə sövq etmir?

– Hazırda sırf 2018-ci il dünya çempionatının seçmə tsikli barədə düşünürəm. AVRO-2020-də 37-38 yaş olacaq. Kim istəməz ki, evdəki Avropa çempionatında oynamasın?


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43