Ölkə futbolu

Rəşad Sadıqov: “Topu uzaqlaşdıra bilmədiyimə görə ömrümün sonuna kimi özümü günahkar sayacam”

Millimizin kapitanı Rəşad Sadıqov Norveçlə oyundan sonra azərbaycanlı jurnalitslərə müsahibə verib. İdmanxeber.com həmin müsahibəni sizə təqdim edir:
 
– Rəşad, milli komanda niyə Norveçə uduzdu, hər şey niyə belə alındı?
– Belə məğlubiyyətdən sonra danışmaq çətindir. Matça pis başlamamışdıq. Çox yaxşı çıxış etməsək də, rəqibə oynamaq imkanı vermir, meydanda boşluqlar buraxmırdıq. Oynamaq imkanı verdikdə isə norveçlilər hücumlarını uzaqdan zərbələrlə tamamlayırdı. İlk hissədən sonra paltardəyişmə otağında söhbət oldu. Baş məşqçi Robert Prosineçki bizi motivasiya etdi. İkinci hissədə daha açıq futbol oynamağa başladıq. Bu tip rəqiblərlə açıq oynadıqda istər-istəməz müdafiədə və yarımmüdafiədə boşluqlar verirsən. İkinci hissədə rəqibə o qədər də təzyiq göstərə bilmədik. Nəticədə cərimə meydanımızın yaxınlığında boşluqlar yarandı. Bununla belə, fürsətlərdən daha yaxşı yararlansaydıq, buradan bəlkə də xalla ayrıla bilərdik. Rəqibin də qol imkanları var idi. Ümumilikdə oyun haqda nəsə deməkdə çətinlik çəkirəm. 
 
–  Sənə elə gəlmir ki, “Qarabağ”ın futbolçularında sanki bir qədər yorğunluq var idi?
– Niyə siz yalnız “Qarabağ”ın futbolçularında deyirsiniz? 
 
– Çünki hər iki qolda “Qarabağ”ın futbolçuları həlledici rol oynadı…
– Problem ondadır ki, biz yalnız son nöqtəyə baxırıq. Hamı deyir ki, avtoqol oldu. Amma o qoladək nələrin baş verdiyini demirik. Cərimə meydançasında topa həmlə edirdik. Hər şeyi daha detallı analiz etmək lazımdır. Təbii ki, rəqib hücumlara çıxırsa və bizi paramparça edirsə, son mövqedə bizik. Axırda daş bizim – ya mərkəz müdafiəçilərinin, ya da qapının başında çatlayır. Bu oyunda da elə alındı ki, mərkəz müdafiəçiləri ön planda oldu. Həmlə etmirsən, qapından qol keçir, həmlə edirsən, qapı ilə arandakı bir-iki metrlik məsafədə istər-istəməz ani texniki səhv qapına vurulan qolla nəticələnir. Ümumiyyətlə, millidən danışanda “Qarabağ”, “Qəbələ”, “Neftçi” və ya digər komandanın futbolçuları mövzusuna yer verməmək lazımdır. “Qarabağ”ın futbolçuları meydanda sonadək mübarizə apardılar. Amma ola bilsin, hardasa texniki səhvlər oldu. Nəsə alındı, nəsə alınmadı. 
 
– “Qarabağ”ın futbolçuları yaxşı oynayanda tərifləyirik. Tərifi qəbul etdiyiniz kimi tənqidlə də qəbul etməlisiniz…
– Bu gün milli komandanı tənqid ediriksə, bunu qəbul edirəm. Amma sırf “Qarabağ”ın futbolçularını ayırırmağınızla razılaşmıram. Millidə olduğum vaxt mənə “Qarabağ”dan sual verəndə qəbul edə bilmirəm. Biz burada millinin futbolçusuyam. Nə səhv edirəmsə, bu forma altında edirəm. Sabah yaxşı oynadıqda bunu “Qarabağ”ın futbolçularının ayağına yazmağın tərəfdarı deyiləm. Yaxud nəticə olduqda “Qarabağ”ın futbolçuları çoxluq təşkil edirdi” fikirlərinə qarşıyam. Yaxşı da, pis də millinin futbolçularının ayağına yazılır. Biz “Qarabağ”dan əvvəl yığmanın futbolçularıyıq
 
 
– Norveçə qarşı oynadığımız son dörd oyun arasında ən zəif oyunumuzu oldu. Bunu qəbul edirsən?
 – Həmişə qol oyunun gedişatına təsir edir. Biz Norveçə qarşı oynadığımız oyunlarda kompakt şəkildə müdafiə olunmuşuq. Bu gün də elə başladıq. Sadəcə, ilk qolu buraxaraq hesabda geri düşdükdən sonra açılmağa başladıq və bundan da sonra ardıcıl səhvlər etdik. Norveç kimi, heyətində yüksək səviyyəli çempionatlarda oynayan futbolçulara malik komandaya qarşı da bu halda oynamaq çətin olur. Bəlkə də 10 il bundan qabaqkı vaxtımız olsaydı baş məşqçi yenə meydançaya müdafiəçi buraxacaqdı yenə hesabı qoruyacaqdıq axırda da deyəcəkdik ki, rəqibə qol şansı vermədik filan. Amma bu gün sevindirici haldır ki, milli təslim olmur, nəticə qazanmaq istəyir, baş məşqçi də futbolçulardan qabağa gedib qol vurmağı tələb edir. Bu halda ad təbii ki, boşluqlar verəcəyik. Biz, bu sürətdə futbol oynamırıq. Bizim çempionat oyunları bu sürətlə getmir, Azərbaycan  çempionatında bu cür hücumçulara qarşı oynamırsan. Bəlkə də hələ Çempionlar Liqasında da bu cür hücumçulara qarşı oynamamışıq. Norveç yaxşı komandadır, amma özünüz də gördünüz ki, qola kimi onlara boşluq vermirdik. Çünki sıx müdafiə olujnurduq. Amma qoldan sonra cərimə meydançamıza daha rahat daxil olmağa başladılar.
 
– Bu gün  həm də artıq “Qarabağ”ın futbolçusu sayılan Tarik El Yunussi qarşı oynadınız. Yeni komanda yoldaşının oyunu haqda ilkin təəssüratların…
 – Sözün düzü bu dəqiqə “Qarabağ” haqqında nə isə danışmaq istəmirəm. Transfer olunub, xeyirli olsun. Heç mən özüm də bilmirdim, bir az olar eşitdim. Düzü bu dəqiqə mənim üçün önəmli də deyil.
 
– San Marino ilə oyunda Bədavi Hüseynovun yoxluğu nə dərəcədə hiss olunacaq?
 – Əslində bizim bütün problemlərimiz Şimali İrlandiya ilə oyundan başlayıb. Təlim-məşq toplanışına gələndə də komandada əvvəlki ruh yüksəkliyi yox idi. Hamıda ruh düşkünlüü var idi. Şimali İrlandiyaya məğlubiyyət bizə böyük zərbə oldu. Əminəm ki, biz həmin oyunda məğlub olmasaydıq, bu gün Norveçə qarşı tamam başqa oyun oynayacaqdıq.  Halbuki o oyuna kimi qrupdan çıxmaq şansımız var idi. Bədaviyə gəlincə, millimizdə digər layiqli futbolçular da var və ümid edirəm ki, onlar Bədavini layiqində əvəzləyəcək. Çox istəyirik ki, San Marinoya qalib gələk və Allahın izni ilə qələbə qazanıb xal sayında rekord nəticə əldə etmək istəyirik. Qrup oyunları yeni başlayanda tamam başqa şeylər hada düşünürük, amma indi ən yaxşı halda 3-cü pillə haqda düşünə bilərik. Sona qədər mübarizı aparmaq lazımdır.
 
– Dedin ki, hər şey Şimali İrlandiya məğlubiyyətindən sonra başladı. Bəs həmin dövrlərdə Prosineçkinin milli komandada gedəcəyi, “Bursaspor”la razılığa gəldiyio haqda yayılan məlumatlar necə, millinin nəticələrinə təsir etdi?
 – Futbolun içində olan şeylərdi. Futbolçuya da təkliflər olur, məqşçiyə də. Bu gün fakt odur ki, baş məşqçi bizimlədir, komandasının başındadır. Gələcəkdə nəyin necə olacağını isə öncədən heç kim deyə bilməz. İnanmıram ki, o söhbətlərin Prosineçkinin millidəki işinə təsiri olsun.
 
– Yəni Prosineçkidə heç bir dəyişiklik yoxdur və əvvəlki Prosineçkidir?

– Bəli, bəli həmin istəkli Prosineçkidir və həmişəki kimi bizdən qələbə istəyir. Məğlub olanda da futbol oynayıb məğlub olmağımz istəyir. Sadəcə, biz futbolçuların səviyyəsi budur. Konkret olaraq Şimali İrlandiyaya məğlubiyyərdən danışırıqsa, həmin məğlubiyyəıtə görə mən özümü günahkar sayıram. 92-ci dəqiqədə topu cərimə meydançasından uzaqlaşdıra bilmədiyimə görə ömrümün sonuna kimi özümü günahkar sayacam. Çünki qrupdan çıxıb dünya çempionatına qatılmağı hamıdan çox mən istəyirdim. Amma 92-ci dəqiqədə topu cəriməmeydançasından uzaqlaşdıra bilməməklə şanslarımızın üstündən də xətt çəkdik. Əgər günahkar axtarırıqsa, birinci günahkar mənəm.

Rekord.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43