Ölkə futbolu

Rəşad Sadıqov: “Şükür Allaha ki, erməniləri hər mənada qabaqlayırıq, amma futbolda…” – MÜSAHİBƏ

“Qarabağ”ın və Azərbaycan milli komandasının üzvü Rəşad Sadıqovun  müsahibəsi
 
-Seçmə mərhələ çərçivəsində keçirilən İsrail- Azərbaycan oyununu qısaca necə xarakterizə edərdin?
-Oyun baxımından çox  baxımlı oyun oynamasaq da mübarizə baxımından yaxşı mübarizə sərgilədiyimizi düşünürəm. Adətən səfər oyunlarında komandada qorxu hiss olunur. Amma bu dəfə İsrail səfərində qorxu hiss olunmadı. Uşaqlar yaxşı, inamlı mübarizə apardılar. Digər səfər oyunları ilə müqayisə etsək , bu oyunda rəqibə daha az qol imkanları yaratdıq. Ancaq ümumulikdə, stadionda sona qədər mübarizə aparan və özünə inan Azərbaycan yığması var idi. Əsasən, bizdə ilk yarıda bəzi səhvlər və çatışmazlıqlar oldu. Ancaq düşünürəm ki, belə səfərlərdən sonra təcrübəmiz daha da artacaq həm oyun baxımından, həm də nəticə baxımından yaxşı oyunlar nümayiş etdirəcəyik.
 
-Matçdan sonra keçirilən mətbuat konfransında Berti Foqts komandanın ümumilikdə 20-25 dəqiqə oynadığını dedi. Necə fikirləşirsən, qalan 65-70 dəqiqə ərzində komanda meydanda nə işlə məşğul oldu?
– Yox, ümumiyyətlə, Berti Foqts çox tələbkar məşqçidir. Onu çox nadir hallarda razı salmaq olur. Hətta bəzən razı olanda da öz razılığını gizlədir, bunu biruzə vermir. Bunun əksinə futbolçuları daim tənqid edir ki, daha yaxşı oynasınlar və oyun səviyyələrini yüksəltsinlər. O ki, qaldı bu oyuna o, ikinci hissəni nəzərdə tutub. Yəni 20-25 dəqiqə ərzində daha yaxşı oynadıq. Matçdan sonra Foqts özü də bizim yaxşı mübarizə apardığımızı ancaq istənilən səviyyədə oynamadığımızı dedi.
 
-Bəs, ümumi şəkildə Azərbaycan yığmasının Berti Foqtsla keçirdiyi illəri nəzərdən keçirsək, komandanın oyun səviyyəsində, yüksəlişində  hansı elementleri görmək olar?
-Mənə elə gəlir ki, belə şeylərə elə qıraqdan baxanlar daha yaxşı qiymət verə bilər. Berti Fotqs şəxsən mənim uzun illərdir bir yerdə  işlədiyim  məşqçidir. Məşqçi mənə çox inanır və bu inamını da mənə həmişə hiss etdirir. Fikirləşirəm ki,  bu məşqçi ilə işləmək daha rahatdır. Ancaq  o, bir az bizim millidə çətinlik çəkə bilər. Çünki bizdə mentalitet bir qədər fərqlidir, milli çempionatımız başqadır. Ola bilər əvvəllər öyrəşdiyi mühitdə deyil. Çünki qabaq Almaniya yığmasını, Şotlandiya millisini çalışdırıb. Bizə baxanda həmin ölkənin futbolçuları daha peşəkardılar və işlərinə daha ciddi yanaşırlar. Bizdə baxırsan ki, bəzən futbolçuların gözlənilməz problemləri ilə qarşılaşır. Hərdən elə olar ki, yığmanın bəzi aparıcı futbolçuları gəlir və boş-boş zədələri olur və ya yersiz bəhanələr gətirirlər. Oyunlara istənilən səviyyədə hazırlaşmırlar. Bu da sonda nəticəyə də, oyuna da təsir edə bilir.
 
– Futbolçuların bu cür qeyri –peşəkar davranışları Berti Foqtsa qarşı etiraz əlamətidir ya necə?
– Yox, bu etiraz əlaməti deyil, sadəcə olaraq bizim bəzi  fiutbolçuların xasiyyətidir. Çünki biz cavan futbol ölkəsi sayılırıq. İndi- indi hər- hansı bir nəticələr əldə etmək uğrunda mübarizə aparırıq. Daha əvvəllər Sovet futbolu anlayışı var idi futbolumuzda, amma indi vəziyyət bir qədər dəyişir və ölkəmizə gələn Berti Foqtslar, Con Toçaklar və Yuri Syominlər futbol anlayışımızı dəyişdirmək uğrunda işlər görürlər. Ola bilər, bu görülən bəzi işlərin çətinliyi bəzi futbolçulara bir qədər ağır əlir. Ancaq bu da dəyişir yavaş-yavaş. Biz də inkişaf edəcəyik, yaxşı nəticələr əldə edə biləcəyik. Necə ki, Türkiyədə bu inkişaf 10-15 ilin içində alındı. Bizdə də zamanla bu alınacaq. Bundan əlavə bizim daha bir problemimiz oturaq heyətlə oynaya bilməməyimizdir. Bunun da səbəbi klublarımızda aparıcı futbolçuların legionerlərdən təşkil olunmasıdır. Yerli futbolçularımız bəzən daimi olaraq əsas heyətə düşə bilmirlər öz klublarında . Ona görə də yığma olaraq bir qədər daimi heyət formalaşdırmaq çətin olur. Bunun da çarəsi futbolçuların daha məsuliyyətli və istəkli oynamaları ola bilər. 
 
-Necə düşünürsən, hazırda millimizin heyətində kiminsə yerini tutan futbolçu varmı? Yəni həmin futbolçunun yerində başqası  Foqts  tərəfindən heyətə cəlb olunsaydı, daha məqsədəuyğun olardı?
-Bu tendensiya hər bir ölkədə var. Əsas heyət uğrunda futbolçular arasında daim mübarizə gedir və getməlidir də. Kimsə oynayır, kimsə qıraqda oturur. Dünyanın aparıcı futbol ölkələrində də bu belədir. Məsələn ,İspaniyada Valdez oturur, Kasilyas oynayır. klubda isə tam fərqli situasiya mövcuddur. Həm də ki, hər məşqçinin öz oyun fəlsəfəsi var və elə buna görə də məşqçilər özləri bu fəlsəfələrinə əsasən futbolçu seçib milliyə çağırırlar. Hər bir məşqçinin də seçiminə qıraqdan baxıb müdaxilə etmək olar ki, filankəsi oynatma, filankəsi oynat.
 
-Berti Foqts Azərbaycan çempionatını yaxından izləyirmi?
– Millinin toplanışlarına gələndə o bizim oyunlarımız haqqında məlumat verir. Yəni futbolçulara bir-bir deyir ki, sən filan oyun belə oynadın. Məsələn, bir də görürsən ki, mənim oyunlarım barəsində də fikir bildirir. Deyir ki, bu oyunda yaxşı oynadın və 3 dəqiq pas ötürdün və ya səhv etdin hardasa. Bütün bunları nəzərə alsaq, onda düşünmək olar ki, o bizim çempionatı hər hansı yolla da olsa, izləyir, maraqlanır. İndiki dövr də elədir ki, bunu etmək üçün çox şərait var. Videoyazılar olsun , internet olsun və s.
 
-Son oyunda Rahid Əmirquliyevin  uzaqdan  vurduğu qol fərdi ustalığın göstəricisi idi ya, düşünülmüş komanda oyununun məntiqi nəticəsi idi?
-Ümumiyyətlə, futbolda vurulan qolların 90 faizi fərdi ustalıqdan alınır. Fərdi ustalıq olmasa, qol vurmaq da çətin olar . Elə götürək, “Barselona”nı. Messi komandanın yarıdan çoxudur və o, fərdi ustalığı sayəsində 2-3 müdafiəçini aldatmaqla və ya güclü zərbə endirməklə qapıya yol tapır. Onunla yanaşı təbii ki, komanda oyunu da olmalıdır. Mən fikirləşirəm ki, biz bundan da yaxşı oynaya bilərik. Uduzsaq da, topla yaxşı oynamaq mümkündür.
 
-Ermənistan yer aldığı qrupda 3 qələbə qazanıb. Danimarka və Çexiya kimi güclü futbol komandalarını səfərdə məğlub edib və 9 xal qazanıb. Onlarla özümüzü müqayisə edəndə biz deyirik ki, daha yaxşı futbol şəraitimiz var. Bəs, necə olur ki, onlar belə güclü rəqibləi məğlub edir biz isə Lüksemburq kimi komandalarla bacarmırıq?
– Bəli, bu acı bir nəticədir ki, onlar iki dəfədir qrupda yaxşı oyun göstərirlər, normal xallar toplayırlar. Ancaq buna baxmayaraq,şükürlər olsun Allaha ki, biz hər mənada, hər sahədə onları qabaqlayırıq. Sadəcə olaraq, bu futbolda bir qədər başqa amillər də var. Baxırsan ki,onların heyətində hücuma meyilli Mxitaryan kimi futbolçu var. Təəssüflər olsun ki, bizim heyətdə hələ ki, belə ustalıq səviyyəsinə malik olan əsasən də hücum qura biləcək futbolçular yoxdur. Əgər İsrail ilə oyunda bizim heyətdə iki belə futbolçu olsaydı , biz oradan 3-0 -lıq bir qalibiyyətlə dönərdik. Bizim heç bir klubumuzda yerli play-maker yoxdur. Ancaq belə baxanda onlar bizdən daha çox məğlub olublar. Bizim 3 məğlubiyyətimiz var, onların 5. Sadəcə olaraq onların qələbəsi bizdən artıqdır. 
 
-Növbəti turda  Premyer Liqada  “Qarabağ” “Rəvan”la qarşılaşacaq. Ümumilikdə, bu ilki mövsümdən nə gözləyirsən?

Bizim çempionatdakı mübarizə il-ildən yaxşı mənada çətinləşir. Klublar güclənir. Mən Pantiçli “Bakı”nı,Syominli “Qəbələ”ni, Vaqif Sadıqovlu “Azal”ı xüsusi ilə qeyd etmək istəyiəm ki, həmin məşqçilər və klublar doğurdan da inamlı işlər görürlər. Bu il də oyunlar çox çətin olacaq hər bir komanda üçün və eləcə də “Rəvan” qarşılaşması da gərgin keçəcək.

 

Qafqazinfo.az

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43