Ölkə futbolu

Rəşad Sadıqov məşqlərə başladı

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov məşqlərə başlayıb.

İdmanxəbər.com-un məlumatına görə, bu barədə futbolinfo.az saytına 34 yaşlı müdafiəçi özü məlumat verib.

Millimizin kapitanı müalicəni yarımçıq saxladığını bildirməklə yanaşı, Avropa Liqasının qrup mərhələsinin son matçında İtaliya “Fiorentina”sına qarşı oynayıb-oynamayacağının məlum olmadığını söylədi: “Almaniyada müayinədən keçdikdən sonra 6 həftəlik müalicə kursu yazdılar. Münhendə hər həftə bir iynə vurulmalı idi. Lakin 4-cü həftədən sonra müalicəni dayandırdım. Maksim Medvedevin “Fiorentina”ya qarşı oynamayacağı müəyyənləşdikdən sonra belə bir qərar verdim. Üç gündü yüngül qaçışlara start vermişəm. Uzun müddətdi məşq etmirəm. İtaliya təmsilçisinə qarşı oyuna hələ 10 gün var. İnşallah, ağrılar baş qaldırmaz və komandama kömək edə bilərəm. Ancaq indiki vəziyyətdə qəti bir söz demək mümkünsüzdü”.

Təcrübəli futbolçu diz bağlarından aldığı zədənin müalicəsinin davamının nə vaxt gələcəyinə dair sualımızı da cavablandırdı: “Əgər ağrılar yaranmasa, deməli, əsas təhlükə sovuşdu və may ayına qədər oynamaq olacaq. Sonra isə müalicəmi bərpa edəcəm”.

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” qarşılaşması dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43