Kateqoriyasız

Rəşad Sadıqovun çəkindiyi məqam: “Xəzər Lənkəran” qələbə üçün “alışıb-yanır”

"Xəzər Lənkəran"la sabahkı oyunumuz maraqlı və gərgin keçəcək. Ancaq deyim ki, "Xəzər Lənkəran" daha istəkli olacaq. Çünki onlar çempionata uğursuz başlayıblar və qələbə üçün "alışıb-yanırlar".  "Xəzər Lənkəran"ın heyətində oyunun taleyini həll edə biləcək Nildo, Tounkara, Benuahi kimi oyunçular var. Bizə çətin olacaq".

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında "Qarabağ"ın aparıcı üzvü Rəşad Sadıqov deyib.

Ağdam klubunun kapitanı heç-heçəni belə uğurlu nəticə sayacağını bildirib:

"Sabahkı oyunda heç-heçə də, bizim üçün pis nəticə sayılmayacaq. Onların çox güclü hücum xətti var. Biz isə hücum futbolu oynayan komandayıq və bizim üçün bu yaxşı olmaya bilər. "Neftçi", "Qarabağ" kimi komandalar hücum futbolu oynayırsa bu digərləri üçün yaxşı amildi. Çünki onlar hücum futbolu oynayan komandaların qapısına qol vurmaqda çətinlik çəkməyə bilərlər. Buna görə, əks hücumlarda yaxalana bilərik. Məhz bu üzdən heç-heçə də pis olmaz".

Təcrübəli müdafiəçi daha sonra Avroliuqadakı "Ayntraxt" ilə oyuna da toxunub. Sadıqov əsas oyunun məhz "Xəzər Lənkləran"la olduğunu və almanlarla həlledici oyuna güclərini saxlamayacaqlarını açıqlayıb:

"Biz "Ayntraxt" oyununu düşünüb, "Xəzər Lənkəran"la matçı qurban verə bilmərik. Düzdü, o daha əhəmiyyətli oyundu. Ancaq, hələ o vaxta var. Biz sabahkı oyunda da bütün gücümüzü meydana qoyacağıq".

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43