Müsahibə

Rəşad Sadıqov: “SOCAR bizə pulsuz benzin vermir” – MÜSAHİBƏ

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun idmanxeber.com saytına müsahibəsi.

– Rəşad oyun haqda nə deyərdin? Səncə, azarkeşlər əsl derbi izləyə bildilərmi?

– Derbiyə layiq oyun oldu. Sonda şükürlər olsun ki, qələbə qazandıq. Qarşıda hələ  bizi uzun marafon gözləyir. “Neftçi”, elə “Qəbələ” də asan rəqiblər deyil ki,onlardan uzaqlaşasan.

– Vüsal Əliyevin idarəçiliyində ciddi səhvlər olmadı ki?

– Hakimlik normal idi. Oyundan əvvəl, biz, həm Sadiqov,  həm də mən hakimə “kiməsə simpatiya bəsləməmə, kim layiqdirsə, o da qələbə qazansın” dedik. Oyunun nəticəsinə təsir edən səhv olmadı, sadəcə  mərkəzdə səhvləri var idi,  Vüsalın özü də fasilədə bir neçə səhvinin olduğunu etiraf etdi.

– Penalti epizodunda Mahir Şükürovla aranızda mübahisə yarandı. Nə məsələ idi?

– Elə də ciddi şey deyildi. Sadəcə Namiq Yusifovu topla arxadan vurdular, onu müzakirə edirdik.  Hardasa, aramızda anlaşmazlıq olmuşdu,  məsələni zarafatla sonlandırdıq.

– Artıq “Qarabağ”ı qış çempionu hesab etmək olar?

– İndidən qış çempionu olduğumuzu demək çətindir, qarşıda iki çətin oyun var.  “Bakı” ilə oyuna ciddi itkilərlə çıxacağıq, mən bu gün 4-cü sarı vərəqəmi aldım və qarşıdakı oyunu buraxmalı olacam. Rəqiblərlə xal fərqimiz elə də böyük deyil ki, indidən deyək ki, qış çempionuyuq. Hər itirilən xal mühüm rol oynayır.

– Flavinyonun bağışlanması sizi oyuna daha da motivasiya etdi?

– Belə oyunçuların derbidə olmaması oyuna marağı azaldır. Mən tərəfdaram ki, bu cür oyunlarda komanda tam heyətlə oynasın. Flavinyonun bağışlanması bizə problem yaratmadı, o güclü futbolçudur, ona qarşı oynamaq çətin olur.

– Mahir Şükürovun son açıqlamasında benzinin bahalaşması ilə bağlı demişdi ki, SOCAR pulsuz benzin verir. Bu barədə nə deyə bilərsən?

– Mahir Şükürov zarafatcıl oğlandır. Yox, SOCAR bizə pulsuz benzin vermir. Hələ “Neftçi”də oynayanda da sponsorumuz SOCAR idi, amma onda da pulsuz benzin verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43