İdman

Rəşad Sadıqov milliyə baş məşqçi olacağı haqda danışdı: “Cekonun qarşısını kəsə bilsəydim daha “Qarabağ”da yox, “Mançester Siti”də oynayardım”

Robert Prosineçkinin millimizdən gedəcəyi haqda söz-söhbətlər dolaşarkən, bir yandan da yığmadakı karyerasını başa vuran, “Qarabağ”ın hazırkı kapitanı Rəşad Sadıqovun onun yerinə təyin olunacağı məsələsi də gündəmdən düşmür.

İdmanxeber.com-un məlumatına görə, hazırda “Qarabağ”ın U-19 komandasının baş məşqçisi olan 35 yaşlı futbolçu bunun çətin və məsuliyyətli iş olduğunu söyləyib: “Hələ Robert Prosineçkinin qalıb-gedəcəyi bilinmir. Hazırda yalnız “Atletiko” ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxırıq”.

Sadıqov Azərbaycan futbolundakı problemlərə də toxunub. O, deyib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: “Daha doğru analiz aparmaq lazımdır. “Roma” ilə görüşdə Edin Cekonu “ikinci mərtəbə”də saxlaya bilsəydim, daha “Qarabağ”da deyil, “Mançester Siti”də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır”.

Qeyd edək ki, Rəşad Sadıqov Çexiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan yığması ilə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43